Son zamanlar bir neçə universitet tələbələrə qoyulan qadağalarıyla gündəmə gəlib. Məsələn, ötən gün Sumqayıt Dövlət Universitetində oğlan tələbələrə saqqal saxlamağın qadağan olunması ilə bağlı məlumat yayıldı. Hətta universitetin mətbuat xidməti də bunu təqsdiqlədi.
Məsələylə bağlı təhsil eksperti Nadir İsrafilov “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, ümumilikdə, geyim insanı digər canlılardan fərqləndirən, ali varlıq olaraq onun mədəniyyətinin, mənəviyyatının atributlarından, aksesesuarlarından biri olmaqla, insanın daxili aləminin xarici təzahürüdür:
“Bəzən insanın geyiminə baxaraq, onun xarakterik xüsusiyyətləri barədə ilkin qənaətə gəlmək, onun barədə müəyyən təsəvvürlərə malik olmaq mümkündür. Bu mənada ataların "insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar" deyimi əbəs yerə yaranmayıb. Xatırlatmaq yerinə düşər ki, ABŞ mətbuatının bu yaxınlarda yaydığı bir məlumatda qeyd olunur ki, mütəxəssislərin araşdırmalarına görə, insanların 90 faizi bir-birləriylə ilk dəfə qarşılaşdıqda, əvvəlcə daha çox görünüşə (fiziki xüsusiyyətlər: paltarlar, bədən, danışıq tərzi, və s.) fikir verərək, ilk təəssürata malik olurlar. Məhz buna görə də, əgər siz hər hansı bir ciddi iş görüşməsinə dəvətlisinizsə, onda o yerə həmin işə uyğun geyimdə getməlisiniz ki, təşrif buyurduğunuz yerdə sizə olan münasibət arzu etdiyiniz kimi olsun. Dördpendirli pizza
Unutmaq olmaz ki, geyim tərzi, rəng, üzərimizə taxdığımız aksessuarlar hər birimizin fərdi imicimizin nişanəsidir. Deməli, geyim adamın yalnız görünüşünü deyil, düşüncələrini də təyin edir. Yas yerlərində qara, toy şənliklərində ağ geyinməyin də bir mənası var. Bir sözlə, geyim mədəniyyəti, geyimlərin anlamı olmasaydı, necə deyərlər, hərə bir bezə bürünüb ortaya çıxardı.
Başqa sözlə geyim insanı daha məsuliyyətli olmağa, sevib-seçdiyi peşəyə daha çox can yandırmağa sövq edir. Kənardan baxanlar da uniformada olanları daha tez tanıyır, onlara xüsusi münasibət bəsləyirlər. Geyim insanın imicini formalaşdırmaqla yanaşı, həm də, onun nüfuzunun daha da yüksəlməsinə, sadəliyin, təvazökarlığın, ciddiliyin, nizam-intizamın, humanistliyin, kollektivçilik şüurunun, ən başlıcası isə ədalətin və sosial bərabərliyin təcəssümçüsü kimi missiyasına da təsirsiz ötüşmür. Bununla belə, nəinki tələbə geyimi, heç müəllim geyimi, hətta məktəbli forması barədə belə konkret bir fikrə hələ ki, gələ bilməmişik”.
Ekspert qeyd edib ki, ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri valideynlər, pedaqoq və psixoloqlar arasında həmişə əks fikirlərin, mübahisələrin yaranmasına səbəb olub:
“Bəzi məktəblərdə məktəbli forması tətbiq olunsa da, ancaq bütün məktəbləri əhatə etməyib. Nəhayət,“Ümumi təhsil haqqında” qanunda bildirilib ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək. Ölkəmizdə təhsil haqqında qanunvericilikdə tələbələrin geyim formaları ilə bağlı hər hansı tələb olmadığından, artıq neçə illərdir ki, bu məsələ gündəmdədir. “Tələbə universitetə istədiyi geyimdə gələ bilər. Şort da geyinsə, hicablı, qapalı da geyinsə, bu, qəbul olunmalıdır. Rektoru olduğum universitetdə çoxlu saqqal saxlayan tələbələr var. Bu da onların öz işidir”- deyənlər də var, oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla, qızlara isə dikdabanla gəlməyə qadağa qoyanlar, habelə “tələbənin universitetə nə geyinməyi tamamilə öz işidir. Yalnız orta məktəblərdə bu tip qadağaların qoyulması mümkündür” mövqeyindən çıxış edənlər də...
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən yaradılan Azərbaycan İlahiyyat İnstitutunun İctimai Şurasının üzvü kimi onu bilirəm ki, bu nisbətən yeni yaradılan ali təhsil müəssisəsində tələbələrin vahid geyim formasının dizaynı və sifarişi üzrə işlər gedir. Təsəvvür edin, ilahiyyat istiqaməti üzrə ixtisaslaşmış ali təhsil müəssisəsinə tələbə şortda, cinsdə və ya futbolkada gəlir. Siz bunu necə qəbul edərsiniz...?
Şəxsən mən təqdir etmirəm. Biz nə qədər dünyəvi ölkə olsaq belə, özümüzə xas əxlaqi-mənəvi dəyərlərimiz var. Tələbənin normal geyimini hansısa qadağalarla məhdudlaşdırmağın tərəfdarı olmasam da, ancaq onların da istədikləri anormal formada təhsil müəssisəsinə gəlib-getməsinin qəti əleyhinəyəm. Vahid forma geyinməsinə məcburiyyət qoyulmaması, heç də bəzi mental qaydaların gözlənilməməsi demək deyil”.
Günay Rəsulqızı
Telegram kanalımız