“Ailəmlə at əti yemək istəyirəm, mənə kim qadağa qoyur ki?”

saytların hazırlanması

Evə çatdırılma

“Ailəmlə at əti yemək istəyirəm, mənə kim qadağa qoyur ki?”

Sosial

25 Aprel 2026 18:37 403


“Türk mədəniyyətində at əti yemək ənənəsi var. Amma Azərbaycan mətbəxində yoxdur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, bir sıra türkdilli xalqlarda at ətindən istifadə ənənəsi mövcuddur:

“İlk öncə bir faktı qeyd etmək istəyirəm. 2023-cü ildə Şuşada Türk dövlətləri mətbəxi festvalı keçirildi. Mən orada münsif kimi iştirak edirdim. Bütün milli türk mətbəxləri həmin festivalda təmsil olunurdu. Bunların arasında Qırğızıstan və Qazaxıstan da var idi. Onların təqdim etdiyi təamlar arasında at ətindən hazırlanmış yeməklər də var idi. Türk mədəniyyətində at əti yemək ənənəsi var. Amma Azərbaycan mətbəxində yoxdur”.

Ekspert vurğulayıb ki, Azərbaycanda at ətindən istifadənin konkret qaydalar var:

“Digər tərəfdən, bəslənmiş, xüsusi kəsim üçün nəzərdə tutulmuş at ferması varsa və bu AQTA-nın nəzarətindən keçirsə, üzərində konkret “at əti” yazılmış məhsul formasında satılırsa, burada qadağa yoxdur. Yox əgər atı kəsib dana əti adı altında satırlarsa, bu işbazlıq hesab olunur. Məsələn, heyvanı kəsib, maşının arxasına qoyub gətirirlər və AQTA tərəfindən saxlanılır. Ümumiyyətlə, düzgün daşınma şərtləri var. Lap dana, qoyun əti belə olsa, maşının baqajında aparılmamalıdır. Kəsilmiş ət soyuducu ilə təchiz olunmuş avtomobillərdə daşınmalıdır. AQTA yoxlama zamanı baxır ki, at ətini kəsib daşıyan adamın at ferması, “at əti” adı altında əmtəə nişanı yoxdur. Belə olan təqdirdə, həmin vətəndaş təbii ki, cərimələnməlidir. Bu artıq işbazlıq hesab olunur və istehlakçıların hüquqlarının pozulmasıdır”.

A.Salamov qeyd edib ki, ölkədə at ətinin satışı üçün at fermalarının yaranması zərurət deyil:

“Misal üçün, mən ailəmlə at əti yemək istəyirəm. Mənə kim qadağa qoyur ki? Buna heç bir qadağa yoxdur. Amma işbazlığın qadağası var. Əgər dana əti adı altında gətirib harasa at əti satırlarsa, bu birmənalı şəkildə işbazlıqdır. Digər tərəfdən, vətəndaş özü üçün at ferması açıb amma qeydiyyatdan keçməyib, baytar nəzarəti yoxdur. Bəlkə həmin atlar xəstədir? Bu birbaşa işbazlıq hesab olunur. Mən məsləhət görərdim ki, istehlakçılar biraz diqqətli olsun. At ətinin rəngi dana və mal ətinə nisbətən qara olur. At ətinin üzərində sarımtıl piyə ləkələri nəzərə çarpır. At əti həm də bişirən zaman çox sərt olur. Azərbaycan mətbəxində at ətindən istifadə yoxdur. Bu baxımdan, onun fermasının olmasının da əhəmiyyəti yoxdur. Bizdə quzu, qoyun və dana əti daha çox istifadə edilir”.

Qeyd edək ki, ötən gün Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kiloqram ət aşkarlanıb. Saxlanılan şəxs ətləri fərdi istifadə üçün apardığını bildirib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!