Azərbaycan xalqı özünün zəngin milli, mənəvi və əxlaqi dəyərlər prinsipinə daim sadiq qalıb, bu dəyərləri daha da inkişaf etdirməklə əsrlərlə qoruyub saxlayıb. Azərbaycanın qədim dövlətçilik tarixinə, ənənələrinə malik olduğunu sübut edən bir sıra tarixi abidələri, sənət əsərləri, musiqisi mövcuddur. Ölkəmiz müstəqillik qazandıqdan sonra ölkə mədəniyyətinin inkişaf istiqamətləri də zənginləşib. Mədəniyyətimizdə milli irsin qorunub saxlanılması, eyni zamanda, onun dünya miqyasında təbliğ edilməsi sahəsində böyük işlər görülüb və hazırda bu sahədə görülən tədbirlər davam etdirilir. Artıq uzun illərdir ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği ölkəmizin səsini dünyaya yayır.
Ötən gün Özbəkistan prezidentinin Azərbaycanın bir neçə mədəniyyət nümayəndəsini təltif etməsi mədəni irsimizin zənginliyinin nümunəsi hesab edilə bilər.
Özbəkistanın Xalq Artisri adına layiq görülən Gülyanaq Məmmədova “Yeni Sabah”a açıqlamasında bildirib ki, o təltif olunduğu üçün qürur hissi keçirib və fəaliyyətdə olduğu 30 il ərzində həmkarları ilə birgə musiqimizi xarici ölkələrdə uğurla təbliğ etməyi bacarıb: Dördpendirli pizza
“Mən 30 ildir səhnədəyəm, bu 30 ildə yetərincə xarici ölkələrdə olmuşam, Amerika, Almaniya, Fransa, Avstriya, Rusiya, türkdilli dövlətlərdə səhnə almışam.
İzlədiyim konsert proqramlarından şahidəm ki, bu gün Azərbaycan musiqisinin, tarının, sazının səsi xarici ölkələrdən gəlirsə, demək ki, yetərincə təbliğ olunur. Muğamlarımızın səsi-sədası haralardan gəlir bilirsiniz.
Bu mənada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın müstəsna xidmətləri danılmazdır. Mehriban xanımın 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasına yeni üfüqlər açmış oldu. Azərbaycanın muğam sənəti UNESCO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə daxil edildi.

Çox şadam ki, Azərbaycan musiqisi bu gün öz sözünü deyə bilir və bundan sonra daha da möhkəmlənəcək. Bunun üçün də hamımız səy göstərməliyik. Bu işin ətrafında bütün sənətçilər bir olmalıyıq, əlimizdən gələni əsirgəməməliyik. Mən özüm də öz payıma Azərbaycan mədəniyyətinə xidmət etməkdən qürur duyuram”.
Sənətçinin sözlərinə görə, bundan sonra da musiqimizi təbliğ edəcək kifayət qədər istedadlı gənclər var:
“Ümumiyyətlə, bir ölkəni xarici ölkələrdə təmsil etmək üçün ilk növbədə onun milli musiqisi təbliğ olunmalıdır. Çünki bizim kökümüz milli musiqimizdən bəllidir.
7 muğamın köklənməsi üzərində bütün dünya musiqiləri köklənib, bu özü dərinmənalı bir şeydir. Biz bu muğamlar üzərində bütün dünya musiqilərini ifa edə bilərik.
Caz, Estrada, vokal janrında musiqilər ifa etməyi bacararıq. Başda milli musiqimizi ifa etdikdə hər şey daha gözəl olur. Bu gün Azərbaycanda istər muğam, istər caz, estrada, vokal janrında ölkəmizi təmsil edə biləcək istedadlı gənclərimiz var. Bizim musiqimiz çox gözəldir və hər yerdə öz yerini tuta bilir”.
Ötən gün Özbəkistan prezidenti tərəfindən təltif olunan digər soydaşımız, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərov Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib.
Ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından danışan R.Əskərov qardaş Özbəkistanla bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, 44 günlük Vətən müharibəsindən danışıb, Özbəkistanın Azərbaycanın haqq işini müdafiə etdiyini qeyd edib və bunun üçün minnətdarlıq edib:

“Hər şeydən əvvəl mən Özbəkistan prezidenti Şavkat Mirziyayevə həm öz, həm də təltif olunmuş azərbaycanlı alimlər, incəsənət xadimləri adından təşəkkür edirəm, böyük dəyər verib.
Eyni şeyi də Prezidentimiz onlar üçün etdi və bir neçə özbək aliminə və əslən azərbaycanlı ifaçı Nəsibə Abdullayevaya Xalq artisti adı verdi.
Bunlar çox gözəldir. Bu gün bizim Özbəkistanla çox parlaq münasibətlərimiz var. Özbəkistan bəlkə də yeganə ölkədir ki, Ermənistanla diplomatik əlaqəsi yoxdur. Onlar tam şəkildə İkinci Qarabağ müharibəsində bizi dəstəklədilər və bizimlə eyni platformada durdular.
İndi də bu işlər davam edir. Ümumən isə türk dünyasına inteqrasiya davam edir. Bu inteqrasiyaya biz Turan deyirik, amma bu, doğru deyil. Bu, əvvəlcə mədəni, daha sonra isə siyasi və iqtisadi sahədə olmalıdır. Biz mədəni sahəni keçmişik, iqtisadi sahədə inteqrasiya var və biz artıq siyasi və hərbi inteqrasiyaya gedirik. Buna da getməliyik, çünki biz qüdrətli bir türk millətiyik, bizim dünyada 7 müstəqil dövlətimiz var.
Eləcə müxtəlif ölkələrin tərkibində soydaşlarımız yaşayırlar, ərazilərimiz 12 milyon kv.km. təşkil edir. Ona görə də bizim buna haqqımız var. O da yavaş-yavaş Allahın izni və yardımı ilə həyata keçirilir və keçəcək”.
Əsmətxanım Rzazadə
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız