Sovet dövründə hərbi xidmət keçmiş atalarımızdan fərqli olaraq bizim deməyə sözümüz azdır. Biz nəinki generalın qızını, heç özünü də görməmişik. Başqalarını deyə bilmərəm, şəxsən mən yaxşı qidalanmadığım üçün qan azlığından hospitala düşmüşdüm. Şəxsi heyətin ayaq üstə güclə dayandığı hərbi hissədə komandirlərin nağara boyda qarnı vardl. Əsgərlərin ərzağını yeməkdən bordaqda bəslənən dana kimi şişmişdilər...
Mənimlə eyni dövrdə - uzaq 90-cı illərdə hərbi xidmət keçmiş adamların hamısı sözlərimi təsdiqləyər. O vaxt əsgərin bir əsir qədər də hörməti yox idi. Səfər Əbiyev 1995-ci ildə nazir təyin olunandan sonra ordunun təchizatı daha da pisləşdi. Bir qarın yemək üçün qapı-qapı düşən, acından ölməməkdən ötrü tanımadığı adamlara əl açan əsgər yoldaşlarımın sıra düzülüşündə komandirlər tərəfindən alçaldıldığının dəfələrlə şahidi olmuşam. İndi başa düşürəm ki, nazir olduğu 20 il ərzində 20 metr torpağı işğaldan azad etməyən Səfərbala Əbiyev əsgərin ərzağını satıb bu gün üçün pul yığırmış...
Düzdür, ölkə müharibədən yenicə çıxmışdı, büdcə boş idi. Amma bizim məşəqqətli əsgər həyatı keçirməyimizin tək səbəbi bu deyildi. Xalq müharibədəki məğlubiyyəti orduya bağışlaya bilmirdi. Dominos pizza
Birinci Qarabağ Müharibəsində erməninin qabağından qaçan bəzi yekəboyun zabitlər əsgəri döyüb öldürsələr də, çox vaxt cinayət işi açılmırdı. Başda Səfər Əbiyev olmaqla heç bir nazirin oğlu hərbi xidmət keçmədiyi üçün zavallı əsgərlərin hansı məşəqqətlərə qatlandığı heç kimin vecinə deyildi. Zaqatalada hərbi xidmətdə olarkən kənddə qoyun otaran çobanın əsgər yoldaşımızı çomaqla döydüyünü eşitmişdim. Hərdən mənə elə gəlirdi ki, cəmiyyət Qarabağdakı məğlubiyyətin qisasını özünün 18 yaşlı əsgər balalarından alır.
Bayram gününün ovqatına uyğun olmasa da yazacağam. Məzuniyyətdən qayıdanda rayon mərkəzindən 4-5 kilometr uzaqlıqda yerləşən hərbi hissəmizə avtobusla qayıtmaq istəyirdim. Mən avtobusa çatanda sürücü maşını yerindın tərpətdi. Davamını həmin avtobusda olan əsgər yoldaşım mənə danışıb:
'Qadınlardan biri qışqırdı ki, dayan, uşaq da minsin. Sürücü ona əhəmiyyət vermədi. Arvadın səs-küy saldığını görəndə isə dedi ki, bu əsgərlər pul verən zibil deyil".
Bu hadəsini isə mənə 44 günlük Vətən Müharibəsində iştirak etmiş əsgər qohumum danışıb: "Müharibə təzə başlayanda yerli əhali ilə sıx ünsiyyətimiz vardı. Tanımadığımız adamlar bizə öz ovladları kimi qayğı göstərirdilər. Qadınlar dolma, plov qazanlarını şala büküb gətirirdilər ki, yemək soyumasın. Saç-saqqalı ağarmış kişilər çəkmələrimizi öpüb gözlərinin üstünə qoyurdular".
Bilirsiniz, niyə?
Çünki o əsgər qalib əsgərdir!
O əsgər Qarabağı qaytaran əsgərdir!
Məğlub orduyla qalib ordunun fərqi budur.
Milli Ordumuz milli qürur yerimizdir.
Bayramın mübarək, Azərbaycan!
Seymur VERDİZADƏ
Telegram kanalımız