Gecənin qürub çağı peyda olan, iri cüssəli, uzun saçlı və parlaq gözlü qadın obrazı… Türk xalqlarının mifoloji təsəvvürlərində “al anası”, “hal anası” və ya bəzi bölgələrdə “albastı” adı ilə tanınan bu sirli varlıq əsrlər boyu insanların qorxu və inanclar sistemində xüsusi yer tutub. Amma müasir dövrdə bu obraz demək olar ki, yaddaşlardan silinib.
Bəs “al anası” kimdir?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, folklorşünas Ağaverdi Xəlilov danışıb. Pepperoni pizza
Onun sözlərinə görə, mifologiyada “al anası” və ya “hal anası” qadın cini kimi təsəvvür olunur və daha çox zərərverici xüsusiyyətlərlə xarakterizə edilir:
“Türk xalqlarının mifoloji təsəvvürlər sistemində “al anası”, “hal anası” və ya “hal arvad” deyilən bir qadın obrazı mövcud olub. Bəzi türk xalqlarında bu obraza “albastı” deyilib.
Azərbaycan mifoloji təsəvvürlərində də belə bir obraz olub. Buna “al anası”, “al arvad” və ya “hal anası” deyilib. Bu qadın şəklində təsəvvür olunan bir mifoloji obrazdır. Bu obrazın funksiyaları ilə bağlı müxtəlif mətnlər mövcuddur.
Folklor İnstitutunun arxivində bu obrazla bağlı mətnlər var və onlar müxtəlif bölgələrdən toplanıb. Bir çox bölgələrdə bu obraz arxaikləşib. "Al anası" obrazı xəyali də olsa, ənənəvi obraz kimi düşüncələrdə mövcud olub, amma indi demək olar ki, unudulub. Bu haqda olan bəzi mətnlər nəsildən nəsldən nəslə keçərək müasir dövrə qədər gəlib çıxıb. Mifoloji düşüncə obrazı kimi müasir insanın düşüncəsindən silinib. Müasir insanlar bu obrazı təsəvvür etmirlər. Ona görə də onun xeyirxah və ya bədxah funksiyası müasir insan üçün mövcud deyil.
Əslində "al anası" qadın cindir. Bir cin anasıdır. Bu mənada cinlərin fəaliyyəti, onların funksiyası "al anası"na da aiddir. Cinlərin insanlarla əlaqəli fəaliyyətləri haqqında əfsanə və rəvayətlər vardır. “Cin vurması”, “cin tutması”, “cinlənmək” və ya “cini çıxrmaq”, “cini tutmaq” ifadələrinin mətnlərdə ifadələri mövcuddur. Buradan aydın olur ki, cinlərin funksiyası, əsasən, ziyanlıdır”.
Folklorşünas deyib ki, müxtəlif bölgələrdən qeydə alınan nümunələr bu obrazın funksional xüsusiyyətlərini bu günə qədər yaşadıb:
“Al dilimizdə işlənən çoxmənalı sözlərədən biridir. Bir mənası da hiylə deməkdir. Cinlərin hiyləsi, insanları aldatması da "al anası"nın funksiyalarına daxildir.
Bu obrazı xəyalında görmüş şəxsin söhbətindən aydın olur ki, "al anası" uca boylu, cüssəli, iri bir qadındır, Uzun saçları, böyük döşləri, parlaq gözləri var. Günəş batan vaxtlarda, yəni qürub çağı görünüb. Cinlər adətən günün qaranlıq hissəsində fəaliyyətdə olurlar, insanların qapılarını pusurlar. Ona görə də qapıdan çölə qaynar su atanda “cinin balasını yandırarsan” deyirlər. Cinləri insanlara qarşı qəzəbləndirməmək mənasında “bismillah” deyilir və bu zaman cinlər həmin yeri dərhal tərk edirlər.
“Qərib cinlər diyarında” filmində qadın cin obrazı canlandırılıb. Mifoloji "al anası"na tam uyğun olmasa da, cin qadın kimi düşünülüb.
Bölgələrdə yeni doğulan körpələrə cinin ziyan vurması haqqında təsəvvürlər mövcud olub. Yeni doğulan körpənin 40 günü tamam olmadan onun olduğu otağa adam daxil olanda uşağı otaqdan çıxarırlar. Adam otağa girəndən sonra yenidən uşaq otağa gətirilir. Buna bənzər adətlər indi də qalıb. Bu uşaqları bəd ruhdan, bəd nəzərdən qorumaq məqsədi daşıyıb. Bunu "al anası" ilə də əlaqəli izah edənlər var. Məsələ burasındadır ki, bu mifoloji obraz artıq arxaikləşib. Adətlər isə ənənədə simvolik olaraq yaşamaqdadır. Müasir insanın düşüncəsində belə bir obraz olmadığı üçün onun təsiri də yoxdur”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız