Sülh müqaviləsi imzalanmadı: Ermənistan nəyin qarantını istəyir?

saytların hazırlanması

Evə çatdırılma

Sülh müqaviləsi imzalanmadı: Ermənistan nəyin qarantını istəyir?

Siyasət

29 Dekabr 2022 11:28 1098


Cari il ərzində baş tutan bir neçə Brüssel və Moskva görüşləri bu ilin yekununda gözlənilən sülh müqaviləsinin imzalanma prosesinə təəssüf ki, ciddi bir töhfə vermədi.

Ermənistanın destruktiv mövqeyi, habelə separatçıların bölgədə vəziyyət gərginləşdirmək cəhdləri münasibətlərin qurulmasında bir sıra əngəllər törətdi.

Lakin buna baxmayaraq, ötən həftə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan tərəfinə etdiyi təklifdə bildirdi ki, iki ölkə arasında münasibətlərin qurulması prosesində vasitəçilik, daha dəqiq desək qarantlar institutu yaradılmalıdır və Ermənistan sülh müqaviləsinin bu səpkidə imzalanmasının tərəfdarıdır. Pepperoni pizza

Mövzu ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, indiki məqamda bu institutun yaradılmasını Ermənistan deyir:

“Lakin bu səpkili institutlar – ATƏT, Avropa Şurası və digərləri var idi. Burada birinci məsələ odur ki, Ermənistan öz siyasətinin yanaşmasını dəyişməlidir. Bu dəyişməyənə kimi, biz heç bir dəyişikliyə, habelə müvafiq prosesdə uğura nail olmayacağıq. Ermənistanın məqsədi torpaqlarımızın işğal olunması, bizə qarşı düşmənçilik və təxribatlardır”.

C. Məmmədovun qənaətinə görə, o dövrdə vasitəçilik institutlarından biri olan ATƏT var idi, lakin onun fəaliyyəti alınmadı:

“Bu gün Rusiya və Avropa İttifaqı bu öhdəliyi öz üzərinə götürmək istəyir. Amma burada məsələ odur ki, Ermənistan bu prosesdə fərqli bir mövqeni ortaya qoyur. Burada müxtəlif modellər var: biz təklif etmişdik ki, Gürcüstanın iştirakı da olsun, hətta birbaşa təmasları da istəmişdik. İlk növbədə, burada Ermənistan özü nə istədiyini bilməli, daha doğrusu, düşmənçiliyə son qoymalıdır. Ermənistan bu düşmənçiliyi davam etdirdikcə, burada hansısa bir dəyişiklikdən söhbət gedə bilməz”.

Millət vəkilinin fikrincə, bu gün müxtəlif vasitəçilik institutları var:

“Avropa İttifaqı var idi, buna imkan vermədilər, yaxud Moskva variantı var idi, etmədilər. Ona görə də burada imkanlar və potensiallar çoxdur. Ən optimalı isə əvvəl də dediyimiz kimi, birbaşa təmasların qurulmasıdır. Amma Ermənistan buna hazır deyil. Ona görə də burada problemi və səbəbi vasitəçilik institutlarında yox, Ermənistanın siyasətində axtarmalıyıq. Ermənistan öz siyasətini dəyişməlidir ki, biz hansısa bir nəticəyə nail ola bilək”.

Müsahibimiz hesab edir ki, biz vasitəçilik institutlarından daha çox birbaşa təmaslara keçməliyik:

“Burada bütün dövlətlərin hamısının maraqları və hədəfləri var. Lakin hesab edirəm ki, burada Avropa İttifaqı və ABŞ müəyyən mənada bir variant kimi nəzərdən keçirilə bilər. Amma ən optimalı isə fikrimcə, birbaşa danışıqlardır.

Mən bir daha deyirəm ki, burada problemin kökünü tapmalıyıq. Problemin kökü də odur ki, Ermənistan bizə olan düşmənçiliyini və siyasətini davam etdirir. Lakin başqa formada Gürcüstan bu prosesdə iştirak edə bilər, amma öncə Ermənistanın siyasəti və münasibəti dəyişməlidir. Biz Avropa İttifaqı ilə çox yaxşı formada bu prosesi davam etdirirdik. Bu gün isə Ermənistan onu da pozur və imkan vermir. Ona görə də problemlərin hamısı sadəcə erməni tərəfinin yaratdığı problemlərdir”.

Milli Məclisin deputatı Elman Nəsirov isə söyləyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi bu il çox ləng getdi və Ermənistan tərəfindən buna maneələr oldu:

“Baxmayaraq ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etmişdi. Ancaq bunun qarşılığında biz görürük ki, Ermənistanın regionda atdığı addımlar ona gətirib çıxarır ki, sülh müqaviləsindən danışmağın belə mənası yoxdur. İlin sonuna kimi guya bu sənəd imzalanmalıydı, amma onlar süni şəkildə bir böhran yaratdılar, təbii sərvətlərimizi talan edib ekoloji terror həyata keçirdilər ki, bu prosesdə maneələr yaransın”.

E. Nəsirov xatırladıb ki, dekabrın 23-də Rusiyanın XİN rəhbəri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünə Ararat Mirzoyan gəlmədi:

“Baş nazir Paşinyan isə açıq şəkildə Rusiyanı ittiham etdi ki, sülhməramlılar öz missiyasını yerinə yetirmir və s. bu kimi yanaşmalar səsləndi – hansı ki, bu sülh prosesi üçün çox ciddi bir əngəldir. Bu reallıqda da birdən-birə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçilik institutlarından bəhs edib. Bizim üçün onların hansı vasitəçini axtardıqları elə də mürəkkəb olmayan bir sualdır. Ermənistan burada Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır – hansı ki, heç biz də razı deyilik və hesab edirik ki, Rusiya sülhməramlıları bir çox hallarda 10 noyabr sazişiylə öz üzərinə götürdüklərini layiqincə yerinə yetirmirlər. Amma Ermənistanda bu, bir az anti-Rusiya ritorikası fonunda formalaşır və hazırda onlar Rusiya sülhməramlılarını əvəzləyə biləcək qüvvə timsalında ABŞ və Fransa sülhməramlıları, eyni zamanda BMT mandatında olan sülhməramlı qüvvələri görürlər. Eləcə də Ermənistan ATƏT-in Minsk qrupunun yenidən dirçəldilməsi kimi mövqelər səsləndirir. Halbuki ATƏT-in Minsk qrupunun 30 illik fəaliyyəti münaqişənin dondurulmasından başqa bir şey olmayıb”.

“Yeri gəlmişkən, dondurulmadan söz düşmüşkən, hazırda başqa bir dondurulma prosesi gedir. Bu da ondan ibarətdir ki, postmüharibə dövrünün həllini gözləyən məsələlərlə bağlı imzalanan sənədlər ki var, hazırda o sənədlərin dondurulması və yaxud onların icrasının minimuma endirilməsi prosesi gedir bu dəqiqə.

Burada ən real variant o idi ki, Azərbaycan və Ermənistan münasibətlərin normallaşdırılmasıyla ikitərəfli məşğul olsun. Amma indi ATƏT-in Minsk qrupunun həmsədrlik qrupu faktiki yoxdur, yəni 3 dövlət bu məsələylə məşğul deyil. Saysaq, hazırda Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə 5-7 dövlət məşğuldur. Bunun özü çox mənfi bir haldır. Ona görə də mən burada 2 tendensiyanı görürəm: 1. dondurulma prosesi; 2. tərəfdaşların sayının həddən artıq çox olması”, – vurğulayıb.

Müsahibimiz iddia edib ki, belə olan vəziyyətdə söhbət vasitəçilik institutundan gedəndə Ermənistan nəyi nəzərdə tutur, bu, bəllidir:

“Bu, Fransa, ABŞ və ATƏT-in Minsk qrupunun bərpa edilməsidir. Yəni o qüvvələr ki bu gün Rusiya ilə onların arasında qarşıdurma mühiti formalaşıb. Məqsəd də odur ki, belə vəziyyətdə gərginlik yaranacaq, münasibətlərin normallaşdırılması prosesi arxa plana atılacaq. Baş nazir Paşinyan üçün isə bu gün ən əsası odur ki, öz hakimiyyətini qoruyub saxlasın. O, daha çox bu məsələlərlə məşğuldur.

Ona görə də mən təəssüflə qeyd edirəm ki, biz 2023-cü ilə ikitərəfli münasibətlərin normallaşdırılması prosesində pis tendensiya ilə daxil oluruq”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!