“Ali təhsil müəssisələri 5 ildən bir akkreditasiyadan keçirlər. Bu müddət ərzində əlbəttə ki, dünya təhsil sistemində ciddi dəyişikliklər baş verir, yeniliklər olur”.
Bu sözləri “Yeni Sabah”a təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün müəyyən olunan dövlət rüsumunun məbləği haqqında danışarkən təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, universitetlər yarananda lisenziya almaq üçün dövlət rüsumunu ödəyirlər:
“Bu müddətdə universitetlərin maddi - texniki bazası köhnəlir. Buna görə də, Təhsil Nazirliyi tərəfindən universitetlərin akkreditasiyadan keçirilməsi zəruridir. Nəzərə alsaq ki, universitetlər yarananda lisenziya almaq üçün dövlət rüsumu ödəyirlər, ona görə də, akkreditasiyadan keçəndə bunun üçün rüsumun ödənilməsi problem deyil. Toyuqlu pizza
Bir məsələ də var ki, əgər universitet hansısa bir rüsumun ödənilməsi üçün tələbələrin təhsil haqqını artırırsa, bu onların rentabelli fəaliyyət göstərmədiyini göstərir və belə universitetin fəaliyyət göstərməsi lazım deyil. Universitetlər xidmət göstərməli və gəlir əldə etməlidirlər. Amma bizdə universitetlər ancaq gəlirlərini tələbələrin təhsil haqqı üzərində qurublar.
Eyni zamanda akkreditasiyanın pullu olması müvafiq qurumun da ciddiyyətini artıracaq. Biz də hətta dövlət universitetləri var ki, akkreditasiyadan keçə bilməyiblər. Çünki bu prosesə ciddi yanaşmayıblar. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirə bilmirlər. Onların maddi - texniki bazası zəifdir, laboratoriyaları yox dərəcəsindədir. Amma ciddi şəkildə akkreditasiya təşkil olunsa, buna görə rüsum tələb olunsa, qeyd olunan problemlər aradan qalxar. Nəzərə alsaq ki, Təhsil Nazirliyi akkreditasiya üçün resurslar cəlb edir və akkreditasiya daha çox universitetin özü üçün lazımdır, buna görə rüsum tətbiq olunmalıdır”.
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında Azərbaycanda təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib. Bununla məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10 000, orta ixtisas müəssisələri üçün 15 000, ali təhsil müəssisələri üçün 20 000, əlavə təhsil müəssisələri üçün 15 000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15 000 manat müəyyən edilib.
Amma bəzi deputatlar təklif edilən rüsumlarla bağlı etiraz ediblər.
Əsmər Qabil
Telegram kanalımız