Kitab və kitab mütaliəsinin önəmini nəzərə alaraq YUNESKO 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında hər il aprel ayının 23-nü “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” elan edib. Ölkəmizdə də bu tarixi gün qeyd olunur.
Bəs görəsən, Azərbaycanı çox kitab oxuyan ölkələr siyahısına əlavə etmək olarmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Tanınmış teleaparıcı, yazıçı-publisist Orxan Fikrətoğlu bu gün Azərbaycanda lazımlı kitabların oxunmadığını bildirib: Pepperoni pizza
“Bu gün Azərbaycanda kitab üç böyük düşmənlə üz-üzədir. Bu düşmənlərin birincisi nanotexnoloji inqilabdır. İkincisi, bazar, üçüncüsü isə cahillik və nadanlıqdır.
Mən deməzdim ki, bu gün Azərbaycanda kitab oxunmur, oxunur, amma fikrimcə gərəkli kitablar oxunmur. Azərbaycanlıların intellektini yüksəldəcək kitablar oxunmur. Bu isə nə kitabın, nə də cəmiyyətin səhvidir. Bu, kitabı yönləndirməli olan, onu milli inkişafın təməl prinsiplərinə yönləndirməli olan qurumların, idarələrin günahıdır.
Azərbaycan ədəbiyyatı təbii ki, bir neçə kökə daha bağlıdır: Türk mentallığına, ümumtürk ədəbiyyatına, Xəqaninin, Nizaminin təmsil olunduğu islam ədəbiyyatına və Sovet dönəmində 15 respublikanın sintezindən yaradılmış Sovet ədəbiyyatına…
Yəni bu köklər hələ də mövcuddur, amma yeni yanaşma, yeni ədəbiyyat, yeni təsnifatlar, insanlara çatdırılmalı olan dəyərlər və əsası yeni insan növü bu gün ədəbiyyatda düzgün aşılanmır. Düşünürəm ki, müasir, zövqlü oxucu üçün bu da bir problemdir. Azərbaycanı intellektual ölkələr sırasına aid etmək olar.
Kitab oxuyub-oxumamaq məsələsinə gəldikdə isə yenə də deyirəm, gərəkli kitablar Azərbaycanda oxunmur və düzgün kitablar təbliğ olunmur. Bu da nə kitabın, nə də oxucuların günahıdır”.
Son vaxtlar aktual olan kitab qiymətləri məsələsinə də toxunan Fikrətoğlunun sözlərinə görə, qiymətlərin baha olmasının günahkarı yazıçılar deyil:
“Kitab qiymətlərinin baha olması şəxsən özümün də yaşadığım problemdir. Azərbaycanda nəşriyyat problemi var və yazıçı ilə nəşriyyatların arasında hüquqi zəmində formalaşmamış bir reallıq var. Məsələn, yazıçı kitabı yazıb bitirir, aparır nəşriyyata. Bundan sonra nəşriyyat öz, bazar da öz faizini qoyur. Nəticədə yüksək qiymətlər ortaya çıxır.
Sizi inandırım ki, yazıçının özü də qazana bilmir. Tutalım, kitab 5 manata ərsəyə gəlirsə, yazıçının özü o 5 manatın 1 manatını qazanır ya qazanmır sual altındadır. Əslində, kitablar həqiqətən də bahadır, amma bu yazıçının günahı deyil. Bu. Qanun tənzimlənməməsinin və nəşriyyatların fəaliyyətlərini düzgün qurmamasının nəticəsidir”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız