Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Milli Məclisdə bitərəf deputatların təmsilçiliyə qarşıdır.
Yenisabah.az xəbər verir ki, o Unikal.org-a müsahibəsində deyib ki, ən yaxşı halda bitərəflərin sayına məhdudiyyət qoyulmalıdır. “Mən təşəbbüslə çıxış etmişdim ki, bitərəflərin parlamentdə nə işi var. Bitərəflər ümumiyyətlə olmamalıdır. Hansı bitərəfi hansı partiya nüfuzlu sayırsa, mütəxəssis kimi qəbul edirsə ki, onun parlamentdə olmağına ehtiyac var onu öz namizədləri sırasında verməlidir.
Tutaq ki, Yeni Azərbaycan Partiyası 85 dairədə namizəd irəli sürəcəksə, onun 15-i – onu da çox qoymaq olmaz - bitərəflər ola bilər”, -deyə BAXCP sədri bildirib. pizza mizza
Siyasi şərhçi Azər Rəşidoğlu Yenisabah.az-a bildirib ki, bu doğru yanaşma deyil: “Mən düşünürəm ki, proporsional seçki sistemi bərpa edilməli və seçkidə qalib gələn partiya hökuməti formalaşdırmalıdır. Lakin bunun üçün referendum keçirilməli və qanun dəyişməlidir. Əgər qanun dəyişməyəcəksə, bitərəf şəxslərin seçkidə iştirakı normal qarşılanmalıdır.
Məsələn, mən heç bir siyasi partiyanın üzvü deyiləm. Nəyə görə mənim hüququm əlimdən alınmalıdır ki? Ölkədə fəaliyyət göstərən heç bir partiya məni cəlb etmir, amma seçki blokunun namizədi kimi çıxış edə bilərəm”.
Azər Rəşidoğlu əlavə edib ki, əslində Qüdrət Həsənquliyev YAP-ın öz üzvlərini bitərəf adı altında Milli Məclisə yerləşdirməsinə işarə vurur. Sadəcə bunu açıq deyə bilmir. “Əslində, Qüdrət bəy bu şərhində başqa mesaj verir - YAP-ın bəzi üzvləri bitirəf adı ilə dairələri "zəbt" edirlər və seçkilərin demokratik keçirilməsinə mane olurlar. İndiki MM-də bəzi bitərəf deputatlar var ki, əslində, onlar YAP-a xidmət edir. Əminəm ki, Qüdrət bəy onları nəzərdə tutub. Əsl bitərəflərdən söhbət getmir”, -deyə siyasi şərhçi bildirib.
Telegram kanalımız