Bu tarixdə Bakıda yollar tam bağlanacaq? -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu tarixdə Bakıda yollar tam bağlanacaq? - AÇIQLAMA

Hadisə

05 May 2026 11:40 364


“Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı nəqliyyatın təşkili baxımından “yaşıl dəhliz” prinsipi tətbiq olunacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.

O bildirib ki, xüsusi ayrılmış marşrutlar üzrə fasiləsiz hərəkət təmin ediləcək, zəruri hallarda yol kəsişmələrində prioritet keçid veriləcək, iştirakçıların vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması təmin olunacaq: “Bu məqsədlə müvafiq tədbirlər görüləcək, həm yol hərəkətinin təşkili, həm də təhlükəsizlik tədbirləri paralel şəkildə həyata keçiriləcək. Eyni zamanda, tədbirin açılış günü, 18 may tarixində hərəkətin intensivliyi nəzərə alınaraq bəzi istiqamətlərdə müvəqqəti dəyişikliklər edilə bilər. Bu dəyişikliklər əsasən yüksək səviyyəli qonaqların və rəsmi nümayəndə heyətlərinin hərəkətini təmin etmək məqsədi daşıyır. Lakin ümumilikdə yolların tam bağlanması nəzərdə tutulmur, yalnız zəruri hallarda qismən istiqamət dəyişiklikləri tətbiq oluna bilər”.

Mərkəz rəisi vurğulayıb ki, WUF13 zamanı yollarda hər hansı məhdudiyyət, postların qurulması, rayonlardan, bölgələrdən paytaxta daxil olmaq istəyən sürücülərin buraxılmaması kimi hallar nəzərdə tutulmur. Onun sözlərinə görə, yalnız 18 may tarixində açılış günü bu hal ola bilər:

“Çox qısa müddətdə paytaxtın cənub hissəsindən, yəni "Lökbatan dairəsi" kimi tanıdığımız həmin ərazidən ola bilər ki, paytaxta gələn nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilsin, kənar dairəvi yola tərəf istiqamətləndirilsin. Yəni digər yerlərdən gələn nəqliyyat vasitələri üçün hər hansı məhdudiyyətin tətbiq olunması nəzərdə tutulmur. Bunun özü də, yəni məhdudiyyət demək deyil, hər hansı post qurulması, nəqliyyat vasitələrinin buraxılmaması kimi qiymətləndirilmir. Yalnız şəhərə həmin istiqamətdən deyil, digər istiqamətdən buraxılış olacaq. Ola bilər ki, tədbir günü zərurət olarsa, həmin istiqamətdə nəqliyyat vasitələri kənar dairəvi yol istiqamətinə yönləndirilsin”.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrdən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!