Mayın 14-də keçirilən və 3 saat davam edən tərəflərin növbəti Brüssel görüşü bir daha Azərbaycanın növbəti qələbəsi ilə yadda qalıb. Brüssel formatındakı sonuncu görüşün yekununda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh etməsi, habelə Qarabağ erməniləri ilə bağlı Azərbaycanın maraqlarını təmin edən fikirlər söyləməsi dövlətimizin Avropa İttifaqı da daxil olmaqla bir çox beynəlxalq təşkilatlarla yaratdığı əməkdaşlıqda söz sahibi olmasının göstəricisidir.
Elə bu səbəbdəndir ki, məlum görüşdən sonra bir sıra erməni KİV-ləri Baş nazir Nikol Paşinyanın yenə də İlham Əliyev fenomeni qarşısında aciz qaldığını etiraf etmək məcburiyyətində qalıblar. İllərdir ki, Brüssel formatından yayınan İrəvanın bu dəfəki görüşdə çıxış yolunun olmamasını qəbullanması ilə proseslərin Azərbaycanın xeyrinə getdiyinə dəlalət verir.
Yenisabah.az-la fikirlərini bölüşən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri İlyas Hüseynov da eyni rəyi bölüşərək söyləyib ki, mayın 14-də görüşün baş tutmasının özü mühüm bir hadisədir: pizza mizza
“Çünki Ermənistan illərdir ki, Brüssel formatını dağıtmaq istiqamətində fəaliyyət göstərib. Ermənistan tərəfindən Brüssel görüşü nəticəsində əldə olunan razılıqları yerinə yetirməmək məqsədi qarşı qoyulmuşdu.
Digər tərəfdən, ötən il Praqada keçirilən görüşdə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi tanıdı. Ardınca Rusiya bu barədə narahatlığını ifadə etdi və “Valday” Beynəlxalq Diskussiya Forumunda səslənən fikirlər, əlbəttə ki, regiondakı sülhlə bağlı müəyyən narahatlıqları da gücləndirdi. Eyni zamanda Fransa prezidenti Emmanuel Makron Ermənistanın Baş naziri Nikol Paşinyanla bərabər Brüssel formatında iştirak sürdü”.
Analitik xatırladıb ki, ötən ilin dekabrın 7-də Brüssel formatında görüş tutmalı idi, lakin Fransanın qərəzi münasibəti və ermənipərəst mövqeyi bu görüşün baş tutmasının üstündən xətt çəkdi:
“Ardınca Münhen Təhlükəsizlik Konfransında, eləcə ABŞ-ın vasitəçiliyi ilə XİN rəhbərləri ilə keçirilən görüşdə Brüssel formatının effektiv olması vurğulanıb. Cənab Prezident İlham Əliyev də Münhen Təhlükəsizlik Konfransında çıxış edəndə Brüssel formatının regional təhlükəsizliyə xidmət etdiyini diqqətə çəkdi”.
O, əlavə edib ki, Brüssel formatında ali səviyyədə keçirilən görüşlərdə maraqlarımıza xidmət edən bir sıra fikirlər səsləndi:

“O cümlədən biz bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında gördük. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan rəqəmlər ifadəsində ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd etdi və söylədi ki, Ermənistan 86.600 kv.km-lik ərazini tanıyır. Azərbaycan da qarşılığında Ermənistanın 29.800 kv.km-lik ərazini tanıyır”.
Politoloq diqqəti ona da yönəldib ki, burada artıq anklavlar məsələsinin də böyük ölçüdə həll olunduğunu müşahidə edirik:
“Eyni zamanda Zəngəzur dəhlizi kontekstində dəmiryolu istiqamətində böyük razılıqların əldə olunması da bildirilir. Bundan əlavə, Azərbaycan üçün mühüm məqamlardan biri də bundan ibarətdir ki, Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı hər hansı bir fikrə rast gəlmirik. Bu da zəmin üzərindəki reallıqların öz əksini tapdığı və böyük güc mərkəzlərinin bununla hesablaşdığını büruzə verir. Azərbaycan öz milli maraqlarını və milli əqidəsini, suveren hüquqlarını burada zəmin və diplomatik masa üzərinə yatırır”.
Müsahibimiz vurğulayıb ki, qarşıda may ayında XİN rəhbərləri səviyyəsində Moskva görüşü olacaq:

“Ardınca isə iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda Avropa Birliyinin növbəti sammitində ola bilsin ki, Cənubi Qafqaz ölkələrinin liderləri görüşsün. Burada Almaniya kansleri Olaf Şolzun və Fransa prezidenti Emmanuel Makronun iştirakı da nəzərdən keçirilir”.
Siyasi təhlilçi hesab edir ki, bu, qeyri-rəsmi bir görüşdür və biz bunu Brüssel formatının tərkib hissəsi, habelə tərəflər arasındakı sülh və təhlükəsizlik məsələlərin nizamlanması kimi qəbul etməməliyik:
“Əksinə, bu, Cənubi Qafqazda gedən proseslərə baxışı özündə əks etdirir. Ardınca isə Qranadada digər bir önəmli görüş keçiriləcək. Bu da Avropa Siyasi Birliyinin oktyabrdakı növbəti zirvə toplantısıdır və burada da regional sülh prosesləri diqqətə alınacaq. Qərb çox istəyir ki, bu kimi silsilə görüşlərlə regional sülhü möhkəmləndirsin və diplomatik raundlarda qalib olsun”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız