Bakı metropoliteni tarixində ilk dəfə hərəkət qatarlarının maşinistləri yeni qayda üzrə seçilir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “Thales” şirkətinin Bakı metropolitenində tətbiqi nəzərdə tutulan müasir sistemlərin təqdimatı çərçivəsində media nümayəndələrinə məlumat verilib.
Belə ki, 2018-ci ilin oktyabrında bu qayda ilə başlanmış ilk kursu uğurla başa vuran 12 nəfər sərnişin qatar maşinistləri sırasına daxil olub. Xüsusi qeyd olunmalıdır ki, metropoliten tarixində ilk dəfə gender bərabərliyi təmin edilərək, qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb. 10-dan artıq qadın müraciət etsə də, bütün seçim turlarını onların arasında yalnız bir qadın uğurla keçib. pizza
Hazırlıq kursunu da müvəffəqiyyətlə bitirən Günay Həbibli Bakı metropoliteni tarixinə ilk qadın maşinist kimi düşüb. O, təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərənlər cərgəsində olub. Günay Həbibli maşinist hazırlığı prosesinə qatılana qədər də "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçisi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra, özünə güvənərək, öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, bu təlimlərin gündəlik və iş gününə bərabər saatda davam etməsi səbəbilə iddiaçının, eyni zamanda, iki yerdə işləməsi və yaxud iki vəzifə tutması qeyri-mümkün idi. Bununla, "Bakı Metropoliteni" QSC həm də təlim-tədris prosesinin bütün iştirakçıları arasında bərabər tədris şəraiti yaratmışdı.
Qeyd edək ki, yaxın vaxtlarda kurslara yeni seçim başlanacaq. Fevral ayının 15-dək elektron qaydada müraciət edənlərin elanda qeyd edilmiş tələblərə uyğunluğu yoxlanılır və seçim turunun siyahısı tərtib olunur.
Telegram kanalımız