Üç gündür BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun mənzillərində, villalarında, şadlıq evlərində işlətdiyi ustaların aqibətini, vermədiyi pulun məbləğini düşünürəm. Təsəvvür edin, adamın təkcə vermədiyi pul 800 min manatdır. Buraya sadəcə zəhmət haqqı deyil, həm də həmin tikintilərə istifadə olunan materialların pulu da daxildir.
Azərbaycanda belə tendensiya mövcuddur. Sifarişçi şəxs və ya dövlət qurumu hər hansı şirkətə tikinti sifariş verir. Sifariş alan isə bütün tikintini öz hesabına həyata keçirir, materialları öz pulu ilə və ya borca alır. Tikinti təhvil veriləndə isə əvvəlcədən əldə olunan razılığa əsasən, sifarişçidən pulunu alır. Amma ala bilirmi? İnternetdə axtarış versək bu mövzu ilə bağlı onlarla qarşıdurma materialı üzə çıxar. Yaxın bir iş adamı illər öncə - Əli Abbasovun nazir olduğu zaman elə bu qayda ilə Rabitə Nazirliyindən sifariş alıb. Bütün işləri tam təhvil verib, lakin pulunu ala bilmir ki, bilmir. Abbasov da getdi, ondan sonra nazir olan Ramin Quluzadə də. Amma həmin sahibkar hələ də material aldığı şirkətlərə borclu qalıb. Müflis olub. İllərdir məhkəmələrdədir, nə fayda?!
Abel Məhərrəmov da həmin ustaları bu qayda ilə tələyə salıb. İndi düşünün, onlara 800 min manat pul borclu olan şəxs elə bu yolla gör, nə qədər varidata sahibdir?! Ən kasıb təbəqədən bu qədər pul oğurlayan bir məmur görün, başqalarından nələr əldə edib?! pizza sifarişi
Rektorluq vəzifə olaraq ziyalıların, təmiz adamların yer tutduğu post sayılır. Bu, bütün dünyada belə qəbul olunur. Amma bizi dünyadan fərqləndirməyi bacaran Abel Məhərrəmov kimi yüzlərlə istedadlı məmurumuz var. Gələcəyin mütəxəssislərinin yetişdirildiyi, ölkənin bir nömrəli ali məktəbinin rəhbəri restoran, içki biznesi ilə məşğul olursa, bunun da üzərinə insanları işlədərək pulunu verməməklə dələduzluq hesab olunacaq əməl törədirsə, burada onun portretini çəkmək üçün ən peşəkar söz rəssamına ehtiyac olacaq.
Bir dəfə Abel Məhərrəmov özü öz portretini çəkmişdi. Özü də tələbələrin, kameraların önündə. İmtahandan kəsilən tələbənin etirazına cavab olaraq demişdi ki, rüşvət versəydin, qiymət alardın. Hələ Azərbaycanda heç bir məmur belə açıq danışmamışdı. Amma bu, onun yalnız bir profildən təqdimatı idi. Hələ nələr var, nələr yox, bunu bilmirik.
Deməyim odur ki, tələbələrin, vətəndaşların, gözəl insanlarımızın taleyi ilə qumar oynayan məmurların cəzasını ilahi ədalətə təslim edə bilərik. Amma axı qanunların da kəskin tələbləri var. O tələbləri Məhərrəmov üçün həyata keçirməyin vaxtı nəinki gəlib, hətta çoxdan keçmişdir.
Hər rüşvətxor 5-10 il vəzifədə qalıb var-dövlət yığacaq, işdən çıxarıldıqdan sonra bütün həyatını şad-xürrəm keçirəcəksə və bunun heç bir cəzası olmayacaqsa, o zaman hər bir valideyn yalnız abellər yetişdirmək həvəsində qalacaq. Qanun isə o vaxt şah olur ki, hesab vaxtında sorulur.
Elnur MƏMMƏDLİ
Telegram kanalımız