“Bu gün Bakıda E-kommersiya Forumu keçirilir. Belə tədbirin keçirilməsi müsbət hal olsa da, hələ də elektron ticarətin ümumi ticarətdə payı 1 faizə belə çatmır. Bu isə ondan xəbər verir ki, bu sahədə daha sistemli və kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.
“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O, Azərbaycanda elektron ticarətə mane olan səbəbləri qeyd edib. V. Bayramovun sözlərinə görə, Azərbaycan az sayda dövlətlərdən biridir ki, elektron ticarəti vergiyə cəlb edir:
“Azərbaycan elektron ticarəti vergiyə cəlb edən az sayda dövlətlərdən biridir. Hətta elmi məqalə işləmək üçün elektron proqram alınanda da əlavə dəyər vergisi (ƏDV) ödənilir. Beyin mərkəzinin internet səhifəsinin hostinqi üçün internet üzərindən ödənişlər edən zaman belə 18 faiz ƏDV tutulur. Halbuki, bu tip elektron ödənişlər əksər inkişaf etmiş ölkələrdə bütün vergilərdən azaddır. Pepperoni pizza
Bunun səbəbidir ki, son illər elektron xidmətlərdən istifadə edən müştərilərin xeyili hissəsi Gürcüstanda özlərinə bank hesabı açırlar. Elektron ticarətinin inkişafına əngəl olan digər faktor elektron infrrastrukturun tam olaraq inkişaf etməməsidir. Xüsusən də, post-terminalların işləməməsi və xidmət sektorunda sahibkarların elektron ödənişlərə marağının az olması halları var. Banklara olan inam da elektron ticarətin inkişafına maneə olur”.
Ekspert ölkədə elektron ticarətin necə inkişaf etdirilə biləcəyini də izah edib:
“Bu baxımdan, biz təklif edirik ki, ABŞ da daxil olmaqla əksər ölkələrdə olduğu kimi Azərbaycanda da elektron ticarəti dolayı vergidən, yəni ƏDV-dən azad olunsun. Post-terminalların istifadəsi ilə bağlı şərtlər və nəzarət təkmilləşdirilsin. Ən əsas məqamlardan biri, cari hesablarda olan vəsaitlər də dövlət tərəfindən sığortalansın ki, vətəndaş plastik kartında vəsait saxlamaqda tərəddüd etməsin. Elektron ticarətin inkişafı yalnız sistemli islahatlar nəticəsində mümkün ola bilər”.
Sabrina Eldarqızı
Telegram kanalımız