Uzun illər Naxçıvanda Talıbovun qadağaları mövcud olub. Bundan həm Naxçıvan sakinləri, həm də Naxçıvana gedənlər əziyyət çəkiblər. Hətta bu qadağalar zaman-zaman beynəlxalq təşkilatların hesabatlarına da düşüb.
Bəs görəsən, belə qeyri-rəsmi qadağaların tətbiq olunmasının arxasında hansı maraqlar dayanırdı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan ictimai fəal, jurnalist Çingiz Özgür danışıb. O, Naxçıvanda olan qadağaların sakinlərin maddi və mənəvi rifahına ciddi təsir etdiyini bildirib: Pepperoni pizza
“Naxçıvandakı qadağaları təsnifatlandırmaq lazımdır. Birincisi xalqın maddi rifahına, güzəranına zərər vuran qadağalar idi. Onların da başında gömrük qadağaları dayanırdı. İnsanlara iş şəraiti yaradılmırdı. Heç kəs gedib xaricdən istədiyi malı gətirə bilməzdi. Bəzi məhsullar vardı ki, onlardan heç bir dənə də gətirmək olmazdı. Bura adi elektrik lampası da aid idi.
Zaman-zaman Talıbovların Naxçıvanda istehsal sahələri yarandıqca o sahəyə aid olan məhsulların gətirilməsinə qadağa qoyuldu. Məsələn, bunlardan biri də mebel sahəsi idi. Əgər keçib İğdırdan 500 manatlıq mebel alırdınsa, gömrüyə də 500 manat ödəməli idin ki, məhsulu Naxçıvana keçirə biləsən. Çünki Talıbovların mebel fabriki var idi.
Bundan başqa tikinti materialların gətirilməsinə əngəl yaradırdılar, çünki tikinti məhsullarını istehsal edirdilər. Tikinti məhsulları İranda qat-qat ucuz olsa da heç kim rüsuma görə gedib onu İrandan ala bilmirdi.
Bir qərarla iaşə obyektlərinin hamısını ləğv etdilər, sökdülər.
Naxçıvanın kəndlərinin heç birindən çörək qoxusu gəlmir, heç kəs təndir salıb çörək bişirə bilmir. Bu nə deməkdir? Bir insanı necə məcbur edə bilərsiniz ki, o, çörək bişirməsin? Yerlərdə çörəkbişirmə sexləri yaradılırdı, onlar da qat-qat baha satırdı, təndir qadağasına görə hamı sexlərdə bişirilən çörəyi almağa başladı”.
Onun sözlərinə görə, bu qadağalar məhz Naxçıvanın boşaldılmasına xidmət edirdi:
“Rayonlarda insanların yığışıb otura biləcəyi hər hansı bir yer yox idi. Bu bir mənada Naxçıvanın ağıllı surətdə boşaldılmasına xidmət edirdi. Bunu bacardılar da. Naxçıvanda ancaq dövlət qulluğunda işləyənlər, müəllimlər və həkimlər qaldı. Həmin adamlar da dövlətdən maaş alanlar idi və nə deyilsə, ona əməl edəcəkdilər. Digər tərəfdən onlara da inanmırdılar. Təsəvvür edin, Naxçıvanın ən ucqar kəndindəki bir məktəbə üç gündən bir Ali Məclisdən yoxlama gəlirdi. Gah təhsil müəssisəsindən, gah icra hakimiyyətindən yoxlamalar gəlirdi. Nəyi yoxlayırdılar, nə istəyirdilər heç kim bilmir. Bu hamısı insanları qorxu altında saxlamaq üçün idi.
Məsələnin ikinci tərəfi isə mənəvi tərəflərdir. Məsələn, yas məsələləri bura daxildir. Bəlkə də bu yaxşı şeydir, çünki sən ölünü daha rahat götürə bilirsən.
Digər tərəfdən isə adət-ənənəyə görə hər kəs istəyər ki, öz ölüsünü hansısa bir qaydada, yaxşı formada yola salsın.
Qəbir daşı məsələsində də qadağalar mövcud idi. İnsanlar buna özləri qərar versə, çox yaxşı olar. Onları məcbur edirdilər ki, atana məhz belə başdaşı qoy, bu da onlara mənəvi cəhətdən təsir edirdi.
Məsələn, şəhərdə əl-ələ tutub gəzmək, xarici mahnıların oxunması qadağan idi.
Naxçıvanda qapısı qıfıllı yüzlərlə ev var. Bütün bunlar sözügedən qadağaların nəticəsidir.
Naxçıvan elə mövqedədir ki, 2 ölkə ilə sərhəddir, təkcə bu bəs edir ki, Naxçıvan camaatı çox yaxşı yaşasın. Niyə imkan vermirlər?
Biz Azərbaycanın rayonlarına gedəndə görürük ki, hərə evindən aralı 1 otaq tikir, gələnə-gedənə kirayə verir. Naxçıvanın harasında bunu etmək mümkündür?”

Ç.Özgür qeyd edib ki, xüsusilə nəqliyyat sahəsində olan qadağalar əhaliyə çətinliklər yaradırdı:
“Ən ağır qadağalar biri də avtomobil sahəsində idi. Naxçıvan avtomobil parkı buna görə 2000-ci ilə qədər nə maşın gəlibsə, onlardan ibarətdir. Bu gün kəndlərdə metallom vəziyyətində olan maşınlar məhz buna görə hələ də işlədilir. Naxçıvana ancaq 2-3 ilin maşını alınaraq gətirilə bilərdi. Sanki Azərbaycan başqa, Naxçıvan isə tamam başqa qanunlarla idarə olunurdu. Bakıya maşın gətirib sənədləşdirə bilsən də, Naxçıvana gətirsən sənədləşdirə bilmirdin. Hətta Naxçıvanda maşına verilən sığorta Bakıda keçmirdi. Onlar qəribə bir sığorta sistemi yaratmışdılar, sığortanı kağıza yazıb verirdilər, halbuki kağızla verilən sığorta illərdir ki, ləğv olunub. Bu camaata çox əziyyət verən məsələ idi. Qəzalarda insanlar həyatlarını itirirdilər, çünki istifadə olunan maşınlar sovet maşınları idi. Qadağaların Naxçıvanda yaratdığı vəziyyət bu idi. Bu qadağalar həm Naxçıvanın Bakıdan ayrıldığını göstərmək, həm də oranı boşaltmaq üçün idi”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız