“Azərbaycan heç vaxt kimsənin torpağına təcavüz etməyib” 

“Azərbaycan heç vaxt kimsənin torpağına təcavüz etməyib” 


Azərbaycan xalqı özünün zəngin milli, mənəvi prinsipinə daim sadiq qalıb, bu dəyərləri daha da inkişaf etdirməklə əsrlərlə qoruyub saxlayıb. 

Azərbaycanın qədim dövlətçilik tarixinə, ənənələrinə malik olduğunu sübut edən bir sıra tarixi abidələri, sənət əsərləri, musiqisi mövcuddur. Ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri də zənginləşib.

Bəs görəsən, sənət adamlarını mədəniyyətin təbliği sahəsində atılan addımlar qane edirmi? Azərbaycan mədəniyyətinin təbliği istiqamətində başqa hansı addımlar atıla bilər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı qeyd edib ki, mədəniyyətimizdə milli irsin qorunub saxlanılması, eyni zamanda, onun dünya miqyasında təbliğ edilməsi sahəsində böyük işlər görülüb və hazırda bu sahədə görülən tədbirlər davam etdirilir:

“Zaman, dövr, dövrün çağırışları  dəyişir, ona görə də istənilən xalq bu dəyişən dünyada var olmaq istəyirsə, zamanın çağırışlarına hazır olmalıdır. 

Milləti var edən, zamandan-zamana daşıyan ən güclü vasitə onun mədəniyyətidir, dilidir, mənəvi dəyərləridir. Bu mənada, təbii ki, Azərbaycan və azərbaycanlılar bu çağırışlara hazır olmalıdır. 

Mədəniyyət bir milləti, xalqı həqiqətən  var edən nəsnədir. Düşünmürəm ki, biz bu sahədə hər şeyi etmişik, amma eyni zamanda “biz heç nə etməmişik” demək də doğru deyil. 20 il bundan əvvəlki Azərbaycanla bugünkü Azərbaycanın bütün sahələrdə çox böyük fərqi var. 

Azərbaycan mədəniyyətinin, musiqisinin, rəsminin, rəqsinin, geyiminin, ümumiyyətlə, Azərbaycan xalqının dünyada tanıdılması istiqamətində çox böyük işlər görülür və görülməkdə də davam edir”.

Aktyorun sözlərinə görə, artıq uzun illərdir ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği ölkəmizin səsini dünyaya yayır. Qarabağın işğaldan azad olunmasından sonra isə dünya ölkələri bizimlə daha çox maraqlanır və xalq olaraq bu fürsəti dəyərləndirməliyik:

“Nəticə etibarilə, 2020-ci ildə Qarabağda baş verən hadisə və əsas hissəsinin işğaldan azad olunması dünyada Azərbaycana, Azərbaycan xalqına diqqəti artırdı. Bizi indi daha çox tanımağa çalışırlar və bu bir fürsətdir. 

Bu fürsətdən istifadə edərək ədəbiyyatımızı, dilimizi, mədəniyyətimizi, bütövlükdə özümüzün mədəni dəyərlərimizi dünyaya tanıtmalıyıq. 

Biz xalq olaraq min illərin o başından gələn böyük mədəniyyətin sahibiyik, humanist xalqıq. Azərbaycan heç zaman kimsənin nə torpağına, nə mədəni dəyərlərinə təcavüz etməyib. Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri, etnik azlıqlar yaşayıblar, yaşamağa da davam edirlər. Bizdə heç vaxt dini, etnik baxımdan başqalarına münasibətdə qeyri-insani hərəkət olmayıb, biz həmişə burada yaşayan insanları bizdən olan kimi qucaqlamışıq və birgəyaşayışımızı bu gün də davam etdiririk. 

Bu, bizim dəyərlərimizdir, mədəniyyətimizin göstəricisidir. Biz bugünkü vəziyyətdən istifadə edərək dünyaya daha çox açılmalı, özümüzü tanıtmalıyıq. Əgər biz var olmaq istəyiriksə, qloballaşan dünyada özümüzəməxsusluğu qoruyub saxlamalıyıq. Dünyanı öyrənməklə, tanımaqla bərabər, həm də qloballaşan dünyada var olmağın yolları axtarıb tapmalıyıq.

Hər halda, düşünürəm ki, Azərbaycan xalqının, müxtəlif sənət adamlarının buna kifayət qədər potensialı var, sadəcə olaraq, biz bir-birimizə inanmalıyıq, bir-birimizdən çıxış edərək mədəniyyətimizi tanıtmalıyıq. Çəkilən kinolarımızda, seriallarımızda öz aktyor və rejissorlarımızın olmasına çalışmalıyıq. Özümüzdən olanları göstərməyi bacarmalıyıq. 

Kiminsə əvəzinə başqası gəlib bizi tanıda bilməz! Bu, biz olmayacağıq. Əlbəttə ki, dünyanın bir çox ölkələri ilə onların sənət adamları ilə əməkdaşlığımız, birgə layihələrimiz ola bilər, amma ən doğrusu məhz özünə güvənərək, özündən istifadə edərək dünyaya açılmaqdır. Bax, onda sən özün olacaqsan. 

Ona görə mən düşünürəm ki, bu gün Azərbaycan teatrı öz potensialı ilə dünyaya açılmalıdır, qastrol səfərləri təşkil olunmalıdır. Türküstan, Orta Asiya respublikalarına, Şimali Qafqaz, qardaş Türkiyəyə, Avropa ölkələrinə səfərlər olmalıdır, bunun üçün potensial var, sadəcə, bu qapılardan keçməyi bacarmalıyıq və özümüzdəki “kiməsə ehtiyacı olan” kompleksindən qurtulmalıyıq. 

Dünyanı gəzmişik də, görmüşük də, tanıyırıq, biz heç kimdən əksik deyilik. Sadəcə bir-birimizə inanıb, güvənib, bir-birimizə dəyər verməklə, özümüzü dünyaya tanıda bilərik, öz dəyərlərimizi qoruya bilərik. 

Mən bu cür düşünürəm və hesab edirəm ki, çox şey yaxşı istiqamətdə dəyişəcək, bunun üçün kifayət qədər işlər görülür. Yenə deyirəm, biz yalnız özümüzə güvənərək sabahımızı qura bilərik. Təbii ki, dünyanın da bizə qarşı ədalətli olmağından ötrü də işlər görməliyik, deməliyik ki, bizi tanıyın, biz buyuq, biz böyük mədəniyyətin daşıyıcısı olan xalqıq”.

Əsmətxanım Rzazadə 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!