Tahir İmanov “Planet Parni iz Baku” KVN Teatrının bədii rəhbəri, Əməkdar artistdir. O, Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun nəvəsi, iqtisad elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qorxmaz İmanovun və musiqiçi-pedaqoq Könül İmanovanın oğludur.
Tahirin adını eşidəndə tamaşaçıların üzündə təbəssüm yaradan obrazlar və yumor yada düşməlidir. Amma nədənsə son günlər bu ad çəkiləndə ilk olaraq sənət yox, qalmaqal və təhqir ritorikasını xatırlayırıq.
Bir vaxtlar “Məhəllə” filminin Roşkası kimi yaddaşlara həkk olunan obraz bu gün tam fərqli emosiyalarla anılır. Zövqlər müxtəlifdir, film kiməsə uğurlu, digərinə uğursuz görünə bilər. Lakin danılmaz faktdır ki, böyük bir nəsil Tahir və mərhum Cabir İmanov qardaşlarını “Roşka” və “Eliş” kimi sevib. pizza
Cabir İmanovun vaxtsız itkisi, şübhəsiz ki, ağır dərddir. Qardaş itirmək insanın ürəyində sağalmaz yara açır. Üstəlik, geridə atasız qalan üç övladın taleyi bu ağrını daha da dərinləşdirir. Bu dərdin miqyasını ölçmək, kənardan qiymət vermək çətindir. Heç kim başqa birinin acısını tam anlaya bilməz. Lakin şəxsi faciə ictimai davranışa təsir etməməlidir.
Son aylarda müşahidə edilən mənzərə isə təəssüf doğurur. Medianı “düşmən” elan etmək, jurnalistləri söymək, “qəbjur” kimi ifadələr işlətmək, hətta qarğış və təhdid ritorikasına keçmək artıq emosional davranış deyil. Bütün bunlar ictimai status daşıyan bir sənət adamına yaraşmayan mövqedir.
Vəziyyət o həddə çatıb ki, Tahir hətta, insanları güldürmək və düşündürmək üçün səhnəyə çıxmamışdan əvvəl də söyüş söyür, jurnalistlərə təhqir yağdırır, qarğış eləyir. Onun rəhbəri olduğu “Planet Parni iz Baku” KVN Teatrı mayın 15-də Heydər Əliyev Sarayında “Xalqın artisti” adlı konsert verib. Konsert mərhum Əməkdar artist Cabir İmanovun xatirəsinə həsr olunub. Jurnalistlər də orada olub - ya dəvətlə, ya da bilet almaqla, amma bunun məsələyə o qədər də daxli yoxdur. Media təmsilçiləri öz peşələrinə sadiq qalıblar, konsertdən xoşlarına gələn hissələri işlədikləri media quruluşlarında, sosial şəbəkələrində yayıblar. Bəlkə də heç orada olmayıblar, hansısa tamaşaçı çəkib, yayıb, jurnalistlər də onu xəbərə çeviriblər.
T.İmanov bundan sonra “cin atına” minib. Bəlkə də haqlıdır, hansısa planı olub, özünün də dediyi kimi bundan pul qazanmaq istəyib, jurnalistlər konsertdən müəyyən hissələr paylaşmaqla buna mane olublar.
Əvvəla, bu necə konsertdir ki, orada kiçik bir hissəni paylaşmaqla bütün plan pozulub, mahiyyətini hamı bilib və ona maraq azalıb?
İkincisi, lap tutaq ki, jurnalistlər səhv edib (hərçənd ki, jurnalistin xəbər yaymasını səhv saymaq olmaz). Tahir İmanov gərək buna söyüş və qarğışla cavab versin? Bunun başqa yolu yoxdur? O, konsertin kimin xatirəsinə həsr olunduğunu xüsusi nəzərə almalıydı.
C.İmanov Əməkdar artist idi. Bu status təkcə fəxri ad deyil, həm də ictimai maraq deməkdir. Onunla bağlı tədbirin mediada işıqlandırılması nə təxribatdır, nə də hörmətsizlik. Bu, jurnalistin peşə borcudur.
Əgər medianın diqqəti yalnız tənqid zamanı “müdaxilə” sayılırsa, bəs konsertlərin anonsu, müsahibələr, uğurlu layihələrin təqdimatı zamanı niyə eyni sərt münasibət göstərilmir? İctimai tanınmışlıq birtərəfli proses deyil. Başa düşmürlər ki, sənət adamını cəmiyyətə təqdim edən də mediadır, fəaliyyətini müzakirəyə çıxaran da.
Qarğış və bəddua dili isə ümumiyyətlə qəbuledilməzdir. “Yaxınlarınıza nəsə olsa, bilin ki, bizim bəddualarımızın nəticəsidir” kimi ifadələr təhlükəli düşüncə tərzinin göstəricisidir. Sənət adamı auditoriyaya nifrət deyil, mədəniyyət ötürməlidir. Xüsusilə də illərlə yumor səhnəsində çıxış etmiş insanlar.
Tənqid düşmənçilik deyil. Yazmaq təxribat deyil. Sual vermək də hörmətsizlik sayılmır.
Şəxsən mənə maraqlıdır ki, Tahir İmanov öz irsini hansı istiqamətdə davam etdirmək istəyir? “Roşka” obrazı ilə insanların yaddaşında qalan sənətkar kimi, yoxsa mediaya qarğış edən aqressiv fiqur kimi?
Çünki insan hər şeyi yadda saxlayır.
Özünə sənətkar deyən insanlar səviyyələrini qorumağı bacarmalıdır. Əgər səviyyə qorunmasa, nə şöhrət qalar, nə də hörmət. Deyəsən Tahir İmanov hələ də başa düşməyib ki, onu ucaldan da, göydən yerə endirən də alqışlar deyil, öz davranışları olacaq...
Aydan Hacı
Telegram kanalımız