Futbol eksperti, “Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimovun “Yeni Sabah”a müsahibəsi:
Əvvəlcə, APOEL-lə olan oyuna qayıdaq. Səfərdə qalib gələn komandanın evdə uduzmasının səbəb(ləri) nə oldu?
- Futboldakı nəticələr gözlənilməz ola bilir. Oyun baxımından biz APOEL-ə uduzmadıq. Rəqib komanda arxada oturdu. Onlar yaratdığı 3 əks hücumdan 2-sini qolla nəticələndirə bildilər. Amma biz 3-4 qol imkanını açıq-aydın yaratdıq. Sadəcə imkanları reallaşdıra bilmədik. “Qarabağ”ın uduzmasının səbəbi məncə, tipik hücumçu almamasıdır. Mahir yaxşı futbolçudur, yaxşı da oynadı. Amma cinahlarda olsaydı, daha da çox effekt yaratmış olardı. “Qarabağ”ın Çempionlar Liqasının qrupunda oynadığı dövrü götürəsi olsaq, o zaman APOEL-dən qat-qat güclü rəqiblərlə qarşılaşırdılar. Belə olan halda onlarda sivri ucda oynayan Dino Ndlovu kimi futbolçular bəzi oyunlarda məsələni tək başına da həll edə bilirdi. Subyektiv yanaşsam, sivri ucda oynayan hücumçularının olmamasına görə, oyunda qalib gələ bilmədilər.
Bu baxımdan, sizcə, yeni transferlərə ehtiyac varmı?
- Ehtiyac var. Düşünürəm ki, ən azından bir hücumçu alınmalıdır. Müdafiədə də almaq olardı. Mərkəz müdafiəçisi Bədavinin zədəli olması səbəbilə 1 nəfər də həmin xəttə vacibdir. Amma məncə, hücumçunun alınması daha vacib olardı.
Məğlubiyyətdə ən çox Rəşad Sadıqovu günahlandırdılar. Siz nə düşünürsünüz bu barədə?
- Əslində, Rəşadın performansının aşağı düşməsinin yaşla əlaqədar olması ilə hamı razılaşır. Amma mən baş məşqçi Qurban Qurbanov olsam, burada seçim qarşısında qalardım. Çünki meydançada yalnız oynamaq deyil, oynamaqla yanaşı komandanı idarə etmək, tempin qalxıb-aşağı salınması məsələsi var. İkili mübarizələrdə Rəşad hardasa yaşına görə, uduza bilərdi. Fəqət onun komandaya verdiyi faydalı iş əmsalına baxsaq, mənə görə, Rəşad məşqçinin komandayla kommunikasiyasını quran adamlardan biridir. Məğlubiyyət tək Rəşadın sayəsində olmadı ki. Deyirlər, Rəşadın yaratdığı penaltidən sonra “Qarabağ” uduzdu. Yalnız penalti idimi? Tam olaraq ”Qarabağ” rəqibini üstələyə bilirdi, daha çox dominant oynayan da “Qarabağ” idi. Zubirin vura bilmədiyi qol imkanının nəyini Rəşadın zəifləməsiylə əlaqələndirəsən? Əlaqələndirə bilməzsən. İkinci qol vurulanda Rəşadın yerinə istəyirsən, gətir Rafael Varanı qoy, yenə də müdafiə xəttinin günahı daha çox idi. Bütün bunları nəzərə alsaq, uduzmaqda yalnız Rəşadın səhvi var idi demək, doğru olmazdı.
“Qarabağ” bu gün səfərdə “Linfild”lə qarşılaşacaq. Komandamızın şanslarını necə qiymətləndirirsiniz?
- Bu məsələyə Çempionlar Liqası və Avropa Liqası yönündən yanaşsaq, mənə elə gəlir ki, Çempionlar Liqasının qrup mərhələsində oynamaq üçün “Qarabağ”ın resursu hələ ki, tam deyil. Təbii, hamımız istəyərdik, Çempionlar Liqasında iştirak etsin. Həm təcrübə baxımından, həm adımızı tanıtmaq baxımından ÇL əladır. Amma real gücümüz Avopa Liqasının qrup mərhələsidir. Optimist olası olsam, bu qrup mərhələsində bir azca da bəxtimiz gətirsə, rəqiblərimiz “dişimizə uyğun” düşsə, bu il qrupdan çıxmaq ehtimalımız daha yüksəkdir. Baxmayaraq ki, APOEL-ə məğlub olduq, amma istənilən halda bu bizim üçün bir göstərici deyil. Belə baxanda rəqiblər tam olaraq, “Qarabağ”ın oynaya biləcəyi rəqiblərdir.
Bu gün komanda meydana itkilərlə çıxacaq. Bu oyunumuza necə təsir göstərə bilər?
- Avropa Liqasının qrup mərhələsinə düşəsi olsaq, bu itkilərlə çox da uzağa gedəsi deyillər. Lakin sırf İrlandiya təmsilçisi ilə qarşılaşmanı götürəsi olsaq, bu itkilər öz təsirini göstərəcək. Amma “Linfild”in son oyununa baxdıqdan sonra, bir az ürəyim sakitləşdi. Çünki 4:2 məğlub oldular. Buraxdıqları ikinci qola baxırsan, vallah 2 futbolçu baş-başa dəyib öz qapılarına vurullar. Bu amil mənim üçün belə komandanın yüksək səviyyəli komanda olmasında şübhə yaratdı. Əlbəttə, işləri biz danışdığımız qədər asan olmayacaq. Gücə dayanıqlı bir komanda ilə qarşılaşacaqlar. Arxada oturacaqlar və standart vəziyyətlərlə, əkshücumlarla öz xoşbəxtliklərini axtaracaqlar. Ancaq iki oyunun nəticəsində isə, “Qarabağ” “Linfild”i asanlıqla keçəcək.
Naibə
Telegram kanalımız