Xalq rəssamı, tanınmış rəssam Səttar Bəhlulzadənin tələbəsi Qəyyur Yunusun “Yeni Sabah”a müsahibəsi:
- Qəyyur bəy, yəqin ki, “eBay” onlayn satış platformasında türkiyəli bir qalereya sahibinin Səttar Bəhlulzadə və Mikayıl Abdullayevin orijinal əsərlərini satışa qoyması barəsi mediada gedən xəbərləri oxumusunuz...
- Bəli, o informasiyanı mən də internetdə oxudum. Əvvəla, kim o türkün müsahibələrinə baxsa, fikirləşəcək ki, harada, nə cür, hansı formada, neçənci ildə onlar tərəfindən alınıb, bu əsərlər necə onlara gedib çıxıb? İkincisi də o vaxtı neçəyə alıblar və kimdən alıblar? Deyirlər ki, guya sertifikatı var. Sertifikat nədir ki, bəyəm? Pulunu ver, get, sertifikatını al. Sertifikatla sənin işinin doğruluğu sübuta yetirilə bilməz. Marqarita pizza
- Orada Səttar Bəhlulzadənin 1200 əsərinin olduğu da iddia edilir...
- Səttar Bəhlulzadə dünyasını dəyişəndən sonra onun o sayda işləri qalmayıb. Bunun özü deyir ki, 1200 ədəd əsəri var. Əvvəla, orada göstərmir ki, bu 1200 əsərin neçəsi qrafika, neçəsi boyakarlıqdır? Mən bilirəm ki, rəhmətlik Səttar dünyasını dəyişəndə onun emalatxanasında o qədər əsəri qalmamışdı. Onun bacısı oğlu o vaxtı yığdı gətirib satdı onun işlərini.
Bakıda dövlət muzeylərində Səttar Bəhlulzadənin qoy olsun 20-25 ədəd boyakarlıq əsəri, ya yox. Əmircanda onun ev muzeyi var, bir dənə orijinal əsəri yoxdur, hamnısı kopyalardır. Bu qədər əsəri bu türk necə toplayıb, neçəyə alıb? Səttar Bəhlulzadənin bacısı oğlundan ucuz qiymətəmi alıb, bilinmir. O, utanmaz-utanmaz elə qiymətlər qoyur və deyir ki, mən Səttar Bəhlulzadənin işlərində ekspertəm. Utanmaz-utanmaz da deyir ki, qiymətləri mən təyin edirəm və 18 milyon dollar dəyər qoyub. Axı, sən kimsən ki, bu dəyəri verirsən? O bu əsərləri çox ucuza alıb. Birini alıb 500-1000 dollara. İndi o, hesab edir ki, Səttar Bəhlulzadənin işlərinin qiymətləri baha olar.
- Sizcə, onlar tanınmış rəssamlarımızın əsərlərini necə ələ keçiriblər?
- Ümumiyyətlə, bu qalereya sahiblərinin əksəriyyəti fırıldaqçıdırlar. Mən bunları görmüşəm. Onların arasında tək-tük insanlar var ki, təmiz, vicdanla işləyirlər. Sən bunu 5 manata almısan, üstündən 40 il keçib və sən indi istəyirsən ki, satasan 1 milyona?! Bu, düzgün deyil. Allah bunu qəbul etməz. Əgər sən Səttar Bəhlulzadəni dünyaya tanıtmaq istəyirsənsə, bunun vasitələri başqadır. Sən Səttar Bəhlulzadənin əsərlərinə 18 milyon verərsən?! O indi istəyir ki, bu əsərləri bizim dövlətə satsın. Guya bu, indi xeyir iş görür. Sonra belə bir informasiya da getdi ki, guya o deyib, mən əsərləri Azərbaycana verərəm, amma 5 min dollarım yoxdur ki, gətirim Naxçıvanla sərhədə, təhvil verim. Bu, necə axmaq fikirdir?! Sən hələ Səttar Bəhlulzadənin 1 dənə işini 100 minə satarsan. Görürsünüz, nə mənasız informasiyalar gedir?!
- Hazırda Səttar Bəhlulzadənin öz ev muzeyində original bir əsəri varmı?
- Hazırda onun orijinal əsəri yoxdur, hamısı kopyadır. Çünki bacısı oğlu orijinalları satdı. Sovet vaxtı aparırdı Odessaya, orada satırdı. Vəziyyət elə idi ki, Mikayıl Abdullayev belə öz əsərlərini heçə-puça satırdı. Daha sonra Böyükağa Mirzəzadənin əsərləri satıldı, o cümlədən Səttar Bəhlulzadənin əsərlərini bacısı oğlu başqalarına satdı. Onlar da bunu çox ucuz qiymətə aldılar. O əsərlər bu gün də Azərbaycana məxsusdur, amma utanmaz-utanmaz qiymət qoyublar ki, Azərbaycan bunu alsın. Əgər sənin Azərbaycan üçün belə ürəyin yanırsa, bir millət-iki dövlət deyirsinizsə, Səttar Bəhlulzadəni öz maliyyə vəsaiti ilə dünyaya tanıtdır. Özün də 18 milyon dollar qiymət qoyursan. Al, Səttar Bəhlulzadənin işini, ABŞ-da, Avropada tanıtdır.
- Lakin o Səttar Bəhlulzadənin əsərlərini tanıtdırdığını da vurğulayıb.
- Biz elə bilirik ki, Səttar Bəhlulzadəni guya bütün dünya tanıyır, xeyr, tanımır. Bir də deyirlər ki, guya Səttar Bəhlulzadənin hansısa əsəri 18 milyona Avropaya satılıb. Avropanın başı xarabdır, gicdir, nədir?! O baxır görür ki, Səttar Bəhlulzadə azərbaycanlıdır, kimdir, nəçidir və Bakıda onun əsərləri neçəyədir? Elə o, oturar təyyarəyə, gələr Bakıdan 100 min dollara alar. Gicdir ki, 18 milyonu ona versin?! 18 milyona Səttar Bəhlulzadənin əsərini satmaq üçün gərək, azı 5 il onun təbliğatıyla məşğul olsunlar.
Özü də bizə qarşı təkcə Qarabağ məsələsində yox, incəsənətdə də ikili standartlar var. Nəyə görə? Səbəb nədir? Çünki biz müsəlmanıq. Amma erməniyə və gürcüyə elə münasibət yoxdur, çünki xristiandırlar. Heç vaxt onlar Səttar Bəhlulzadəni Pikasso səviyyəsinə qaldırmazlar.
- Yadınıza salım ki, “eBay”də satılan əsərlər sırasında Mikayıl Abdullayevin də əsərləri var. O cümlədən Mədəniyyət və Turizm Nazirliyi də bu barədə açıqlama verməkdən boyun qaçırıb.
- Niyə boyun qaçırır?! Əgər həqiqəti deyə bilmirsə, deməli, özlərinin nöqsanı var. Necə bəyəm?! İctimaiyyət bunu bilməlidir. Bəyəm bunun təkcə Mədəniyyət Nazirliyinə aidiyyəti var?! Bu, bütün Azərbaycan xalqının mədəni irsidir. Həqiqəti demək lazımdır. Desinlər ki, bəli, xəbərimiz var, araşdırırıq. Araşdırın da. DTX araşdırsın, Mədəniyyət Nazirliyi də öz araşdırmasını aparsın ki, kimdir bu, nə vaxt alıb?
Rafi MÜSLÜMOV
Telegram kanalımız