Bakının Vaşinqton qarşısında qoyduğu tələbin  PƏRDƏARXASI - DETALLAR

Bakının Vaşinqton qarşısında qoyduğu tələbin PƏRDƏARXASI - DETALLAR

Siyasət Veb saytların hazırlanması

28 Noyabr 2023 22:28 3246


“Təxminən, 10 gün öncə Konqresdə keçirilən dinləmələrdə ABŞ dövlət katibinin müavini Ceyms O‘Brayn Azərbaycanın əleyhinə olduqca qəbuledilməz bəyanatlar və müəyyən məqamlarla bağlı fikirlərini səsləndirmişdi”.

Bu sözləri Yenisabah.az-a açqılamasında politoloq Oqtay Qasımov deyib.

Analitik ABŞ-ın dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığı zamanı rəsmi Bakının Vaşinqton qarşısında qoyduğu tələbin pərdəarxası məqamlarına toxunub.

Xatırladaq ki, dövlət başçısı amerikalı rəsmi ilə söhbət zamanı Azərbaycan vətəndaşı olan bir sıra yüksəkrütbəli şəxslərin ABŞ tərəfindən qoyulan sanksiyalardan azad edilməsini tələb edib.

O. Qasımov əmindir ki, bunlardan da biri, Azərbaycanla münasibətlərin daha əvvəlki kimi olmaması və yüksəksəviyyəli səfərlərə məhdudiyyətin qoyulması ilə bağlı fikirlər idi ki, Azərbaycan da diplomatik qaydalarla buna qarşılıq verdi və eyni qadağaları Birləşmiş Ştatlara tətbiq etdi:

“Bu da çox doğru idi. ABŞ dünyanın supergücü olsa da, bu, o demək deyil ki, o, bütün dövlətlərin siyasətlərinə və daxili işlərinə müdaxilə etməlidir. Azərbaycan bütün bu nüansları nəzərə alıb. 44 günlük savaş, xüsusilə də son antiterror əməliyyatlarından sonra bölgədə ciddi şəkildə öz rolunu artırmış və geopolitik oyunçuya çevrilmiş Azərbaycan daha cəsarətli davranmaq imkanları qazanıb. Çünki 30 ildən artıq müddətdə Azərbaycanın daxilində separatçı bölgə, boz zona saxlamaqla ölkəmizə zor tətbiqetmə siyasəti sona çatdı. Çünki dövlətimiz ərazisinin hər bir qarışına tam şəkildə nəzarət edir ki, bu, bizim üçün fürsətdir”.

Siyasi təhlilçiyə görə, əslində, Bakı Vaşinqtona o mesajı verdi ki, bölgənin əsas açar dövləti olan Azərbaycanla təhdid dili ilə danışmaq ABŞ-ın özünün maraqlarına ciddi şəkildə zərər verir və bu siyasətin davam etməsi hər 2 tərəfin də xeyrinə deyil:

“Çünki Azərbaycanla münasibətlərin pozulması ABŞ-ın həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyadakı maraqlarına ciddi şəkildə zərər vurur. Bu baxımdan, Azərbaycan ABŞ ilə danışıqlarda bu nüansları nəzərə alır və çox doğru olaraq özünün haqlı və beynəlxalq hüquqa uyğun mövqeyini sərgiləməklə ABŞ-dan da eyni hörməti özünə qarşı tələb edir”.

Ekspert əlavə edib ki, bütün məsələlər qarşılıqlı hörmət və maraq prinsipini ortaya qoyur:

“Yəni, ABŞ bizə hər hansı qadağaları tətbiq etdisə, Azərbaycan da bunu cavabsız qoymadı və eyni addımı atdı. Dünənki telefon danışığı isə münasibətlərin yumşalmasına yönələn bir addım kimi qiymətləndirilə bilər. Bu danışıqlar zamanı Azərbaycanın rəsmi şəxslərinin səyahəti ilə bağlı qoyulmuş məhdudiyyətin ortadan qaldırılmasından sonra Entoni Blinkenin müavini olan Ceyms O‘Braynın Azərbaycana səfərə gəlməsinə icazə verilib”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!