Silah alveri edən Səlim Petroviç və Kor Əli -   Xalq şairinin keçmiş nazir barədə yazdıqları

saytların hazırlanması

Evə çatdırılma

Silah alveri edən Səlim Petroviç və Kor Əli - Xalq şairinin keçmiş nazir barədə yazdıqları

Maraqlı

04 Yanvar 2024 10:36 2074


Xalq şairi Süleyman Rüstəmin xatirələrində sovet dövrünün bəzi rəhbər şəxsləri barədə ittihamlar mövcuddur. İkinci Dünya müharibəsi zamanı sovet ordusunun tərkibində İranda olmuş ədib, xüsusən, keçmiş daxili işlər naziri Səlim Atakişiyev barədə ifşaedici faktlar açıqlayıb.

Yenisabah.az xəbər verir ki, adı 30-40-ci illərin repressiyalarında hallanan S. Atakişiyev barədə S. Rüstəmin qeydlərində yazılıb:

"...Bunu söyləyən Cənubi Azərbaycanda xeyirxah fəaliyyət göstərmək əvəzinə silah alverilə, qadınlara sataşmaqla və ciblərini doldurmaqla məşğul olan Ağa Səlim Atakişiyev (Səlim Petroviç) idi. Nə isə. Pişəvəri belə qəbuldan çox pərt oldu. Təbrizdə qalmayıb Tehrana getdi. pizza hut

* * *

Yeri gəlmişkən, deyim ki, həmin Ağa Səlim Təbrizdə və onun ətraf kəndlərindən silah yığmağı bir şübhəli adama tapşırmışdı. Həmin ailə vaxtilə Bakıda bizim sabiq Spasskaya küçəsində yaşayırdı.

Bir gün Mirzə İbrahimov mənə dedi ki, məni bir fəhlə ailəsi evinə qonaq çağırır. Gəl bərabər gedək. Zavallı vaxtilə Bakıda fəhləlik edirmiş. İndi də burada ehtiyac içindədir. Gəl gedək, yoxsa könülləri qırılar...

Bərabər həmin ailəyə qonaq getdik. İçəri girən kimi diksindim. Mən kimi görsəm yaxşıdır. Kor Əlini. Ağasəlim Atakişiyev üçün silah toplayan gəncin atasını. Kor Əlini...

Onlar da məni görən kimi özlərini itirdilər. Kor Əli, əlbəttə, tamamilə kor deyildi. Bir gözünün qapağı yatıq idi. Bu Kor Əli Bakıda məşhur Qoçu Ağakərimin qardaşı idi. Məhlə onların əlindən göz açmazdı. Adam oğurlamaq, adam oldürmək onun əlində su içmək kimi bir şeydi.

Bəli, bu evdə mənim dəmirçi atamı, əmimi və anamı tanıdıqlarım və İrana gələndən sonra polis tərəfindən soyulduqlarını bizə nəql etdilər.

Evdən çıxandan sonra Mirzə İbrahimova bu "fəhlə" Əli kişinin kim olduğun açıb deyəndə mat qaldı. Atakişiyev və Kor Əli görünür ta Bakıdan çox yaxşı tanışmışlar.

Ağakişiyev biz ziyalıları yaman tərif edirdi. Amma əlaltdan xeyirxah, azadixah adamlarla görüşümüzə mane olurdu. Bir dəfə mənim maşınımda Səttarxanın qardaşını yanımıza gətirdib onunla söhbət etdik. Bu münasibətlə Ağakişiyev bizə min cür siyasi ləkələr vurmağa çalışırdı.

Nəhayət, mən Ərdəbildə onun adamlarının qəbzlərini öz puluma dükanlardan geri alıb Təbrizdə yığıncağimızda müzakirəyə qoydurdum. Onun adamları dükanlardan şey alanda pul verməzdilar. Əvəzinə bir barmaq kağıza qol çəkib dükançıya təqdim edərdilər. Bu hadisədən sonra Atakişiyev bizi bir qədər təqib etmədi".

"Səlim Petroviç" ləqəbli şəxsi də tanıdaq.

Ağasəlim İbrahim oğlu Atakişiyev 1950–1953-cü illərdə Azərbaycan SSR daxili işlər naziri .

O, 1903-cü ildə Bakı şəhərində anadan olub. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyas (ÇK) Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləyib. A. Atakişiyev 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışıb. 1941-ci ildə Azərbaycan SSR xalq daxili işlər komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilib. 1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Ağasəlim Atakişiyev Azərbaycan SSR xalq dövlət təhlükəsizliyi komissarının birinci müavini olub. 1945-ci ildə ona general-mayor rütbəsi verilib.

Ağasəlim Atakişiyev SSRİ ikinci çağırış Ali Sovetinə deputat seçilib. Sosialist dövləti qarşısında xidmətlərinə görə A. Atakişiyev Lenin ordeni, Qırmızı Bayraq Ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif edilib.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!