Azərbaycanda üzüm istehsalı və şərabçılıq məhsullarının ixracı sahəsində çox ziddiyyətli vəziyyət müşahidə olunur. Son bir neçə ildə bu sənaye sahəsinə ciddi investisiya qoyulması və üzüm bağlarının genişləndirilməsi sayəsində əhəmiyyətli istehsal artımını təmin etmək mümkün oldu: 1 oktyabr tarixinə Azərbaycanda 48,8 faiz artımla 165,4 min ton üzüm yığıldı.
Bununla yanaşı bu ilin 10 ayı ərzində üzüm şərabı və şirəsi ixracatının həcmi 22,5 faiz azalıb. Şərabçılıq məhsullarının xaricə tədarükü ilə bağlı mənfi statistika, əsasən, bütün ixracın əsas payını təşkil edən Rusiyaya ixracın azalması ilə əlaqədardır.
Əsasən Rusiyaya və bir neçə postsovet ölkəsinə yönəlmiş alkoqollu məhsulların xarici ticarətinin zəif diversifikasiyasına səbəb nədir? pizza mizza
Çin, Şimali Amerika və Şərqi Avropaya şərab məhsullarının ixracının genişləndirilməsi perspektivləri nə yerdədir? Yeni bazarlarda reklam və tanıtımı gücləndirmək üçün hansı tədbirlər görülür?
Məsələ ilə bağlı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxracın Təşviqi departamentinin direktoru Fuad Cəfərovla əlaqə saxlamağa çalışdıq. Lakin Fuad bəy telefonu açsa da, biz cavab vermədən təkrar bağladı. Sonrakı zənglərimiz is ümumiyyətlə cavabsız qaldı. AZPROMO-nun saytından göstərilən nömrələrə zəng vursaq da, yenə cavab verən olmadı.
“Yeni Sabah”a danışan iqtisadçı ekspert Pərviz Heydərov Azərbaycan şərabının postsovet ölkələrinə ixracı ilə bağlı problemləri şərh edib:
“Statistikanın diqtə etdiyi rəqəmlər heç də şişirdilməli deyil. Söhbət üzümçülükdən və şərabçılıqdan gedirsə, mən o fikirlə razı deyiləm ki, bu sahədə tənəzzül var. Əksinə dövlət başçısı üzümçülüyü, pambıqçılığı priotet olaraq kənd təsərrüfatının ən mühüm qolları kimi uğurla inkişafı üçün böyük vəsaitlər ayırır. Bu statistikanın özündə də aşkar şəkildə özünü göstərir. Həm əldə etdiyimiz məhsul həcmi artıb, ixracda bu məhsulların oynadığı rol genişlənib. O cümlədən, üzümçülük sahəsində də mən qeyd etmək istəyərəm ki, bu sahə də çox böyük nəticələr var. Qeyri-neft sektorunda ən çox ixrac olunan məhsullardan biri də şərab məhsullarıdır. Amma müəyyən dövr ərzində bu sahədə azalma qeyd alınıbsa, bu məhz subyektiv səbələrdən ola bilər. Çünki “Made in Azərbaycan” adı altında məhsulların təşviqi və ixracının genişləndirilməsi istiqamətində son illər ərzində hökümət səviyyəsində çox böyük işlər aparılır. Ticarət evlərinin təşkil olunması, həmin məhsulların reklamının təmin olunması, MDB ölkələrində, Yaxın Şərqdə ixracatın təşkil olunması göz qabağındadır".
O, Çin, Şimali Amerika və Şərqi Avropaya şərab məhsullarının ixracının genişləndirilməsi perspektivlərini ilə da bağlı danışıb: "O ölkələrə hər cür prespektiv var. Dünyanın ən inkişaf etmiş ölkələrində Şimali Amerikada, Avropanın özündə də şərabın satışını təşkil mümkündür. Avropada Azərbaycan şərabının rəqabət qabiliyyəti özünü çoxdan sübut edib. Azərbaycanın elə məhsulları var ki, rəqabət qabiliyyəti çox yüksəkdir. Bunu Amerika bazarında da reallaşdırmaq mümkündür. Sadəcə bu işləri təmin və təşkil etmək asan deyil, vaxt və pul lazımdır".
Ekspert yeni bazarlarda reklam və tanıtımı gücləndirmək üçün hansı tədbirlər görülməli olduğunu belə izah edib: "Əlbətdəki buna dövlət özü nəzarət edir. Prezidentimiz hətta dünən pambıqçılıqla əlaqədar keçirdiyi görüşdə də qeyd edir ki, bizim elə məhsullarmız var ki, onların bazarda kəşf olunmasına böyük vəsait lazım deyil. Sadəcə bu məhsulların istehsalını yüksək səviyyədə təşkil etmək və məhsulun bazara çıxışını təmin etmək lazımdır”.
Xatırladaq ki, cari ilin sentyabrında Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi Fondunda (AZPROMO) Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun nümayəndələri ilə görüş təşkil olunub. Görüşdə AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycan şərablarının Çin bazarında təşviqi və satışının artırılması məqsədi ilə görülən işlərdən bəhs edib. Bildirilib ki, bu istiqamətdə artıq Çinin iki şəhərində (Urumçi və Şanxay) şərab evi fəaliyyət göstərir, Azərbaycanlı şərab istehsalçıları Çində təşkil olan bir çox sərgilərdə iştirak edib, şərab ixracının artırılması istiqamətində müzakirələr aparıblar. Yusif Abdullayev Çinli mütəxəssisləri ölkəmizdə yaradılmış əlverişli biznes mühitindən yararlanmağa, Azərbaycanlı həmkarları ilə sıx əməkdaşlığa dəvət edib.
Qeyd olunub ki, Azərbaycanda səfərdə olan Çin Milli Qida və Fermentasiya Tədqiqatı İnstitutunun şərab mütəxəssisləri, media nümayəndələri və spirtli içki idxalçılarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 14 şərab istehsalı müəssisəsində olub, istehsal prosesi ilə tanış olub, yerli istehsalçılarla məhsulların Çinə ixracına dair danışıqlar aparıblar.
Həmin ay Şəki şərab zavodu məhsulların İspaniyaya tədarük olunması barədə müqavilə imzalayıb. Bunu müəssisənin direktoru Vidadi Həsənov deyib. Onun sözlərinə görə, söhbət aylıq 200 min butulka şərabın Barselonaya tədarükündən gedir: "İlkin tədarük yaxın aylarda başlayacaq. Əvvəlcə biz 18 min butulka göndərməyi planlaşdırırıq. Daha sonra tədarük aylıq 200 min butulkayadək çatıdırılacaq".
Direktor əlavə edib ki, zavod, həmçinin Rusiyadan tədarük üçün sifarişlər alıb: "Biz yaxın aylarda Rusiyaya ixracı başlamaq niyyətindəyik. Paralel olaraq, biz Belarusdan olan tərəfdaşlarla danışıqlar aparırıq. İlin sonunadək bu bazara da ixrac nəzərdə tutulur".
V.Həsənov qeyd edib ki, üzüm yığımı mövsümünün yekunlarına əsasən, müəssisə 2 min tonadək üzüm əldə etməyi və bu məhsuldan 130 min dekalitrədək şərab istehsal etməyi planlaşdırır.
Ötən ilin oktyabr ayında isə Fransanın Paris şəhərində keçirilmiş “Sial Paris” beynəlxalq ərzaq sərgisində "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 23 Azərbaycan şirkətinin məhsulları "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edilib. Əvvəlki sərgilərdə olduğu kimi, “Sial Paris”də də Azərbaycan məhsulları keyfiyyət və dadı ilə sərgi ziyarətçiləri və xarici şirkətlər tərəfindən maraqla qarşılanıb.
Sərgi çərçivəsində Azərbaycanın “A+Co” şirkətinin şərab və digər spirtli içkilərinin Norveçə, ”Göygöl şərab zavodu”nun məhsullarının ABŞ, Komboca və Çinə ixracına dair ilkin razılıqlar əldə edilib. Azərbaycanın “Aznar” və “Agro-Azerinvest” şirkətinin məhsullarının Braziliya, Ukrayna və Almaniyaya, “Tovuz Baltiya” şirkəti isə Yaponiya, İtaliya, Çin, Ruminiya, Komboca şirkətləri ilə məhsullarının ixracına dair danışıqlar aparıb.
Sabrina Eldarqızı
Telegram kanalımız