Vaxtilə Ermənistan SSR-də mədəniyyət və incəsənətin inkişafında göstərdikləri xidmətlərə görə bir çox azərbaycanlı sənətkar fəxri adlara layiq görülüb. Onların böyük əksəriyyəti Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları və rejissorlarıdır.
“Yeni Sabah” sovet dövründə Ermənistanın fəxri adlarını qazanan azərbaycanlıların siyahısını təqdim edir:
Niyazi Tağızadə
“Maestro” adı ilə tanınmış dirijor və bəstəkar 1912-ci il avqustun 7-də Tiflisdə anadan olub. Azərbaycana bir çox musiqiçilər bəxş etmiş tanınmış Hacıbəyovlar nəslindən olan maestro Niyazi 1951 və 1952-ci illərdə Stalin mükafatı, 1959-cu ildə isə SSR Xalq artisti adını qazanıb. Yalnız bundan sonra onun istedadı Ermənistan SSR-də qiymətləndirilib. 1962-ci ildə Ermənistanın Xalq artisti adını qazanıb.
Zeynəb Xanlarova
Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində doğulub. Sovet dövründə Azərbaycanın ən məşhur müğənnilərindən biri olub. 1978-ci ildən Ermənistan SSR Salq artistidir. Tez-tez İrəvanda qastrol səfərlərində olan sənətçi Azərbaycan və Ermənistandan savayı, Özbəkistanın da Xalq artisti adına layiq görülüb.
Sürəyya Qacar
Bütün SSRİ miqyasında tanınan azərbaycanlı opera müğənnisi Sürəyya Qacar 1910-cu il mayın 1-də Şuşa şəhərində andan olub. 1927-ci ildən Azərbaycan Opera və Balet Teatrının, 1940-cı ildən isə Dövlət Filarmoniyasının aparıcı solisti olub. 1946-1957-ci illər ərzində Sürəyya Qacar Ermənistan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. 1954-cü ildə Ermənistan SSR Xalq artisti adını qazanıb.
Yunis Nuri
Yunis Nuri adı ilə tanınan aktyor Yunis Süleymanov 1878-ci il yanvarın 23-də İrəvanda dünyaya gəlib. O, Azərbaycan İrəvan Teatrının əsasını qoyan şəxslərdən biri sayılır. 1935-ci ildə Ermənistanın Əməkdar artisti adını qazanıb. Ömrü boyunca İrəvanda yaşayan və yaradan Y.Nuri 1950-ci il yanvarın 5-də 72 yaşında vəfat edib.
Əli Şahsabahlı
Əli Şahsabahlı 1896-cı ildə İrəvanda anadan olub. Ə.Şahsabahlı da, Yunur Nuri kimi, Azərbaycan İrəvan Dram Teatrı ilə sıx bağlı olub. Teatrda rejissor və aktyor kimi çıxış edən aktyor 1973-cü ildə dünyasını dəyişib. 1945-ci ildə Ermənistanın əməkdar artisti adına layiq görülüb.
Əli Zeynalov
Azərbaycanın görkəmli aktyoru, bədii qiraət ustası Əli Zeynalov 1913-cü il aprelin 4-də Salyan şəhərində anadan olub. Aktyorun atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Əli Zeynalov əvvəllər atasının yolunu davam etdirərək pedaqoji fəaliyyət göstərsə də, sonralar aktyorluq təhsili alaraq teatra üz tutub. Tamaşaçılar onu daha çox Həsənzadə, Simnar xan və s. obrazları ilə tanısalar da, Əli Zeynalov həm də bir sıra filmlərin səslənməsində iştirak edib. Əli Zeynalov 1955-ci ildə Azərbaycan SSR-nin Əməkdar, 1964-cü ildə isə Xalq artisti fəxri adına layiq görülüb. Dəyərli sənətkar 1939-cu ildə Ermənistan SSR-nin Əməkdar artisti adını qazanıb.
Cabbar Quliyev
Cabbar Quliyev 19 may 1922-ci ildə Ermənistanın Zəngibasar mahalında Haçaparaq (Zəhmət) kəndində anadan olub. 1941-ci ildə İrəvan Dövlət Pedaqoji texnikumunu bitirib. 1961-ci ildən 1988-ci ilə kimi İrəvan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyib. 50 illik rəssamlıq fəaliyyəti dövründə 4000-dən artıq əsər yaradıb, 23 dəfə fərdi sərgisi təşkil olunub. Dünyanın 20-dən artıq ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda əsərləri var. 1967-ci ildə Ermənistan SSR Əməkdar rəssamı adına layiq görülüb.
Sabir Rzayev
Sabir Rzayev 1924-cü il aprelin 17-də İrəvan şəhərində anadan olub. Tanınmış kino tənqidçisi, kinoşünas və ssenarist kimi bütün ömrünü Ermənistan kinematoqrafiyasının inkişafına həsr edib. Sabir Rzayev erməni kino tənqidçiliyi sənətinin əsasını qoyub və uzun illər Ermənistan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktor müavini, Ermənistan Kinematoqrafçılar İttifaqının katibi kimi məsul vəzifələrdə çalışıb. 1975-ci ildə Ermənistanın əməkdar incəsənət xadimi adını qazanıb. O 1978-ci il dekabrın 20-də İrəvanda vəfat edib.
Baxşı Qələndərli
Baxşı Qələndərli 1903-cü il iyulun 20-də Xankəndidə anadan olub. O uzun illər ərzində (1934-1951) Azərbaycan İrəvan teatrının baş rejissoru kimi çalışıb. Daha sonralar isə Naxçıvan Dövlət Musiqili Dram teatrında baş rejissor kimi fəaliyyət göstərib. 1939-cu ildə Ermənistan SSR əməkdar incəsənət xadimi adı ilə təltif edilib. B. Qələndərli 1985-ci il sentyabrın 14-də Naxçıvanda vəfat edib. Onun cənazəsi İrəvanda dəfn olunub.
Nazim Hacıyev
Telegram kanalımız