“Bəlkə də bizim ağlımıza gəlməyən...” -  Nə sərfəli ola bilər?

saytların hazırlanması

Evə çatdırılma

“Bəlkə də bizim ağlımıza gəlməyən...” -  Nə sərfəli ola bilər?

İqtisadiyyat

23 Aprel 2025 15:28 731


“Qeyri-neft sektorunun inkişafı üçün sərfəli investisiya sahələri” mövzusu ilə bağlı tanınmış iqtisadçı-ekspert Natiq Cəfərlinin Yenisabah.az-a müsahibəsi:

- Natiq bəy, neft istehsalı ilə ön planda olan və öz iqtisadiyyatını neft və qaz kimi sahələrin üzərində qurmuş ölkələrin bir çoxu qeyri-neft sektorunun inkişafına ciddi diqqət ayırır. Sizcə Azərbaycan iqtisadiyyatı üçün yaxın perspektivdə sərfəli və tez gəlir gətirəcək investisiya sahələr hansılar ola bilər?

- Bu məsələ uzun müddətdir ki, iqtisadçılar tərəfindən ciddi müzakirə olunur. Mənim yanaşmam bundan ibarətdir ki, Azərbaycan iqtisadiyyatında ilk növbədə biznesə sərf edəcək qaydalar yaradılmalıdır. Gömrük və vergi məsələsində yeni qanunvericilik aktları hazırlanmalı, investorlar üçün yaradılan şərait daha da genişləndirilməlidir.  Marqarita pizza

Daha sonra ortalığa özəl təşəbbüslər çıxacaq. Bəlkə də bizim ağlımıza gəlməyən sahələr yaranacaq ki, bizim vətəndaşlar sözün yaxşı mənasında işgüzardır. Onlar bəlkə də elə şeylərin istehsalına yönələcəklər ki, bəlkə də bizim ağlımıza gəlmir. Çünki Azərbaycanda ənənəvi olaraq, aqrar sektordan, turizmdən danışılır. İstehsal sahələri dedikdə isə, daha çox aqrar sənaye komplekslərindən danışılır. Bu özü də bir istiqamətdir. Amma yetərli deyil. 

Azərbaycanın torpaq potensialını və su problemlərini nəzərə alsaq, aqrar sektorda milyardlarla dollarlıq məhsul istehsal edib həm daxili, həm də xarici tələbatı ödəmək çətindir. Ölkə torpaqlarının 1/3-i şorandır. Bütün bunları nəzərə almaq lazımdır. Ona görə də, belə hazır reseptlərdənsə, mənim yanaşmam ondan ibarətdir ki, iqtisadi sahədə çox cəlbedici mühit yaranmalıdır. Ondan sonra insanlarımızın özü də müəyyən ideyalarla çıxış edə bilərlər. 

- Yeni biznes ideyalarının formalaşması üçün ölkənin investisiya mühitində hansı dəyişikliklərə ehtiyac var?

- Sizə bir örnək deyim. Bir azərbaycanlı Gürcüstanda bir şirkət qurub və Şotlandiyaya şotland musiqi alətləri satır. Təsəvvür edin, Şotlandiyanın milli musiqi alətlərini Gürcüstanda istehsal edib Şotlandiyaya satır. Bu kimin ağlına gələrdi? Belə ideyalar avtomatik yarana bilir. Ona görə də belə standart ştamplardansa, ümumi investisiya mühitini daha çox yaxşılaşdırmaq lazımdır ki, ortalığa müxtəlif ideyalar çıxa bilsin. 

Ənənəvi olaraq, yenə də aqrar sənaye kompleksləri, emal sənayesi, turizm kimi sahələri inkişaf etdirmək olar. Bundan başqa neft emalıdır ki, gələcəkdə bunun potensialı məncə daha böyük olacaq. Çünki biz xam nefti satmaq yerinə, artıq emal edib yüzlərlə adda məhsula çevirməyi öyrənməliyik. Amma elə sahələr də yarana bilər ki, Azərbaycanın orada heç adı hallanmır, lakin bir müddət sonra kifayət qədər keyfiyyəti məhsul ortalığa çıxarmaq olar. 

- Hazırda Ermənistan rəsmiləri ölkəyə xarici investorların cəlb edilməsi üçün dəridən-qabıqdan çıxır. Analoji addımları bir sıra post-sovet ölkələrində də müşahidə etmək olur. Bəs Azərbaycan xarici investorlar üçün sərəfli bazardırmı? 

- Azərbaycan bu baxımdan Ermənistandan daha üstündür. Birincisi bizim işçi qüvvəsi, əhali və daxili bazarımız böyükdür. Logistikamız da Ermənistandan qat-qat daha yaxşıdır. Ermənistan faktiki olaraq, coğrafi dalanda yerləşir. Bu baxımdan, Azərbaycanın Ermənistana nisbətən potensalı qat-qat çoxdur. 

Amma Azərbaycanda xarici investorlara münasibət dəyişməlidir. Biz elə bilirik ki, xarici investorlar özləri gəlib qapımızı döyüb xahiş etməlidir ki, gəlin iş görək. Elə deyil. Dünyada onlarla ölkə var ki, okeana birbaşa çıxışı, ucuz işçi qüvvəsi və daha yaxşı logistikası var. Xarici şirkətlər də harasa investisiya qoyan zaman bütün bu amilləri nəzərə alır. Biz o qədər yaxşı təkliflərlə çıxış etməliyik ki, məsələn, Asiya ölkələrini qabaqlaya bilək. Bu gün Özbəkistan bu sahədə çox ciddi irəliləyiş əldə edib. Hazırda çox böyük şirkətlər Özbəkistana yatırım eləyir. Çünki böyük əhalisi, ucuz işçi qüvvəsi və Çinə nəqliyyat yaxınlığı var. Yəni bizim investora münasibətimiz dəyişməlidir ki, investorun da Azərbaycana münasibəti dəyişsin.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!