YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Azərbaycan kinosunun qadınları niyə ləçərdir?

Azərbaycan kinosunun qadınları niyə ləçərdir?

Mədəniyyət

12 Sentyabr 2022 15:57 21746


Bədii film heç vaxt ədəbi əsərin tam inikası ola bilməz, – bu, mübahisəsiz həqiqətdir. Hətta bəzən film romandan daha cəlbedici olsa da. Azərbaycan kinosunda, təəssüf ki, belə bir nümunə tanımıram. 

O gün “Facebook”da bir “dost” “Arxadan zərbə” filminin qüsurlarından yazmışdı. Mənim kimi diqqətli tamaşaçı da Azərbaycan filmlərində o qədər nöqsan tapar ki, ən çox bəyəndiyiniz film belə bir anda gözünüzdən düşər. Xüsusən, ekranlaşdırılan bədii əsərdirsə...

Məsələn, “Dəli Kür”. Romanın mütaliəsindən aldığın ləzzəti filmdən ala bilmirsən. Kinoversiyanın lap əvvəlində Cahandar ağa özgə arvadını qaçırır və ertəsi gün qaçırılan qadın “Mən Cahandarı sevirəm”, - deyir. Bunu bir azərbaycanlı olaraq mən başa düşmürəmsə, hansısa ingilis, yapon, yaxud ərəb tamaşaçı necə qavrayacaq? Onun azərbaycanlılar haqqında təsəvvürü – bu səhnəni gördükdən sonra – necə yoğurulacaq? Sizcə, ürəyində “bunların hamısı seksual manyakmış ki!” - deyəcək, ya deməyəcək?

Psixologiyada təcavüzkar və qurban arasında qarşılıqlı rəğbətin yaranma ehtimalını izah edən “Stokholm sindromu" deyilən bir termin var. İnkar etmirəm, mümkündür. Amma bunun “Dəli Kür”də də baş verdiyinə kim inanar. Həm də 24 saat ərzində...

Buna görə də filmdəki Mələk, Allahyarın halalca arvadı (romanda ərinin onu sevmədiyi qeyd olunur) “Mən Cahandarı sevirəm” cümləsi ilə tamaşaçı nəzərində şeytana dönür.

Eyni qıcıq başqa bir filmdəki qadın obrazına da şamil edilə bilər – Cəbiş müəllimin arvadı. Zahirdə və batində ərinin tam əksi olan bu evdar qadının bir çox hərəkətləri hətta bəzi hallarda nifrət oyadır. Filmə baxarkən onu zirək, ailəcanlı yox, fəndgir və həyasız saya bilmək üçün də səbəblər tapanlar ola bilər. 

“Bizim Cəbiş müəllim”dən kəsilib atılan bir epizod var: qonşu Əbülfəz qadını xəlvətə çəkib, işvəkar qadına şərab təklif edir... Yox, Əbülfəz arzusuna çatmır, kadrda yalnız qaranlıq küncə sıxışdırılmış namus düşməninin çığırtıları və qadının endirdiyi zərbələrin səsi eşidilir.

Bir anlıq təsəvvürünüzə gətirin, bu epizod filmə düşsəydi, Cəbiş müəllimin arvadı gözümüzdə mələyə dönməzdimi!?

Mənim oxucu və tamaşaçı kimi ən böyük iradlarımdan biri də “Axırıncı aşırım” filminədir. Fərman Kərimzadənin 2 hissəli romanı bu bədii filmdə həm natamam, həm də bəzi hissələrdə tərsinə əks olunub. Bir məqam məni xüsusilə qıcıqlandırır: hər dəfə “Bax bu Qurana and olsun, Kərbəlayı” deyən Qəmlo elə bil İmanın möhür, “iştampel”inin müsadirəsindən daha çox məhz arvadının tapılması hayındadır. “Məlum məsələdir” niyə... 

Bu qənaəti hələ kimsə mübahisə mövzusu edə bilər. Amma Qaçaq Nəbidən bəhs edən “Qanlı zəmi" filmində kəndxudanın bığının kəsilməsi səhnəsi birmənalı olaraq milli şüurla heç cür həzm oluna bilməz. 

Nəbinin yanına gələn şikayətçi kəndxudanın arvadına gözü düşdüyünü deyir və buna görə də azğının cəzalandırılmasına nail olur. Lakin filmin kadrlarında gördüyümüz şeytani istəklə üzləşmiş, hər addımda təqib olunan iffətli deyil, qaş-göz oynadan, cilvə atan qadındır. Bunu görən tamaşaçı kənxudanın şərləndiyini və nahaqdan kişilik qürurunun alçaldıldığnı düşünməsin, neyləsin...

Odur ki, məni qınamayın, bəzən dərindən düşünürəm: niyə Azərbaycan kinosunun qadınları ləçərdir?   

Əziz Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!