"Azərbaycanda turistlərin ən çox maraq göstərdiyi milli park Göygöldür".
"Yeni Sabah" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması departamentin direktoru Hikmət Əlizadə deyib.
O bildirib ki, Göygöl Milli Parkı yeni açıldığı zaman - bir turizm mövsümü ərzində həmin parkı 180-200 min nəfər ziyarət edib: "Ancaq digər milli parkların da imkanları Göygöl Milli Parkından geri qalmır. Son bir il ərzində bununla bağlı apardığımız təbliğat işlərinin müəyyən səmərəsi olub".
H.Əlizadə deyib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Ağgöl Milli Parkına gedən ziyarətçilərin sayı 9, Şahdağ Milli Parkına gedənlərin sayı 3, Hirkan Milli Parkına gedənlərin sayı 2, Abşeron Milli Parkına gedənlərin sayı 2 dəfə artıb: "Lakin bu göstərici qaneedici deyil".
Nazirlik rəsmisi vurğulayıb ki, hazırda "Qırmızı kitab"a 223 növ heyvan, 300 növ bitki adı daxil edilib. Hazırda Şirvan Milli Parkında 9 min ceyran var.
O əlavə edib ki, Azərbaycanda turizm şirkətləri Milli Parklarla işləməyə maraq göstərmirlər: "Bunu da şirkətlərin kommersiya maraqları ilə izah etmək olar".
Telegram kanalımız