Bir neçə gün öncə Səbail rayonunda yerləşən “Ali və Nino” kitab mağazasında baş verən oğurluq hadisəsi sosial şəbəkə istifadəçiləri arasında böyük rezonansa səbəb oldu.
Mağaza rəhbərliyinin polisə məlumat verməsindən sonra oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanıldı. İki kitab oğurlayan gənc daha sonra məhkəmə prosesində bəraət alıb azadlığa çıxdı.
Yenisabah.az xəbər verir ki, məsələ ilə bağlı “Ali və Nino” mağazası rəsmi açıqlama yayıb. pizza mizza
Onlar məsələnin hüquqi yolla həll edildiyini bildiriblər:
“Son günlər sosial media gündəmində yayılan və müzakirələrə səbəb olan hadisə haqda ətraflı izah verməyi qərara aldıq. Keçən həftənin əvvəlində Fəvvarələr meydanındakı mağazamızda oğurluq baş verib. Hələ oğurlanan malların maddi dəyəri bəlli olmadan, mağazanın qarşısında satıcımız kitab oğurlayanları saxladıqda onlar kobudluq göstərib, işçimizi itələyib, götürdükləri kitabların bir neçəsini atıb aradan çıxıblar. Onların kobudluğu və qaçması səbəbindən satıcılarımız polisə müraciət ediblər və polis əməkdaşları bu məsələni dərhal nəzarətə götürüblər. Aparılmış əməliyyat-axtarış nəticəsində polislər bu şəxsləri saxlayıb məhkəməyə təqdim ediblər. Ötən həftənin 5-ci günü məhkəmə olub, hakim onlara bəraət qazandıraraq dərhal yerindəcə azadlığa buraxıb və bununla da məsələ bizim tərəfimizdən qapanıb.
Bu həftənin əvvəlində DİN bu haqda öz qaydalarına əsasən mətbuatda məlumat xarakterli xəbər paylaşıb.
"Əli və Nino" Kitab mağazaları şəbəkəsi olaraq polis tərəfindən saxlanılan və məhkəmənin azadlığa buraxdığı şəxslər haqda heç bir məlumat, foto və s. paylaşmamışıq. Həmçinin bizim üçün də xoş olmayan bu hal haqda şirkətimiz adından heç bir mətbuat orqanına rəsmi müsahibə, açıqlama verməmişik”.
Mağazadan bildirilib ki, həmin gənclər kitab oxumaq istədiklərini bildirsəydilər, onlara təmənnasız kitab verilərdi:
“Biz ölkənin ən birinci kitab satışı şəbəkələrindən biri olaraq 15 ildən artıq davam edən fəaliyyətimiz müddətində hər zaman bizə üz tutmuş bütün oxucuları kitabsız qoymamışıq. Həbsxanalar, uşaq inkişaf mərkəzləri, şəhid ailələri, qazilər, az təminatlı ailələr, tələbələr - bizə səmimi müraciət edən hər kəsə təmənnasız kitablar hədiyyə etmişik və bunu heç yerdə (sosial media, mətbuat və s.) gündəmə gətirməmişik.
Əgər gənclər belə bir addımı atmaq əvəzinə bizə yaxınlaşaraq kitab oxumaq istəklərini bildirsəydilər, biz lazım olan şəraiti yaradardıq. Necə ki, bunu dəfələrlə etmişik. Lakin baş vermiş bu xoşagəlməz olayla bağlı lazımi orqanlar - polis və məhkəmə gərəkli olan bütün tədbirləri artıq görüb məsələyə hüquqi qiyməti veriblər.
Maddi dəyərindən asılı olmayaraq, bu kimi xoşagəlməz oğurluğa cəhd hallarının bir daha bizim və bizimlə yanaşı, digər kitab satışı məkanlarının da başına gəlməyəcəyinə ümid edirik”.
Telegram kanalımız