YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“20 yaşlı qıza güllə sıxan rejim öz edam hökmünü verib”  - Xalq artisti

“20 yaşlı qıza güllə sıxan rejim öz edam hökmünü verib” - Xalq artisti

Mədəniyyət

26 Sentyabr 2022 15:42 2586


“20 yaşlı bir qıza güllə sıxan bir rejim əslində öz edam hökmünü artıq verib”. 

Bu sözləri Yenisabah.az-a Xalq artisti Nurəddin Mehdixanlı deyib. İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlar barədə danışan aktyor bu hadisələrin idarəolunmaz səviyyəyə gəlib çıxdığını bildirib:

“Dünyanın müxtəlif yerlərində böyük dəyişikliklər baş verir. Düşünürəm ki, bu gün hansı ölkədə müəyyən proseslər getməyə başlayırsa, bunun həm də bir qanunauyğunluğu var. Dünyanın böyük gücü olan Rusiyaya baxın, müharibəyə qoşuldu və artıq bu gün Rusiyadan böyük köçlər, ölkədən qaçmalar, narazılıqlar, toqquşmalar yarandı. İranda rejimin xarakterindən doğan hadisələr baş verir, insanlar insan kimi yaşamaq istəyirlər və onların haqları var. O haqlar heçə sayılanda təbii ki, narazılıqlar ortaya çıxır. Əgər bir ölkədə dövlət qız uşağına 6 gülləni vura bilirsə, o dövlət əslində özü-özünü güllələmiş olur.

Bu gün İranda baş verən hadisələr bizim qonşuluğumuzda baş verənlərdir və biz heç vaxt istəməzdik ki, orada baş verənlər xoşagəlməz proseslərlə nəticələnsin. Əgər bir xalq artıq bu şəkildə ciddi etiraza qalxıbsa, xüsusən söhbət qadın haqlarından gedirsə, məsələ ciddidir. Bu təkcə qadın haqlarından ibarət məsələ deyil, bu, uzun illərdən bəri rejimin sıxdığı yayın əlindən çıxmasıdır. Artıq orada hadisələr nəzarətdən çıxıb və qorxulu tərəfi ondan ibarətdir ki, artıq hadisələr idarə olunmur. İdarə olunmayan hadisələr heç də həmişə xoş nəticələrlə yekunlaşa bilmir. Oradakı hadisələr kortəbii baş verir və kortəbiilik bilinməz nəticələrə gətirib çıxara bilər”.

Nurəddin Mehdixanlı qeyd edib ki, azərbaycanlılar qonşu dövlətdə baş verənlərə biganə qalmamalıdır:

“Bizim hər hansı ölkənin daxili işlərinə qarışmaq fikrimniz yoxdur, amma bizi bir azərbaycanlı olaraq orada yaşayan, əhalinin 52 faizini təşkil edən Azərbaycan türklərinin taleyi narahat edir. Biz bu məsələlərə “Bizim ölkəmizdə deyil ki” şəklində yanaşa bilmərik. Dünyanın harasında istəyir yaşayan bir azərbaycanlının başı sıxışarsa, onun problemi bizim problemimizdir. Bu gün 10 milyon azərbaycanlı bu tayda özünə müstəqil bir dövlət qurub və bu dövlət bütün dünya azərbaycanlılarının dövlətidir. Ona görə də Azərbaycan cəmiyyəti baş verən hadisələrə biganə qalmamalıdır, ən azı mənəvi dəstək verilməlidir. 45 milyondan artıq soydaşımız orada yaşayırsa, biz biganə qala bilmərik, onların taleyi bizi narahat edir. Onlar bizdən dəstək görməlidirlər. Yenə deyirəm, 20 yaşlı bir qıza güllə sıxan bir rejim əslində öz edam hökmünü artıq verib”.  

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!