Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərə yüksək tələbat səbəbindən satışa çıxarılan yerlər qısa müddətdə tükənir. Azərbaycan Dəmir Yolları (ADY) isə turizm şirkətləri üçün xüsusi kvotaların ayrılması və biletlərin kütləvi şəkildə alınaraq yenidən satılması ilə bağlı iddiaları təkzib edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlər həm ADY-nin rəsmi internet saytı və “ADY Mobile” tətbiqi, həm də dəmiryol kassaları vasitəsilə vahid sistem üzərindən satışa çıxarılır. 2024-cü ilin noyabrından tətbiq olunan dinamik qiymət siyasətinə əsasən, biletləri 25-30 gün əvvəl alan sərnişinlər daha sərfəli qiymətlərdən yararlana bilirlər. Toyuqlu pizza
Azər Fərəcov qeyd edib ki, hazırda biletlər 30 günlük dövr üçün satışa təqdim olunur və hər gün növbəti 30-cu günün biletləri sistemə əlavə edilir. Yüksək tələbat nəzərə alınaraq, yaxın günlərdə aktiv satış müddətinin 30 gündən 90 günə qədər artırılması planlaşdırılır.
ADY rəsmisi bildirib ki, sərnişin tələbatını qarşılamaq məqsədilə 11 iyundan etibarən Bakı–Tbilisi–Bakı qatarlarına əlavə vaqonlar qoşulub. Buna baxmayaraq, həm Azərbaycandan Gürcüstana, həm də Gürcüstandan Azərbaycana olan reyslər üzrə satışa çıxarılan biletlər qısa müddətdə satılıb.
Qurum nümayəndəsinin sözlərinə görə, ADY bu marşrut üzrə heç bir turizm şirkəti ilə əməkdaşlıq etmir və heç bir şirkətə xüsusi kvota ayrılmır. Bütün biletlər eyni vaxtda və eyni şərtlərlə satışa çıxarılır.
O vurğulayıb ki, bir sərnişin eyni reys üçün öz adına iki bilet ala bilməz. Əvvəllər bir nəfərin özü ilə birlikdə 8 sərnişin üçün bilet almasına icazə verildiyi halda, bu limit 4 nəfərə endirilib. Məqsəd daha çox sərnişin üçün bərabər imkan yaratmaqdır.
ADY rəsmisi sosial şəbəkələrdə yayılan bilet satışı elanlarının da araşdırıldığını bildirib. O qeyd edib ki, hər bir bilet satış zamanı konkret sərnişinin adına rəsmiləşdirilir və sonradan başqa şəxsin adına dəyişdirilməsi mümkün deyil. Bilet yalnız geri qaytarıla bilər və bu halda yenidən açıq satışa çıxarılır.
Azər Fərəcov qatarların tam dolu görünməməsi ilə bağlı iddialara da münasibət bildirib. Onun sözlərinə görə, sərnişinlərin hamısı səfərə Bakıdan başlamadığından qatarlar yola düşərkən bəzi yerlər boş görünə bilər. Qatarlar Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında da dayanır və sərnişinlərin bir hissəsi həmin məntəqələrdən qatara minir.
Məlumata görə, 25 may–22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6 136 nəfər, Yevlaxdan 909 nəfər, Gəncədən 1 345 nəfər, Ağstafadan isə 492 nəfər səfər edib. Əks istiqamətdə isə Tbilisidən Bakıya 5 592 nəfər, Gəncəyə 1 048 nəfər, Yevlaxa 1 522 nəfər, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib.
ADY-nin məlumatına əsasən, Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı ildən indiyədək ümumilikdə 20 minə yaxın bilet satılıb. Bu biletlərin təxminən 5 mini kassalar vasitəsilə əldə olunub.
Aytac Əliyeva
Telegram kanalımız