Novruz bayramı hər zaman xalqımız üçün xüsusi önəm daşıyan, qədim ənənələri ilə yadda qalan bayramlardan biridir. Lakin zaman keçdikcə insanların həyat tərzi, gündəlik qayğıları və məşğuliyyətləri dəyişir. Bu dəyişikliklər bayramların keçirilmə formasına da təsirsiz ötüşmür. Müasir dövrdə bir çox insan işlərinin çoxluğu səbəbindən bayram hazırlıqlarına tam diqqət ayıra bilmir.
Bütün bu məsələlərlə bağlı müğənni Xuraman Şuşalı öz fikirlərini “Yeni Sabah”a bildirib. O, uşaqlıq illərindəki bayramların daha səmimi və özünəməxsus ab-havasının olduğunu vurğulayıb:
"Uşaqlıqda keçirdiyimiz bayramın ab-havası indi yoxdur. O vaxtlar bəlkə valideynlərimiz daha həvəsli və diqqətli idi. Mağazalarda bayram təamları yox idi, hamı öz evində bişirirdi, qovurğa qovrulurdu, səmənini evdə cücərirdik. Bəlkə bizim valideynlərimiz daha qəşəng valideyn olub. Bəlkə biz zaman ayırmaq istəmirik. Hər şey evdə bişirilirdi əvvəllər və qoxusu dörd-bir yeri bürüyürdü". Dominos pizza
Müğənni işlərinin çoxluğu səbəbindən bayram hazırlıqlarına tam diqqət ayıra bilmədiyini qeyd edib. O, günümüzdə bir çox qadının işlədiyini və buna görə də bayram hazırlıqlarına vaxt tapa bilmədiklərini bildirib:
"Bu il mən işlərimlə əlaqədar ora-bura qaçmaqda oldum. Çox qadınlarımız kimi mən də işləyən anayam. Ona görə vaxtım olmadı və hazır aldıq. Düzünü desəm, sanki vaxt qısalıb. Heç nəyi çatdıra bilmirik. Nələrisə qaydasında etmək istəsək də, yuxusuzluq problemi, gecə gec saatlara qədər oyaq qalmaq çox enerjimizi alır. Həmçinin, axşamlar çalışırıq, məclislərimiz, korperativ tədbirlər, şou proqramları, toylarımız olur".
Hazırda mağazalarda müxtəlif bayram təamlarının satışa çıxarıldığını deyən müğənni, ənənəvi şəkildə yeməklərin evdə hazırlanmasının da əhəmiyyətini vurğulayıb:
"Bir tərəfdən də insan fikirləşir ki, hazırda mağazalarda o qədər ləziz bayram təamları hazır satılır ki, o vəziyyətə gətirənə qədər çox əmək sərf etmək lazım olur. Allah hamının ruzisini versin. Düşünürəm ki, almaq da lazımdır, evdə bişirməyin də öz yeri var".
Xuraman Şuşalı bayram diləklərindən də söz açıb. Onun fikrincə, diləklər və niyyətlər yalnız bayram günlərinə məxsus olmamalıdır:
"İnsanın niyyəti həmişə gözəl olmalıdır. Təkcə ilaxır çərşənbədə yox. Birinci bunu vurğulamaq lazımdır. Allahdan sağlıq və ruzi bərəkət istəyirəm. Allah sevdiklərimizin sayını azaltmasın. Qalan hər şey düzələndir, keçicidir".
Aytac Şahin
Telegram kanalımız