Azərbaycan Ordusunun ehtiyatda olan general-mayoru Qabil Məmmədov və hərbi ekspert Ədalət Verdiyev arasında qarşıdurma yaranıb.
“Yeni Sabah” xəbər verir ki, Q.Məmmədov aprelin 18-də “Facebook” sosial şəbəkə hesabında Ərazi Müdafiə Qüvvələri (ƏMQ) haqqında geniş yazı dərc edib.
Məqalə hərbi nəzəriyyə və praktika əsasında ərsəyə gətirilib. Rusiya-Ukrayna, ABŞ-İsrail-İran müharibələrinə toxunan general qeyd edib ki, müasir dövrdə güclü nizami ordu ilə yanaşı, Ərazi Müdafiə Qüvvələrinə də ehtiyac var. Onun fikrincə, Azərbaycan reallığında ƏMQ bir sıra vəzifə və tapşırıqları yerinə yetirə bilər. General bu vəzifə tapşırıqları müxtəlif hissələrə bölüb və onun geniş izahını verib.
Ehtiyatda olan zabit, hərbi ekspert Ədalət Verdiyev generalın yazısına rəy bildirib. O, həmin məqalənin altında Q.Məmmədovun adını çəkmədən, bir sıra ittihamlar irəli sürüb, onu xidmətdə və vəzifədə olduğu dövrdə yerlibazlıqda, usta dərəcəli zabitlərin rütbələrini ləngitməkdə, əsgər maaşı ilə kazarma tikməkdə, narkotik istifadəçisi olan hərbçini hərbi hissə komandiri (“kambrik”) vəzifəsinə təyin etməkdə, müharibə vaxtı döyüşlərdən yayınıb Hərbi Akademiyada təhsil almaqda günahlandırıb.
Q.Məmmədov Ə.Verdiyevin şərhini silib və aprelin 23-də ona geniş yazı ilə cavab verib.

General yazıb:
“Bu gün sizlərə bir şəxs haqqında məlumat verəcəyəm. Sözün açığı, bir müddətdir ki, mən çoxdan tanıdığım bu adamın son illər ərzində nümayiş etdirdiyi davranış və mədəniyyət etikasını anlaya bilmədiyimdən məcburi şəkildə bu yazını yazmalı oldum. Söhbət istefada olan kapitan və “hərbi-ekspert” Ədalət Verdiyevdən gedir. Əlbəttə, mən istəməzdim bu yazını yazam, amma bəzən insanlar həqiqətdən uzaqlaşıb yollarını azanda onlara istiqamət vermək və layiq olduqları yer göstərmək lazımdır.
Ədaləti 1998-ci ildən tanıyıram. O zamanlar mən korpusun qərargah rəisi, o isə Müdafiə Nazirliyi nəzdində yeni yaranmış Müfəttişlikdə müfəttiş vəzifəsində idi. Müfəttişlik polkovnik M.Həmidovun rəhbərliyi altında dövrü olaraq hissə və birləşmələrdə yoxlamalar aparardı. Mən də korpusun vəzifəli şəxsi kimi müfəttişliklə bərabər yoxlamalarda iştirak edər, aşkarlanan nöqsanlarla yerlərdəcə tanış olub onların aradan qaldırılması ilə bağlı ölçülər götürərdim. Və əlbəttə ki, müfəttişlikdə təmsil olunan 20-yə yaxın zabitin hamısı ilə tanış idim. O cümlədən də Ədalətlə. Mənim onunla heç bir zaman hansısa özəl münasibətim olmayıb. O, mənim üçün adi bir kapitan, müfəttiş idi. Səhv etmirəmsə, 2002-ci ilin sonlarında, müdafiə naziri Səfər Əbiyevin əmri ilə Müfəttişliyin əksər zabit heyəti, tutduqları vəzifələrdən azad olunaraq ön xətt hərbi hissə və birləşmələrində aşağı vəzifələrə təyin edildilər. Buna əsas səbəb müdafiə nazirinə müfəttişlərin rüşvət tələbləri ilə bağlı daxil olan şikayət və məlumatlar olmuşdu. Kapitan Ə.Verdiyev də tabeçiliyimdə olan ön xətt taborlarının birində tabor komandirinin müavini vəzifəsinə təyin olunmuşdu. Mən artıq korpus komandiri idim, Ədalətə qarşı münasibətim müsbət idi və o, mənə təqdim olunduğu zaman söhbətləşdim, başa salmağa çalışdım ki, həyatda hər şey ola bilir və hər şey keçib gedir. Əlbəttə, müfəttişlikdən və Bakıdan sonra gəlib ön xətt taborunda, səngərdə xidmət etmək çox çətin olur. Ədalət dəfələrlə məni görəndə yaxınlaşıb müraciət edirdi ki, xidmət etmək istəmir, alınmır, bundan sonra xidmətdə perspektiv görmür, ailədə problemi var və sairə. O, yaşadığı sıxıntılarını dilə gətirərək tərxis olmaq arzusunu bildirirdi. Mən onu bir insan kimi anlamağa çalışır və müəyyən simpatiyam olduğundan sakitləşdirici söhbətlər aparıb dözümlü olamağı məsləhət görürdüm. O zamanlar zabitlərə öz arzusu ilə xidmətdən tərxis ola bilmək mümkünsüz idi. Bu xahişlər bir neçə ay belə davam etdi. Bunu məndən o zamankı hərbi hissə komandiri də dəfələrlə xahiş etdi ki, Ədalətə kömək edim. Nəhayət günlərin birində, növbəti müraciəti zamanı mən ona başa saldım ki, ordudan ancaq “xidməti uyğunsuzluqla” tərxis olmaq mümkündür (bunu zatən bütün bilənlər bilirlər). O mənə razılığını bildirdi və mən, o vaxt korpusun kadr rəisi olmuş polkovnik-leytenant Eyvaz Qurbanovu çağırıb tapşırıq verdim ki, Verdiyevin sənədlərini hazırlasın. Necə deyərlər Eyvaz Qurbanov sağdır və bu olmuş söhbətə də canlı şahiddir. Müəyyən müddət keçdikdən sonra Ə. Verdiyevin əmri gəldi və o, tərxis olunub getdi.

Onu da qeyd edim ki, biz Bakıda onunla bir məhəllədə yaşadığımızdan arabir rastlaşanda salamlaşıb keyf-əhval da tuturduq. Və o mənə heç vaxt hansısa bir narazılığını ifadə etməmişdi. Zatən bu adamın öz istəyi və xahişi əsasında mən ona köməklik etmişdim.
10 ildən yuxarı müddət keçəndən sonra, Ə. Verdiyev haradasa işə düzəlib “hərbi ekspert” kimi fəaliyyət göstərmək arzusuna düşdüyündən onun üçün təmiz bir zabit reputasiyası vacib məsələyə çevrildi və bu adam orada-burada başladı S. Əbiyev və mənim haqqımda ağzına gələni yazıb pozmağa (çünki ictimayyət qarşısında kapitan rütbəsində xidməti uyğunsuzluqla tərxis olunmağına bir don geydirmək lazım idi). Yazılarından görünən o idi ki, guya mən S. Əbiyevlə əlbir olaraq çox mühüm strateji bir post tutmuş kapitanı planlı şəkildə məhv etmişik. Və guya səbəb də bu adamın korpusda qulluq etdiyi dövrdə aparılan ordu quruculuğu işlərinə qarşı narazılıq ifadə etməsi olub. Tam absurd. Çünki o zamanlar mənimlə xidmət edənlər bilirlər ki, xidmət etməyə “naz” edən bu tip zabiti ən azından “döyüş şəraitində xidməti səhlənkarlıq (342.2)” maddəsi ilə tərbiyələndirə bilərdim və heç vaxt onun tərxis olunmasına təqdim yazmazdım.
Sözün açığı ilk dəfə onun mənə qarşı bu hərəkətlərindən şok oldum, yani heç vaxt ağlıma belə gətirməzdim. Onun bu tip addımına təkcə mən yox, bütün onu tanıyanlar şok olmuşdular. Qeyd edim ki, sosial şəbəkələrdə bu hal bir neçə dəfə təkrarlandı. Mən ona məhəl qoymadım, çünkü belə çirkin söhbət və hərəkətlərə baş qoşmağı özümə səviyyə bilmədim. Çünki onun bu tip yazılarının sifariş olduğunu başa düşdüm. Bu gün sifarişlər yerinə yetirənlər N qədərdir. Və nəhayət iş o yerə çatdı ki, çox hörmətli qardaşımız Aqil Alışovun feysbuk səhifəsində mənim adımı çəkmədən (çünki bilir ki, onu məhkəmədə cəzalandıra bilərəm) mənə qarşı təhqir və böhtan məzmunlu komment yazdı. Kommentdə qəsdən elə həssas mövzulara toxunub ki, məni tanımayan və bilməyən insanlarda mənə qarşı nifrət yaratsın, işgüzar imicimə xələl gətirsin. Düzdür, mən kimlərəsə hesabat verməyə borclu deyiləm, amma onun yazdıqları böhtanlara aydınlıq gətirməyi, kim olduğunu cəmiyyət içində açıqlamağı üstün tutdum. Və öncədən belə insanlara demək istəyirəm ki, - “sübut edə bilməyəcəyin şeyləri danışmaq istər qanuni, istərsə də qeyri-qanuni aləmdə məsuliyyətdir. O şey ki, sübuta yetirilməyəcək – o, böhtandır”. Ə. Verdiyev kommentdə yazır:
1. Qulluq etdiyim zaman “yerlibazlıq” etmişəm.
Cavabım: Tam absurd, tam böhtan. Yetişdirdiyim kadrların coğrafiyasına nəzər salsanız o zaman hər şey bəlli olar. Necə deyərlər - Elin gözü tərəzidir.
2. Peşəkar və usta dərəcəli zabitlərin rütbələrini ləngitmişəm.
Cavabım: Tam absurd, tam böhtan
1) “Usta” dərəcəsini müdafiə Naziri öz əmri ilə verir və mənim vaxtımda bizim sıralarda “Usta” dərəcəsi heç kimdə olmayıb.
2) Rütbə, bölük komandirləri və yuxarı vəzifələrə təyinat məsələlərinə o zaman qərargah rəisi vəzifəsini icra edən general A. Həsənovun sədrlik etdiyi “Attestasiya komissiyası”nda baxılıb qərar qəbul ediləndən sonra sənədlər imza üçün kadr rəisi tərəfindən mənə təqdim olunurdu. Və mümkünat yox idi ki, kimsə rütbə və yaxud vəzifəyə görə kiməsə pul vermiş olsun.
3) Əsgər maaşı ilə kazarma tikmək.
Cavabım: Ön xətdə qulluq edən əsgərlərin sağlamlığını təmin etmək üçün həqiqətən də tərəfimdən göstəriş verilmişdi ki, vərəm xəstəliyinə qarşı ölçü qismində bölmələr üçün mini kazarmalar yerin altında yox, üstündə tikilsin. O zamanlar Prezidentin sərəncamı ilə yaradılmış Müdafiə Şurası adlı qurum var idi və hər hərbi hissəyə təhkim olunmuş Rayon İcra Hakimiyyətləri lazım olan inşaat materialları ilə (sement, daş, taxta) təmin edirdilər. Bunu mənim müavinlərim (general A.Həsənov, polkovniklər - N.Babayev, N.Əhmədov) və korpusun idarə heyətinin digər zabitləri də təsdiq edə bilərlər.
4. Müharibə vaxtı akademiyada oxuyanlar.
Cavabım: Bu yanaşmada da məntiq yoxdur. Bəli mən 1992-1995-ci illər ərzində Moskvada Hərbi akademiyada RF hesabına əyani təhsil almışam. Akademiyada oxumaq və vətənə dönmədən rus ordusu sıralarında qalıb xidmət keçmək fərqli anlayışlardır. Akademiyanı da bitirən kimi fərari qismində Azərbaycana gəlib xidmətə başlamışam. General M. Beydullayev, RF-da mənə qarşı açılmış cinayət işinə görə canlı şahiddir. Və mənimlə bərabər Məgər müharibələr zamanı hərbi məktəb və akademiyalar təhsil prosesini Amma 1992-ci ilin may ayının axırlarında Azərbaycana gəlib 777 hərbi hissəyə qatılmaq istədim.
5. “Narkoman kombriq” təklifi ilə təcrübəli zabitləri müxtəlif bəhanələrlə ordudan uzaqlaşdırmaq.
Cavabım: Tam absurd, tam böhtan. Qoyulmuş sualın özü insanın düşüncə qabiliyyətindən xəbər verir. Bu sualın mənasını kimlərsə dərk edərsə, o zaman qoy mənə də mənasını başa salsınlar. Və görəsən kimdir tərəfimdən “narkoman kombriq təklifi” ilə ordudan uzaqlaşdırılmış təcrübəli zabitlər?!
Ədalət, söz və sübut anlayışları arasında fərq böyükdür. Siz artıq bunu dərk etməli idiniz. Sübuta yetirilməyən isə böhtan sayılır. Hər bir insan sözünə və əməlinə görə cavab verməlidir. Sizin bu komment, dostlarım tərəfindən skreen olunub və mənə göndərilib. Təzəlikcə azadlığa çıxmısınız, istəmirəm sizi bu böhtanlarınıza görə məhkəməyə (Mülkü Məcəllə, maddə 23 və CM 147 maddəsi) verim, çünki bu mənim öz etik normalarıma uyğun olmadığından bunu özümə ar bilərəm. Və yekunda sizə olan məsləhətim odur ki, başınızı aşağı salıb öz şəxsi və ailə işlərinizlə məşğul olasınız. Amma xəbərdarlıq edirəm, bu hal axırıncı dəfə olsun, əks təqdirdə ən azından bu kommentə (komment skreen olunub və saxlayıram) görə qanun çərçivəsində ölçü götürməli olacağam”.

Hərbi ekspert Ədalət Verdiyev “Yeni Sabah”a açıqlamasında general-mayor Qabil Məmmədovun ittihamlarının əsassız olduğunu söyləyib.
“Bu adam tabeliyində xidmət edən zabitin rütbəsini düz əməlli bilmir. Mən mayor rütbəsi ilə inspeksiyada olmuşam və bu rütbə ilə korpusda xidmət etmişəm. Şər-böhtan yazmaqla deyil. Mən heç yerdə, o cümlədən onun statusunun altına yazdığım şərhdə Qabil Məmmədovun adını çəkməmişəm, amma bütün söhbətləri öz üzərinə götürür. Hətta inspeksiyada olan vaxt mayor idim. Mənim polkovnik-leytenant rütbəmi ləngidildiyi üçün ordudan uzaqlaşmışam. Usta dərəcəm, mayor rütbəsində olmağım və vəzifələrim şəxsi işimdə möhürlənib. Bu adam nə yazdığının fərqində deyil. Əsgərlərin 2 aylıq maaşını yığıb kazarma tikdilər. Ona görə raport yazdım. Sonra hamısını tutub yığdılar içəri. Təkcə Qabil Məmmədov yox, bir neçə zabiti. Rayon hərbi komissarlığından şəxsi işimi əldə edə bilsəm, mayor rütbəsinin, usta dərəcəsinin şəkilini çəkib ona göndərəcəyəm. Töhmət və xəbərdarlığım olmadan polkovnik-leytenantımı ləngidib”.
Nazim Hacıyev
Telegram kanalımız