Zirvə təbiətin coğrafi yüksəkliyi, əlçatmazlığı, ucalığı olduğu kimi, şəhidlik də vətənpərvərliyin ən ali məqamıdır. Belə ucalığa yüksələn, bu şərəfli adı daşıyanların xatirəsi daim yaşayıb, yaşayır və nəsillər dəyişdikcə də yaşayacaq...
Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu Lənkərandan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir!” - deyib canından keçən 31 yaşlı baş leytenant lənkəranlı Vüsal Kazımov da belə şəhidlərdəndir...
Vüsalın ən böyük arzusu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi idi. O, Tovuz döyüşlərindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinə gedərək könüllü xidmətə yazılmışdı. Müharibə başlayan kimi də çağırıldı. Ailəsi ilə tez–tez əlaqə saxlayırdı. Elə danışardı ki, sanki ömrünü hərb sənətinə həsr edib. Müzəffər Ordumuzun qüdrətindən qürurla söhbət açırdı. Dördpendirli pizza
Vüsal Kazımov Lənkəran Dövlət Universitetində ali təhsil aldıqdan sonra bir müddət “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışıb. Sonradan həqiqi hərbi xidmət müddəti başa çatdığı üçün Lənkərana, ailəsinin yanına qayıdıb. 2018–ci ildə Lənkəran Şəhər Gənclər və İdman İdarəsində işləməyə başlayan V.Kazımova qısa müddət ərzində böyük etimad göstərilərək Lənkəran Şəhər Uşaq, Gənclər və İdman Məktəbinə direktor təyin edilib. O, ziyalı ailəsində böyüyüb boya-başa çatmışdı. Atası Kamran Kazımov Lənkəran Dövlət Universitetinin prorektoru və dosentidir.
Vüsal həyatı sevirdi, dostcanlı, qohumcanlı idi. Həmişə pozitiv və gülərüz idi. Zabit adını daim uca tuturdu. Hələ sağlığında şəhid ailələrinə baş çəkər, onlara yardım edərdi. Şəhid övladlarına baxanda deyərdi ki, o uşaqların atasından artıq deyilik. Onlar Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı uğrunda, ərazi bütövlüyümüz uğrunda, torpaqlarımız üçün, bizim üçün şəhid olublar. Allah mənə də o adı qismət eləsin. Belə də oldu...
Vətən müharibəsində Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Şuşa şəhərlərinin erməni işğalçılarından azad edilməsində böyük qəhrəmanlıq və şücaət göstərmiş Azərbaycan Ordusunun baş leytenantı Vüsal Kazımov Daşaltı və Şuşa əməliyyatlarında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub...
Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Şəhidin doğması, yadı olmaz. Kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbinə düşmüş bir qordur. Elə bir qor ki, bu millət yaşadıqca o, işıq saçacaq xalqımızın yoluna, örnək olacaq gələcək nəsillərə...
Vüsaldan geriyə xatirələrdə hər zaman gözəl anlarla yaşadacaq ailəsi, dostları və bir də Vətən əmanəti Nuray və Aynur adlı iki qız övladı qaldı. Şəhid noyabrın 29–da Lənkəran rayonunun Yuxarı Nüvədi kənd qəbiristanlığında dəfn olunub. Allah rəhmət eləsin! Amin! /Azərtac
Telegram kanalımız