“Azərbaycan ərazisində müşahidə olunan intensiv yağıntıların və qeyri-sabit hava şəraitinin bir neçə əsas meteoroloji və iqlim səbəbi var. yaz fəsli ilin keçid dövrü olduğu üçün müxtəlif temperatur göstəricilərinə malik hava kütlələrinin ölkə ərazisində tez-tez qarşılaşması, şimaldan gələn soyuq hava kütlələrinin cənubun isti hava kütlələri ilə toqquşması atmosfer cəbhələrinin yaranmasına, bu isə öz növbəsində intensiv yağışlara, şimşək çaxmasına və bəzi hallarda doluya səbəb olur”.
Bunu “Yeni Sabah”a açıqlamasında meteoroloq Cavid Hüseynov bildirib.
Onun sözlərinə görə, müasir iqlim dəyişmələri fonunda atmosferin temperaturu yüksəldikcə, hava daha çox rütubət saxlama qabiliyyəti qazanır (hər 1 dərəcə artım rütubəti təxminən 7% artırır). Bu da, yağıntıların paylanmasını qeyri-müntəzəm edir və qısa müddətdə ekstremal yağıntıların düşmə ehtimalını artırır. Sezar pizza
Ekspert vurğulayıb ki, Şərq rayonlarında yağıntıların daha güclü olması, çox vaxt Xəzər dənizi üzərindən gələn rütubətli hava kütlələrinin qurudakı soyuq cəbhə ilə birləşməsi ilə bağlıdır:
“Həmçinin, ölkəmizin oroqrafik quruluşu və dağlıq relyefi hava kütlələrinin hərəkətinə əhəmiyyətli təsir göstərməklə, xüsusilə də Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində yağıntıların intensivləşməsinə gətirib çıxarır. Müharibələrin iqlimə təsirini daha dərindən təhlil etmək üçün məsələyə geofiziki, kimyəvi və sosio-ekoloji faktorların vəhdəti kimi baxmaq lazımdır. Münaqişələr təkcə birbaşa emissiya mənbəyi deyil, həm də Yer kürəsinin özünü tənzimləmə mexanizmlərini zədələyən bir faktordur. Müharibə zonalarında atmosferin tərkibi kəskin şəkildə dəyişir. Bu, yağıntıların həm miqdarına, həm də keyfiyyətinə təsir edir”.
C.Hüseynov qeyd edib ki, partlayışlar və irimiqyaslı yanğınlar havaya külli miqdarda his və kükürd hissəcikləri yayır:
“Bu hissəciklər bulud damcılarının ətrafında toplandığı "kondensasiya nüvələri" rolunu oynayır. Nəticədə, bəzi bölgələrdə qəfil və dağıdıcı "leysan yağışları" baş verir, çünki atmosfer normaldan daha sürətli kondensasiya olunur. Sursatların yanması və kimyəvi zavodların dağılması nəticəsində atmosferə azot oksidi (NO_x) və kükürd dioksid (SO_2) atılır. Bu qazlar su buxarı ilə reaksiyaya girərək turşulu yağışlar əmələ gətirir. Turşulu yağışlar isə meşələri məhv edərək regionun rütubət dövranını (evapotranspirasiya) pozur”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız