Məşhur jurnalist İTV-nin Baş direktoru olmaq istəyir   - “Xalaoğlu deyiləm, traktorçu Novruzun oğluyam!”

saytların hazırlanması

Evə çatdırılma

Məşhur jurnalist İTV-nin Baş direktoru olmaq istəyir - “Xalaoğlu deyiləm, traktorçu Novruzun oğluyam!”

Sosial

24 Aprel 2026 00:17 240


Xəbər verdiyimiz kimi, İctimai Televiziyanın Baş direktoru vəzifəsinə namizədlərin irəli sürülməsi üçün ərizə qəbulu elan edib. 

"Yeni Sabah" xəbər verir ki, tanınmış jurnalist Taleh Şahsuvarov bu vəzifəyə namizəd olduğunu açıqlayıb. 

Jurnalist bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

Paylaşımı olduğu kimi təqdim edirik: 

"Bəyan edirəm ki, bu vəzifəyə iddialıyam və sənədlərimi müvafiq qaydada təqdim edəcəm.

Özüm haqqında:

10 mart 1977-ci ildə Bərdə rayonun Qazıqurdalı kəndində anadan olmuşam. Bakı şəhərində 20 saylı məktəbin və BDU-nun Tarix fakültəsinin nəzdində məşhur tarixçimiz Yaqub Mahmudov tərəfindən təşkil olunmuş Respublika Tarix Liseyində təhsil almış, orta məktəbi universitet proqramı ilə, üstəlik ekstern yolla (vaxtından öncə) bitirmişəm.

Bakı Dövlət Universitetində fəlsəfə üzrə bakalavr, sosial fəlsəfə tarixi üzrə magistr pillələrində, həmçinin BDU-nun Hüquq fakültəsində ali təhsil almışam. ABŞ-də- Vətəndaş Diplomatiyası Akademiyasında- İctimai siyasət (ictimai birliklər üzrə) xüsusi kurs keçmişəm.

18 yaşımdan media sahəsində fəaliyyət göstərirəm. Azərbaycan mətbuat tarixində ən gənc baş redaktor olmuşam. Cənubi Qafqazda lider analitik-informasiya portalı olan AzNews.az saytının baş redaktoruyam.

Cənubi Qafqazda tarixi metaroman janrında ilk bədii əsərin, seçki sosioloiyası üzrə ilk elmi monoqrafiyanın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin, Hərbi Ovçular İttifaqının üzvü, "Pragma" İctimai Birliyinin sədriyəm.

Baş leytenant rütbəsində ehtiyyatda olan zabitəm. 2004/05-ci illərdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmət etmişəm. İkinci Qarabağ Savaşı veteranıyam, Ali Baş Komandan tərəfindən "Ağdamın azad olunmasına görə" medalı ilə təltif olunmuşam.

Digər təltiflərim:

- Prezident tərəfindən: "Tərəqqi" medalı;

- Baş nazir tərəfindən: "Vətən müharibəsi iştirakçısı" medalı;

- DTX tərəfindən: "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı;

- Dövlət Səfərbərlik Xidməti tərəfindən: "Hərbi vətənpərvərliyin təblğinə" görə diplomu;

- Azərbaycan Mətbuat Şurası tərəfindən: "Qələmdən süngüyə" mükafatı.

2021-23-cü illərdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvü olmuşam.

Azərbaycan mediasında demək olar ki, hər gün analitik janrda məqalələr yazıram, Azərbaycanın tarixi şüurunu möhkəmləndirir, milli ideologiyasını qüvvətləndirir, Konstitusiyasını təbliğ edir və strateji maraqlarını müdafiə edirəm.

İctimai Televiziyada nə edəcəm?

Bu barədə yaxın günlərdə ayrıca platforma təqdim edəcəm. Sadəcə indi viziyamın 3 əsas müddəasını açıqlayıram:

Konstitusiya, "İctimai televiziya və radio yayımı haqqında" və digər müfaviq qanunlar İTV tərəfindən sətirbəsətir yerinə yetiriləcək.

İTV-nin rəngini də, məzmununu da, narrativlərini də kökündən və 100% dəyişəcəm. Siz bu ekranda heç bir xarici dövlət başçısının müstəqil ölkədə ictimai rəyi manipulyasiya edəcək çıxışlarını izləməyəcək, xalqımızın zəngin potensialını sənədli filmlərlə, müxtəlif maraqlı layihələrlə yenidən kəşf edəcək, gələcək quruculuğumuzun üfüqlərini operativ xəbərlər, şərhlər və müzakirələrlə evinizdə görəcəksiniz.

İTV bütün seqmentlərə, həyat tərzlərinə, düşüncə oriyentasiyalarına açıq olacaq, ancaq milli və mənəvi düşüncə kodlarımız QIRMIZI ŞALVARLILARIN DAR BALAĞINA qurban verilməyəcək!

Bu kampaniyada üzdə və arxada əleyhimə çıxa biləcək hər kəsə yeganə ismarıcım:

Əlinizi uzadın, Azərbaycan dili ilə bağlı mənim apardığım mübarizənin bir cümləsinə dəng bircə açıq mövqeyinizi göstərin! Bunu göstərənlərlə digər məsələləri müzakirə etməyə hazıram.

Bu kampaniyada şüarım: XALAOĞLU DEYİLƏM, TRAKTORÇU NOVRUZUN OĞLUYAM!!!".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!