2022-ci ili ölkədə "istefalar ili" kimi də qiymətləndirə bilərik.
Doğrudur, Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev dövlət məmuru olmasa da, onun istefasından sonra estafet bir sıra nazir və komitə rəhbərlərinə keçdi.
Məsələn, Dövlət Gömrük Komitəsinin eks-sədri Səfər Mehdiyevin istefasından sonra onun rəhbərlik etdiyi qurumda da silsilə istefalar başladı. Daha sonra isə DTX-nin Mədəniyyət və Turizm Nazirliyində keçirdiyi əməliyyatlardan sonra sabiq nazir Anar Kərimovun birinci müavini Elnur Əliyevin həbsi gündəmə bomba kimi düşdü. Sözsüz ki, E.Əliyevin həbsi, həmçinin, 1 ildən çoxdur bu postda əyləşən A.Kərimova da təsir edə bilməzdi. Belə ki, A. Kərimov da tutduğu vəzifəsi ilə vidalaşan məmurlardan biri oldu. pizza mizza
Amma ilin ən böyük istefa xəbəri heç şübhəsiz ki, Naxçıvandan gəldi. 1995-ci ildən muxtar respublikaya rəhbərlik edən Naxçıvan “xan”ı Vasif Talıbov da sələfləri kimi öz postundan getməyə məcbur oldu. İli “major notlar”la tamamlayan Talıbovun istefası, onun etdiyi, habelə Naxçıvan Muxtar Respublikasında baş verən qanunsuzluqları gün üzünə çıxardı.
Bəs 2023-cü ildə növbəti “istefa dalğası” kimi vuracaq?
Mövzu ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev hədəf taxtasında kimin olacağını deməyib:
“Təəssüflər olsun ki, mən öngörücü deyiləm və mən baxıcılıqla məşğul olmadığıma görə, 2023-cü ildə kimin başına nə gələcəyi, kimin istefa verəcəyi və kimin vəzifəyə gedəcəyi haqqında münəccimlik edə bilmirəm.
Sadəcə olaraq, biz gördük ki, 2022-ci ildə də cənab Prezidentin məmurların qarşısına qoyduğu düzgün, şəffaf və gərgin işləmə tələbi var. Kim bu tələbdən kənara çıxırsa və işinin öhdəsindən gəlmirsə, vəzifədən ya alınır, yəni istefa verməyə məcbur edilir, ya da işindən azad edilir”.
MCP rəhbəri düşünür ki, 2023-cü ildə məmurlar daha məsuliyyətli olmağa çalışacaqlar ki, onlar dövlət rəhbərinin qəzəbinə tuş gəlməsinlər:
“Çünki millətimiz bu mövzuyla əlaqəli kifayət qədər narazılığını ifadə edir. Sosial şəbəkələrdə xeyli narazılıqlar və həll olunmayan problemlər görürük. Bu problemlərin də həll olunmaması ayrı-ayrı məmurların bu məsələyə ciddi yanaşmaması ucbatından irəli gəlir. Nəticə etibarilə, bütün yarıtmaz fəaliyyətlər nəticəsində yazılan şərhlər, deyilən narazılıqların bir qismi ölkə rəhbərinə yönəlir. Belə çıxır ki, vəzifəsinin öhdəsindən gələ bilməyənlər həm də cənab Prezidenti hədəfə gətirir”.
“Ona görə də mənə elə gəlir ki, həm 2023-cü ildə həm parlament üzvləri, həm dövlət rəhbəri, həm də media bütün bu məsələlərdə barışmaz mövqe tutacaq və hər kəsi Azərbaycan xalqının və dövlətinin rifahı üçün çalışmağa məcbur edə biləcəyik. Adlar kim olacaq, kim işləyə bilməyəcək, bu, onlara şamil olunacaq. Lakin təəssüflər olsun ki, bu gün o münəccimliyi edə bilmirəm”, - yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız