Hazırda Gürcüstan parlamentinin binası yaxınlığında vəziyyət sakitdir. Qanunverici orqanın qarşısında etiraz edən yoxdur.
Yenisabah.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, ərazidə yalnız hüquq-mühafizə orqanlarının əməkdaşları qalıb.
Bu gün yerli vaxtla saat 15:00-da yeni etirazın elan ediləcəyi gözlənilir. pizza mizza
“Günortadan sonra toplanmağa başlamalıyıq. Yorulmamalıyıq. Bu, ölkəmiz üçün bir mübarizədir, konkret bir siyasi partiya üçün deyil. Mübarizəni davam etdirmək vacibdir”, – deyə Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat” partiyasının lideri Levan Xabeişvili bildirib.
Bundan əvvəl müxalifətdə olan “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadze də bəyan etmişdi ki, xüsusi qüvvələr və polis dinc aksiyalara qarşı qeyri-mütənasib güc tətbiq edib. Çoxlu etirazçı, o cümlədən müxalif “Girçi” partiyasının lideri Zurab Caparidze həbs edilib.
Vaşadze hesab edir ki, dünya ictimaiyyəti Gürcüstanın hazırkı hakimiyyətini dinc aksiyanı dağıtmaqda birmənalı şəkildə qınayacaq.
Xatırladaq ki, ötən gün paytaxt Tbilisinin Rustaveli prospektində gərgin vəziyyət yaranıb. Etirazçılardan bəziləri ilə polis arasında toqquşma olub. Etirazçılar polisə əşyalar atıblar. Cavab olaraq asayiş keşikçiləri xüsusi texnikadan – su şırnaqlarından, bibər qazından və gözyaşardıcı qazdan istifadə ediblər. İlkin məlumatlara görə, onlarla etirazçı saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyi bəyan edib ki, Gürcüstan parlament binası yaxınlığında nümayişçilərin etiraz forması ifrat zorakılıq xarakteri alıb. İdarədən verilən məlumata görə, Rustaveli prospektinə toplaşanlar Daxili İşlər Nazirliyinin əməkdaşlarına qarşı müxtəlif əşyalardan, o cümlədən yanar materiallardan istifadə ediblər.
Eyni zamanda, Gürcüstan prezidenti Salome Zurabişvili etirazçıları dəstəklədiyini bildirib və ictimaiyyətin böyük narazılığına səbəb olan “Xarici agentlər haqqında” qanuna veto qoyacağını vəd edib.
Telegram kanalımız