Artıq 3 gündür ki, azərbaycanlı QHT nümayəndələri, jurnalistlər, aktivistlər Şuşa-Xankəndi yolunda etiraz aksiyası keçirir. Aksiya iştirakçıları sülhməramlı kontingentin komandanı Andrey Volkovun əraziyə gəlib hesab verməsini tələb edirlər.
Məlumata görə, paytaxt Bakıdan aksiyanın keçirildiyi əraziyə ictimai fəalların axını genişlənib.
Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə bağlı, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. Sezar pizza
Artıq azərbaycanlı sənət adamları da sözügedən aksiya barədə paylaşımlar edir, iştirakçılardan dəstəklərini əsirgəmirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Rasim Balayev də aksiyanı dəstəklədiyini bildirib:
“Bu barədə mən də öz dəstəyimi vermişəm. Belə biabırçılıq olmaz, bu nə deməkdir? Rus sülhməramlıları öz torpağımıza, öz yerimizə bizi buraxmırlar. Müharibə vaxtı üç ölkə - Azərbaycan, Ermənistan və Rusiya müqavilə bağladı. Müharibənin sonunda yekun bir qərara gəlindi. Müqavilə imzalanıbsa, onun şərtləri mütləq yerinə yetirilməlidir. Rus sülhməramlıları isə bu şərti pozur, ona görə Azərbaycan etirazında sona qədər haqlıdır. Biz bu işdə israrlıyıq və deyilən sözlər söz olaraq qalmamalıdır, həyata keçməlidir. Ermənilər bunu etmək istəmir, ruslarsa aranı qarışdırmaq istəyir. Rus sülhməramlılarının torpaqlarımızdan birdəfəlik çıxarılıb-çıxarılmaması barədə bir şey deyə bilmirəm, çünki politoloq deyiləm, desəm də bu mənim şəxsi fikirlərim olacaq. Bunu Prezidentimiz daha yaxşı bilir”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız