Azərbaycan Milli Elmlər Akademiyasının iclasında müzakirəyə çıxarılmış 20 quş növünün adının dəyişdirilməsi birmənalı qarşılanmayıb. Həmçinin alman və rus mənşəli bir sıra adlar milli adlarla əvəzlənib.
Məsələylə bağlı “Yeni Sabah”a danışan AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov tənqidlərə cavab verib:
“Mən də baxdım. Sosial şəbəkədə bu haqda fikir səsləndirənlər bekar adamlardır, məlumatları yoxdur. Həm də o xəbər dəqiq verilməmişdi. Quşların adları dəyişdirilməyib. Ümumiyyətlə,növlərin adlarının dəyişdirilməsini biz alimlər yaxşı qarşılamırıq. Çünki bu, yaradıcılıq sayılmır. Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sərəncamı var: “Azərbaycanın fauna informasiya sisteminin yaradılması”. Müəlliflər bəzi növləri bir neçə adla yazırlar. Bu da sistemsiz bir şəkil alır. Məsələn, bir müəllif “Qafqaz tetrası” ,o biri “Meşə xoruzu”, digəri “Meşə fərəsi” yazır. Belə yeknəsəkliklərin , müxtəlif adların qarşısını almaq üçün elmi mərkəzlər Naxçıvan, Gəncə, Bakı Dövlət Universiteti, o cümlədən Zoologiya İnstitutu belə bir Komissiya yaratdıq. Komissiya bu adların hamısına baxdı, müzakirə etdi. Bəzi hallarda birmənalı dəyişdirildi, biri seçildi, bəzi hallarda isə mötərizədə digər adı da yazıldı”. Dominos pizza
Direktor bu məsələnin gündəmə gəlməsinin digər səbəbindən də danışıb:
“Burada ikinci zərurət ondan ibarət idi ki, elm aləmində bioloji növlərin adları iki sözdən ibarət olur. Bizdə tərcümə zamanı bəzi müəlliflər 3-4 sözdən ibarət adlar qoyublar. Bunlara da baxdıq. Məsələn, “Aralıq dənizi quru tısbağası”. Burada 4 söz var, çox uzun olur. Belə problemlərin hamısı indiyə kimi yığılıb qalmışdı. Komissiya olaraq yekdil konsensusa gəldik. Hesab edirik ki, normal sistem yaratmışıq.
Sosial şəbəkədə izləyirəm. Bəzi adamlar deyirlər, çox gülməli gəlir. Hər kəs öz işiylə məşğul olsa daha yaxşı olar. Məsələn, biri yazır ki, qiymətlər qalxır, bunlar quşun adını dəyişir. Biz neyləyək? Alimlərik. Bunlar qeyri-peşəkar və ya bekar, qəzəbli insanların fikirləridir. Amma elm adamları, mütəxəssislərin tənqidi fikirlərini qəbul edirik. Yenə deyirəm bu, bir nəfərin iddiası deyil, 6 aydan çoxdur müzakirə edilir. Bizim Naxçıvanda Bioresurslar İnstitutu, AMEA-nın filialı, BDU-da “Onurğalılar” laboratoriyası var. Orada professor, müəllim heyəti çalışır. Hamısı iştirak edib. Elə-belə bir şey deyil. Bizim o qədər işimiz var. Hazırda Paleontologiya elmini inkişaf etdirmək istəyirik. Bir zamanlar bizdə çox böyük paleotoloji məktəb olub. Amma son dövrlərdə bu əlaqə kəsilib. Yəni işlərimiz həddən artıq çoxdur. Bu adları nizama salmaqda məqsəd, yəni bir növün bir neçə adının olması idi. Bu da yaxşı hal deyildi. Təsəvvür edin bir adamın bir neçə pasportu var”.
Alim bildirib ki, məsələylə bağlı bütün müəllifləri bir araya gətiriblər:
“Respublikada hansı tanınan, məqaləsi çap olunan, bu sahəni uzun illərdir tədqiq edən mütəxəssislər varsa, hamısı burada iştirak etdi. Sonda konsensus varianta gəldik. Bəzi hallarda elə oldu ki, iki mütəxəxssis hərəsi öz işlətdiyi adı müdafiə etdi. Ona görə bəzi adlarda ikinci ad yazdıq. Dünya elmində buna yol verilir. İstər ingilis, istərsə də rus ədəbiyyatında bəzən bir növün bir neçə adı olur. Bu tək quşlarla bağlı deyil. Məsələn, Göyrüş ağacı var, Fraksinus. Bizdə elmi dildə adı göyrüşdür. Bəzi regionda ona “Dəndə” deyirlər.Bunlar bir az problemlər yaradır. Hərə bir şey yazır. Yerli ədəbi folklor dilində möhkəmləşmiş adları da saxladıq. Elə adlar var onları mötərizdə ikinci ad olaraq yazdıq. Məsələn, əvvəlki “Qırmızı” kitabda adı tetradır. Sonradan bir mütəxəssis gəzərkən görüb ki, yerli əhali buna daha çox “Meşə xoruzu” deyir. “Tetra”nı saxladıq mötərizədə “Meşə xoruzu” yazdıq. Bu, irəliyə atılmış addımdır. Ümumiyyətlə, lüğət məsələsi elm aləmində həm çox problemlidir, qınağa çevrilən bir şeydir, həm də vacib məsələdir. Artıq mütəxəssislər bütün yazılarında, çıxışlarında bundan istifadə edəcəklər. Heyvanların qəbul edilmiş sonuncu konsensus adlarını qəbul etdik”.
Əsmər Qabil
Telegram kanalımız