Azərbaycanın Xankəndi şəhərində qanunsuz məskunlaşan erməni separatçıları arasında növbəti qalmaqal yaşanıb.
Belə ki, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə əməkdaşlıq mərkəzinin rəhbəri, azərbaycanlılarla danışıqlar qrupunda da iştirak edən separatçı qurumun nümayəndəsi Sergey Martirosyan ötən gün “vəzifəsi”ndən “azad edilib”.
Onun qondarma “dövlət naziri” Qurgen Nersisyanla fikir ayrılığı yaşadığı bildirilib. Erməni mətbuatında yer alan xəbərlərə əsasən, Nersisyan Martirosyandan narazılıq edib. Bununla da onun Rusiya sülhməramlıları ilə rəsmi əlaqə qurmaq və proseslərdə iştirak etmək imkanından məhrum edildiyi vurğulanıb. Görünən odur ki, qondarma rejim arasında yenə də çaxnaşma yaşanır. Dominos pizza
“Cümhuriyət”ə açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Qarabağdakı separatçılar arasında artıq uzun müddətdir problemlər var:
“Əlbəttə ki, bu problemlər publikaya da məlum olmur. Azərbaycanda hər kəs bilir ki, ermənilər özlərini həmrəy xalq adlandırsa da, belə deyil. 44 günlük Vətən müharibəsinin nəticəsi də bunu göstərdi. Son aylar separatçılar arasında ciddi toqquşmaların şahidi oluruq. Bunun artıq daha da kəskinləşəcəyi gözlənilir. Nə qədər ki, oradakı vəziyyət çətinləşəcək və Azərbaycan Laçın dəhlizində öz prinsipiallığını nümayiş etdirərək separatçılarının varlanmasına imkan verməyəcək, onlar arasındakı qalmaqal davam edəcək. Onu da bilirik ki, erməni əhalisi onlar üçün güruhdur. Onlar yerli erməni əhalisindən istifadə edərək varlanmaqla və qaçaqmalçılıqla məşğul idilər. Hal-hazırda Laçın dəhlizindən qaçaqmalçılıq və hərbi təyinatlı daşımalar üçün istifadə edə bilməmək separatçılar arasında bir sıra problemlərin yaranmasına gətirib çıxarıb”.
Politoloq hesab edir ki, Araik Arutyunyan özü də “vəzifəsindən” getmək istəyir:
“Lakin onu məcburən orada otuzdurublar. Digər tərəfdən, Araikin müxtəlif rəqibləri də var. Hazırda separatçılar arasında müxtəlif qruplaşmalar yaranıb və onlar bir-birilə yola getmirlər. Hətta bunu “klanlararası müharibə” adlandırmaq olar. Hər halda, bütün ermənilər bilməlidir ki, Qarabağ Azərbaycandır! Onlar nə qədər gec Azərbaycanın tərkibinə qatılsalar, nə qədər gec inteqrasiya olsalar, o qədər də çox və kəskin problemlərlə üzləşəcəklər”.
Zaur Məmmədov vurğulayıb ki, separatçılar arasında yaşanan qalmaqal danışıqlar prosesinə təsir etməyəcək:
“Onsuz da separatçılar və Azərbaycan arasında görüşlər keçirilmir. Prezident Administrasiyası erməniləri iki dəfə Bakıya dəvət etdi, amma gəlmədilər. Ümumiyyətlə, separatçıların “nazirlər”inin dəyişməsinin danışıqlara heç bir təsiri olmayacaq. Heç onlar ciddi fiqur belə deyillər. Danışıqlar daha çox Rusiyadan və Azərbaycan-Ermənistan arasındakı dialoqdan asılıdır”.
Telegram kanalımız