Azərbaycanda xüsusi karantin rejiminin elan olunmasından sonra ərzaq məhsullarına tələbat daha da artıb. “Evdə qal” kampaniyasına qoşulan əhali artıq qədərindən çox ərzaq almağa başlayıb. Bu isə bazara təsirsiz ötüşməyib. Hətta atılan addımların rahatlıqla işbazların əlinə fürsət verdiyini deyə bilərik. Çünki ərzaq məhsulları bahalaşıb. Bəs bahalaşmanı önləmək üçün hansı tədbirlər görmək olar? Bazara müdaxilə mümkündürmü?
İqtisadçı-ekspert Vahid Məhərrəmov Yenisabah.az saytına açıqlamasında bildirib ki, Azərbaycan kifayət qədər ərzaq məhsulları istehsal edə bilmir. Nəticədə insanlar ərzağın tükənə biləcəyindən ehtiyat edirlər, ona görə də əvvəldən almağı üstün tuturlar, bu isə bahalaşmaya gətirib çıxarır: “Biz yaxşı halda normanın 50 faizini ödəyə bilirik. Söhbət o normadan gedir ki, onu Ümumdünya Səhiyyə Təşkilatı müəyyən edir. Azərbaycan hökumətinin müəyyənləşdirdiyi norma minimum normadır, əslində norma da deyil, minimum tələbə hesablanmış həddir. Bahalaşma ilk olaraq bununla əlaqədardır. İkinci səbəb isə ajiotajdır. İnsanlar ümidli deyil ki, bazarlarda, mağazalarda ərzaq həmişə kifayət qədər olacaq. Nəticədə ajiotaj yaranır”.
Vahid Məhərrəmov mövcud vəziyyətin uzun çəkməyəcəyini vurğulayıb: “Ərzağı 1 həftəlik və ya 1 aylıq alsalar da, fərqi olmayacaq, çünki tələb olunandan artıq qida qəbul edə bilməyəcəklər. Həmçinin əhalinin alıcılıq qabiliyyəti də o qədər də yüksək deyil, bir müddət sonra bu daha da azalacaq. Söhbət əsas əhalidən gedir. Çoxlu sayda insan əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir. Həmin şəxslər artıq əmək haqqından məhrumdurlar. Onlara hər hansı formada sosial yardım edilmir. Buna görə də bir müddət sonra biz alıcılıq qabiliyyətinin kəskin şəkildə azaldığını görəcəyik. Nəticədə qiymətlər indiki kimi yüksək olmayacaq”. Sezar pizza
Bazara müdaxilə məsələsinə gəldikdə isə ekspert hökumətin bazara heç vaxt müdaxilə edə bilmədiyini deyib: “Cəhd edilsə də, nəticə olmayıb. Bu mümkün deyil, bazar iqtisadiyyatıdır, yəni qiyməti bazar müəyyən edir, Nazirlər Kabinetində əyləşən məmur yox. Müəyyənləşmə kiminsə diqtəsi ilə olmur. İşbazlarla mübarizə üçün tədbir yoxdur. Bu gün əgər istehlakçı zəncəfili 40 manata alırsa, deməli bazar bunu diqtə edir. Bununla mübarizə aparmaq mümkün deyil”.
Telegram kanalımız