İki oğlu Vətən Müharibəsi iştirakçısı olan ana danışır

saytların hazırlanması

Evə çatdırılma

İki oğlu Vətən Müharibəsi iştirakçısı olan ana danışır

Maraqlı

03 Avqust 2023 18:01 2141


İkinci Vətən Müharibəsindən az sonra şəhidlik məqamına ucalan Vətən sevdalılarımızdan biri də bərdəli peşəkar hərbçi, hərbi polis-taqım komandiri, Gizir Elvin Ramiz oğlu Cəfərzadədir. 

O Ramiz Cəfərzadə ki, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub.

O Ramiz Cəfərzadə ki, ailənin üç övladından, evin üç oğlundan biri kimi İkinci Vətən Müharibəsinə qatılıb. Digər peşəkar hərbçi qardaşı ilə birlikdə Vətənin keşiyində dayanıb hərbi polis-taqım komandiri, gizir kimi. Dördpendirli pizza

O Elvin Cəfərzadə ki, müharibədən az sonra Ali Baş Komandanın sərəncamları ilə Vətən qarşısında xidmətlərinə görə iki medalla təltif olunub.

O Elvin Cəfərzadə ki, müharibədən az sonra, 2021-ci ilin yanvar ayının 24-də, cəmi 25 yaşında iş başında, xidmətdə olarkən ürəktutmasından dünyasını dəyişib. O Elvin Cəfərzadə ki, tabutu Azərbaycanın müqəddəs üç rəngli bayrağına bükülərək yüzlərlə hərbçinin, hərbi polisin, minlərlə insanın müşayiəti ilə şəhid kimi Bərdə rayonunun Mirzəxan kəndində əbədiyyətə uğurlanıb. Ailəsinə də onun şəhid olduğu deyilib.

Məzarı üzərində də şəhid olduğu qeyd edilib. Ancaq üstündən iki ildən çox vaxt keçməsinə, dərdli, yaralı Cəfərzadələr ailəsinə dəfələrlə sözlər, vədlər verilməsinə baxmayaraq, hələ də Elvin Cəfərzadənin şəhidlik haqqı tanınmayıb.

İki ildən çoxdur ki, Elvin Cəfərzadənin şəhidlik haqqının tanınması, bərpa olunması üçün ailəsi, övlad itkisi yaşayan, bala dərdindən saçları dümağ ağaran anası Şərqiyyə xanım yollarda, qapılarda qalıb. Və qeyd etdiyimiz kimi, hər dəfə də eyni sözlər deyilib, vədlər verilib. Amma ortada isə heç bir nəticə yoxdur. 

Bu isə iki övladı İkinci Vətən Müharibəsi iştirakçısı olan, bir övladı hələ də Vətənin keşiyində dayanan Cəfərzadələr ailəsini çox üzür, çox yaralayır, çox incidir.

Şəhidin anası Şərqiyyə xanımın dediklərindən:

“Elvin mənim üç övladımdan, üç oğlumdan biri, evimizin sonbeşiyi idi. Kiçik övladım olsa da, sanki bir ağsaqqal idi. Təmkiini, oturuşu-duruşu ilə seçilirdi, fərqlənirdi. Başqa bir oğul idi. Aprel döyüşlərində iştirak etmişdi. İkinci Vətən Müharibəsində də digər hərbçi oğlumla birlikdə-amma ayrı-ayrı istiqamətlərdə Vətənin keşiyində dayanmışdı. Həmin vaxtlar onun nələr yaşadığını bir özü, bir ana kimi mən, bir də gözəl Allahımız bilir. Dəfələrlə ölümlərdən dönmüşdü. Müharibədən sağ-salamat qurtulsa da, amma fələk, müharibədə yaşadığı stresslər, aldığı travmalar balamı yaşamağa imkan vermədi. 2021-ci ilin yanvar ayında xidmətdə, iş başında olarkən ürəktutmasından dünyasını dəyişdi, cəmi 25 yaşında…Bütün arzuları, arzularımız gözümüzdə qaldı…Balama toy da edə bilmədik, toysuz köçdü bu dünyadan…Hamı, bütün kənd, Bərdə şahiddir ki, balam şəhid kimi dəfn olundu, torpağa tapşırıldı, bizə onun şəhid olduğu deyildi…Özünüz də bilirsiniz ki, şəhidin dəfni ilə sıravi insanın, lap hərbçinin dəfni tam fərqli, ayrı cür olur…Balam da məhz şəhid kimi dəfn olundu…

Müharibədən sonra neçə-neçə şəhidimiz olub ki, onların da şəhidlik haqqı gec də olsa, tanınıb…Belə olan halda, niyə balamın da şəhidlik haqqı tanınmır, bərpa olunmur? Aidiyyatı qurum və şəxslərə üzümü tutaraq, xahiş və tələb edirəm ki, balamın şəhidlik haqqını tanısınlar, onun ruhunu az da olsa, sevindirsinlər…Hətta hər şeydən-sığorta pulundan, şəhidə görə ailəsinə verilən müavinətdən də yazılı şəkildə imtina etməyə razıyam… Mənə, bizə heç nə lazım deyil, təki balamızın Haqqı bərpa olsun!”

A.Zeynalov 

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!