Prezident İlham Əliyev sənət adamları ilə görüşən zaman ölkədə məhkəmə sistemində islahatlarla bağlı anons vermişdi. Bundan sonra mövzu aktuallaşdı və ölkədə ən problemli sahələrdən birinin də məhz məhkəmələrin ədalətsiz qərarları olduğu qeyd edildi.
Azərbaycanın ilk ədliyyə naziri , Ədalət Partiyasının sədri İlyas İsmayılov “Yeni Sabah” açıqlamasında bildirib ki, əslində, heç digər sahələrdə də islahat filan getmir: “Kimisə çıxarmaq, kimisə dəyişmək – bu, islahat deyil. Əfv sərəncamının imzalanması islahatdır ki? Deyil. Azərbaycanda bütün məhkəmələr hamısı rejimə qulluq edirlər, qanuna yox. İstərdim ki, bunun əksi olsun, yəni hamı qanuna qulluq etsin. Ümumiyyətlə, islahat başqa şeydir.
Məhkəmələrə gəlincə, qeyd etdiyim kimi qanuna tabe olsalar, daha yaxşıdır. Başda prezident olmaqla, hamı qanuna əməl etməlidir. O zaman ölkədə hər şey qaydasında olar. Buna baxmayaraq, Azərbaycan qanunlarla idarə olunmur. Hakimlər də, mübarizə orqanları da tapşırıq həyata keçirirlər, rejimə qulluq edirlər. Qanuna tabe olmaq elə ən böyük islahatdır”. pizza hut
Vəkil Adil İsmayılov da eyni fikirdədir. O qeyd edib ki, bu gün cəmiyyətdə olan problemlər məhkəmələrdə də yaşanır: “Söhbət təkcə məhkəmələrdən getmir, bununla əlaqəli olan digər sahələr də var- vəkillik, prokurorluq və.s. Bu sahədə ən böyük problem məhkəmələrin müstəqil olmamasıdır. Müstəqil məhkəmə sistemi yaranacaqsa, hakimlərin müstəqilliyi təmin oluncaqsa, güman edirəm ki, bu, bütün digər sahələrdə də özünü göstərəcək, qalan problemlər həll olunacaq.
Məhkəməyə kənardan olan müdaxilələrin qarşısı alınacaqsa, məhkəmələr işə yalnız qanun əsasında baxacaqlarsa, başqa problem qalmayacaq. Faktiki olaraq məhkəmələr münsif rolunu oynayırlar, kimin haqlı, kimin haqsız olduğunu müəyyən edirlər. Məhkəmə qeyd etdiyim məsələyə qanun prizmasından baxacaqsa, qalan işlər düzələcək”.
Günay Rəsulqızı
Telegram kanalımız