ABŞ və Qərbin “Qafqaz planı”: Ermənistan Rusiyaya qarşı   “strateji hücum silahı”na çevrilir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və Qərbin “Qafqaz planı”: Ermənistan Rusiyaya qarşı “strateji hücum silahı”na çevrilir

Siyasət

07 Fevral 2026 19:30 1667


Cənubi Qafqazdakı geopolitik proseslər Rusiyanın tam məğlubiyyətinə deyil, daha uzun müddət üçün strateji geri çəkilməyə məcbur buraxılmasına hesablanıb... Ermənistan isə ABŞ və Qərb tərəfindən bu prosesin "başlanğıc nöqtəsi" kimi xüsusi olaraq, seçilmiş "geopolitik alət" rolunu oynayır...

Cənubi Qafqazda baş verən geopolitik transformasiya daha ayrı-ayrı məqamlardan ibarət deyil və artıq sistemli prosesə çevrilib. Bu prosesin mərkəzində isə yalnız Rusiya-Qərb qarşıdurması yox, həm də Kremlin bu regiondakı ənənəvi dayaqlarının mərhələli şəkildə "sökülməsi" dayanır. Maraqlıdır ki, Rusiyanin Cənubi Qafqazdan sıxışdırılmasında Azərbaycan, Gürcüstan və yaxud da birbaşa regional münaqişə kimi faktorlar qətiyyən iştirak etmir, Və müşahidələr onu göstərir ki, Rusiya regiondan məhz yalnız Ermənistan üzərindən sıxışdırılır.

Onu da qeyd etmək lazımdır ki, bu strateji seçimin arxasında həm geopolitik rasionalizm, həm də Rusiyanın "zəif nöqtələri"nin dəqiq hesablanılması dayanır. Hazırda Kremlin “ən zəif geopolitik halqası” hesab olunan Ermənistan əslində, Rusiya üçün Cənubi Qafqazda ən etibarlı strateji müttəfiq sayılırdı. Belə ki, Ermənistandakı hərbi bazalar, sərhəd qoşunları, enerji sektoru, nəqliyyat-kommunikasiya infrastrukturu və kimi bütün önəmli rıçaqlar məhz Kremlin nəzarətində idi. Və məhz ona görə də, Ermənistan həmişə “Rusiyanın forpostu” kimi təqdim olunurdu. Toyuqlu pizza

Ancaq paradoks ondadır ki, indi Ermənistanla bağlı ən dərin asılılıq faktoru eyni zamanda, artıq Rusiya üçün ən böyük zəiflik amilinə çevrilib. Belə ki, Ermənistanın təhlükəsizlik sisteminin demək olar ki, tam şəkildə Rusiyaya bağlanması həm də alternativlərin olmaması demək idi. İkinci Qarabağ savaşı və ondan sonrakı hərbi toqquşmaların geostrateji nəticələri isə bu asılılığın "real dəyəri"ni göstərmiş oldu.

Məsələ ondadır ki, Rusiya Ermənistanı qorumağı bacarmadı və iki ölkə arasındakı müttəfiqlik öhdəliklərini də işə salmağa imkan belə, tapmadı. Rəsmi İrəvan Ermənistanın da üzv olduğu və Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) "müttəfiqlik öhdəliklərinə zidd passivlik"də suçladı. Nəticədə KTMT-nın real təhlükəsizlik mexanizmi olmadığı ilə bağlı qənaət formalaşdı. Məhz bu məqamdan sonra isə "narazı və məyus" Ermənistan Rusiyaya alternativ müttəfiq axtarmaqla, Kremlin "ən zəif halqası"na çevrildi.

Ancaq nə qədər qəribə də görünsə, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması prosesində Gürcüstan və Azərbaycanla bağlı hər hansı ciddi aktivlik müşahidə olunmur. Halbuki, əgər, əsas məqsəd Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqdırsa, onda Kremlin Gürcüstandakı mövqeyinə də zərbələr endirilməliydi. Və belə bir addımın atılmamasının əsas səbəbi 2008-ci ildən sonra Rusiyanın Gürcüstanda hərbi-siyasi təsir mexanizmlərini böyük ölçüdə itirməsi ilə izah olunur.

Məsələ ondadır ki, hazırda Qərb üçün Gürcüstan "tamamlama mərhələsində olan layihə" hesab edilir. Ancaq Rusiyanı Cənubi Qafqazda sistemli şəkildə sıxışdırıb, zəiflətmək üçün bu, qətiyyən yetərli deyil. Çünki region dövləti olan Ermənistan hələ də Rusiyanin hərbi-siyasi mövcudluğunun, sərhəd nəzarətinin və enerji asılılığının tam mərkəzindədir. Yəni, əslində, "Rusiyasız Qafqaz" layihəsi üçün əsas "düyün nöqtəsi" də elə məhz Ermənistan üzərindədir.

Təbii ki, Cənubi Qafqazda baş verən geopolitik transplantasiyada Azərbaycan faktoru həlledici xarakter daşıyır. Ancaq ABŞ və Qərb üçün ən önəmli geopolitik reallıq Azərbaycanın artıq tamamilə fərqli mövqedən çıxış etmək imkanları qazanması ilə birbaşa bağlıdır. Çünki rəsmi Bakı Qərbə yaxınlaşma siyasəti yürütməyə ehtiyac duymasa da, Rusiya ilə də ciddi məsafə saxlamağı bacarır. Və rəsmi Bakının bu balanslı siyasi kursu zaman keçdikcə, daha da dərinləşir, Azərbaycanın qlobal mövqelərini möhkəmləndirir.

Ermənistanda isə vəziyyət tamamilə fərqlidir. Belə ki, Paşinyan hakimiyyəti Rusiya ilə açıq qarşıdurma vəziyyətindədir. Eyni zamanda, Ermənistan cəmiyyətinin bir hissəsində artıq Rusiya əleyhinə əhval-ruhiyyə formalaşıb. Və üstünlük, Ermənistan üçün Rusiyadan kənar təhlükəsizlik alternativləri ictimai müzakirələr vasitəsilə legitimləşdirilib.

Digər tərəfdən, Paşinyan hakimiyyətinin KTMT-yə qarşı sərt ritorikası artıq sadəcə, siyasi-diplomatik narazılıq deyil, həm də sistemləşdirilmiş ideoloji hücum xarakteri daşıyır. Belə ki, rəsmi İrəvan bu hərbi-siyasi təşkilatdan çıxmağa cəhd göstərmıklə, kifayətlənmir. Buna paralel olaraq, həm də KTMT-nı Ermənistan üçün “dövlətçiliyə təhlükə” kimi də təqdim edir. Və bu isə KTMT-nın ümumiyyətlə, postsovet məkanında legitimliyinə ciddi zərbə vurur.

Məsələ ondadır ki, Kreml Rusiyanin patronajlığı altında olan bu yeganə hərbi-siyasi bloku həmin qurumun “ən sadiq” üzvünə belə, qəbul etdirə bilmir. Əslində, bu, həm də, bütün Cənubi Qafqaz regionu üçün ciddi hərbi-siyasi mesaj xarakteri daşıyır. Və Qərb üçün Ermənistanın KTMT-ya qarşı davranışları yalnız Cənubi Qafqaz deyil, eyni zamanda, həm də, bütövlükdə postsovet məkanı üçün önəmli presedent rolunu oynayır.

Maraqlıdır ki, Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi mövcudluq mexanizmlərinin belə mərhələli şəkildə sökülməsi, son illərin geopolitik xronologiyası baxımdan, qətiyyən təsadüfi proses kimi görünmür. Belə ki, əvvəlcə İrəvanın "Zvartsnots" hava limanından rus hərbçilərinin çıxarıldı. Ardınca rus sərhədçilərin İranla sərhəd bölgəsindən çıxarılmasına hədəfli proses başladıldı. Nəhayət, son vaxtlar isə Rusiyanın Türkiyə sərhədi üzrə mövqelərinin zəiflədilməsinə cəhd göstərilir.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın son vaxtlar Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ilə bağlı məsələni də tədricən siyasi problemə çevrməyə çalışması da qətiyyən gözlənilməz deyil. Ancaq Paşinyan hakimiyyətinin bu addımları əslində, Rusiyaya qarşı birbaşa ultimatum deyil. Belə ki, rəsmi İrəvan hələlik bu rus bazasına münasibətdə, onun “hərbi funksiyalardan məhrum edilməsi”nə yönəlik strategiya üzrə hərəkət edir. Yəni, Rusiya hərbi bazası Ermənistanda qalsa da, onun real təsir imkanları məhdudlaşdırılır. Və bu baxımdan, nə vaxtsa, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması nəticə olaraq, “texniki qərar” kimi də təqdim oluna bilər.

Bütün bunlara paralel olaraq, TRIPP layihəsi, modul AES müzakirələri, ABŞ rəsmilərinin İrəvana artan səfərləri onu göstərir ki, əslində, Ermənistana nəzarət ABŞ və Qərb üçün əsas hədəf deyil. Belə ki, ABŞ və Qərb Rusiyanın Cənubi Qafqazdakı geostrateji dayaqlarını zəiflətmək üçün Ermənistandan "əsas hücum platforması" kimi istifadə etməyə çalışır. Yəni, əgər, logistika və enerji təhlükəsizliyi alternativ mexanizmlərlə təmin olunarsa, onda Rusiyanın Ermənistanda hərbi mövcudluğu artıq “zərurilik” arqumentini itirmiş olacaq. Və bu isə əslində, Ermənistandakı Rusiyanın 102-ci hərbi bazasının taleyini əvvəlcədən müəyyənləşdirmək deməkdir.

Göründüyü kimi, hazırda Cənubi Qafqazda cərəyan edən proseslər əslində, Rusiyanın tam məğlubiyyətinə yönəlik deyil. Əksinə, bu proseslər Rusiyanın tədricən sıxışdırılaraq, daha uzun müddət üçün strateji geri çəkilməyə məcbur buraxmağa hesablanıb. Ermənistan isə ABŞ və Qərb tərəfindən bu prosesin "başlanğıc nöqtəsi" kimi xüsusi olaraq, seçilmiş "geopolitik alət" rolunu oynayır.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!