Azərbaycanda banklar dollar almır: Nə baş verir?

Azərbaycanda banklar dollar almır: Nə baş verir?

Siyasət Veb saytların hazırlanması

26 Yanvar 2023 08:17 10387


Yanvarın 24-də Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Amma son illər ilk dəfə hərracda bankların sifarişi olmayıb və onlar dollar almayıb. 

Ondan əvvəl - yanvarın 19-da isə hərracda tələb cəmi 1.5 milyon dollar təşkil etmişdi. Ümumilikdə isə bu ilin əvvəlindən dollara tələbatda azalma müşahidə olunur. Yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satılıb və növbəti hərraclarda tələbatda azalma olub. Yanvarda keçirilmiş altı hərracda ümumilikdə 159.1 milyon dollar satılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən dörd dəfə azdır. 2022-ci ilin yanvarında hərraclarda 642.7 milyon dollar alınmışdı.

Dollara tələbat niyə azalıb, manat bahalaşa bilərmi? Artıq altı ilə yaxındır 1 dollar 1 manat 70 qəpik dəyərində qalmaqdadır.

Məsələyə, hələlik, Mərkəzi və başqa banklardan münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, bu məsələdə hər hansı ciddi dəyişikliklər gözləmək lazım deyil: 

"Çox güman ki, maliyyə sektorunda hansısa daxili proseslər gedir. Bu tendensiya davam etməyəcək. Əlbəttə ki, dollar satılmağa davam edəcək, sadəcə əvvəlki qədər dollara tələbatın həcmi azalır".

Deputatın sözlərinə görə, indi manat olduqca stabildir: "Manatın bu stabilliyi dəstəklənir. Hətta dövlət siyasəti dollarla manatın paritetliyini dəstəkləməsindən ibarətdir. Manat stabil valyuta olduğuna görə dollara çox böyük həcmdə ehtiyac yoxdur".

O hesab edir ki, manat çox cüzi bahalaşa bilər: "2-3 bənd civarında dəyişiklik ola bilər. Bundan artıq olmayacaq".

İqtisadçı Rəşad Həsənov da AzadlıqRadiosuna deyib ki, bu tendensiyanın davam edəcəyinə inanmır: "Burda böyük ehtimalla əsas səbəb bazarda manat kütləsinin ilin əvvəli olmasından qaynaqlanan çatışmazlığıdır. Manat kütləsinin əsas təminatçısı, eyni zamanda, dövlət büdcəsinin xərcləmələridir. Bu istiqamətdə müəyyən gecikmələrin olması ilin əvvəlində bazara manat kütləsinin az daxil olmasına gətirib çıxarır".

Onun fikrincə, bu proses uzun müddət davam etməyəcək: "Növbəti həftələrdən başlayaraq mərhələli şəkildə xüsusilə manata doğru valyuta tələbi yenə də artmağa başlayacaq".

İqtisadçı qeyd edib ki, manat uzun müddətdir möhkəmlənməyə meyl göstərir: "Bu, 2017-ci ildən bir neçə dəfə təkrar olunub. 2022-ci ildən sonra xüsusilə bu istiqamətdə təzyiqlər artıb. Həm ticarət saldosu neftin baha olması səbəbindən əhəmiyyətli səviyyədə yüksək olub, həm də tədiyə balansında ciddi profisit formalaşıb".

Onun sözlərinə görə, faktiki olaraq Azərbaycan hökuməti manatın möhkəmləməsinə konkret məhdudiyyətlər tətbiq edir: "Yəni, ABŞ dollarına qarşı manatın 1.70 məzənnəsi bu istiqamətdə konkret məhdudlaşmadır. Manatın möhkəmlənib, ucuzlaşması dolların digər valyutalara münasibətdə dünya bazarında göstərdiyi məzənnə dinamikasından asılıdır. Yəni, bizdə ABŞ dollarına sabitlənmiş məzənnə olduğu üçün dollar dünya bazarında digər valyutalara münasibətdə möhkəmlənəndə bizim manat da möhkəmlənir".

O əlavə edib ki, əks proses gedəndə manat da ucuzlaşır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!