“Bir evə görə bacı-qardaşının qırılmasına razıdır” - Qalmaqallı açıqlama

“Bir evə görə bacı-qardaşının qırılmasına razıdır” - Qalmaqallı açıqlama

Sosial

23 Noyabr 2022 15:37 1038


Son vaxtlar Azərbaycanda ailədaxili münaqişələrin sayı artıb. Əsasən, məişət problemlərindən qaynaqlanan söz-söhbət çox vaxt dava-dalaşla, qətllə bitir.

Qeyd edək ki, analoji motivlər üzərində baş verən daha bir cinayət hadisəsi ötən gün Gədəbəy rayonunda qeydə alınıb. Nəticədə kişi həyat yoldaşını bıçaqlayıb, oğul isə atasını qətlə yetirib. 

İnsanların öz doğmalarına qarşı xüsusi aqressiya nümayiş etdirməsi nə ilə bağlıdır?

Psixoloq Vüsalə Rüstəm Yenisabah.az-a açıqlamasında deyib ki, ailədaxili aqressiya ilə cəmiyyətdəki aqressiya arasında bağlılıq var:

“Aqressiyanı bir çox amillər - sosial problemlər, şəxsin psixi vəziyyətin dəyişməsi, münaqişələr, qohumluq əlaqələrinin sıradan çıxması və s. yaradır. Şəxsin sosial vəziyyəti ağırlaşdığı zaman mütləq evə gəldikdə ünsiyyət problemi, ailədaxili şiddət yaranır. Hətta deyərdim ki, aqressiyanın ailədə yaranmasının əsas səbəbindən biri zərərli vərdişlərdir. Çox zaman iradəcə zəif insanlar öz uğursuzluğunu, problemlərini unutmaq üçün sanki dərdlərini “keyidir”.

Psixoloqun sözlərinə görə, sosial bərabərsizlik də insanlarda aqressiya yaradır və onları mərhəmət hissindən uzaqlaşdırır:

“Müasir dövr həm də insanları siniflərə bölməklə də qohumluq əlaqələrini sıradan çıxarıb. Problem o qədər dərinləşib ki, miras qalmış adi bir evə görə insan bütün bacı-qardaşlarının qırılmasına razıdır. Genetik amillər, sosial fərqlilik (varlı bacı, qardaş) ünsiyyətin pozulması hətta cinayətlərə qədər aparıb çıxarır. Heç kimin sözü o birinin boğazından keçmir.

Haqlı olaraq çox insan deyə bilər ki, keçmiş dövrlərdə baba, nənələrimiz çoxuşaqlı ailələrdə olub.  Bəs onlar necə mehriban, həyat enerjisi yüksək insanlar olublar? İndi nə oldu axı? İnsanların bir-birinə olan hörmətinin itməsi və maddiyatın önə çıxması, çox sayda problemlərlə qarşılaşma insanı çox aqressiv edir. Hər kəs ətrafına baxır əsəb keçirir. Əgər hər kəs anlaya bilsə ki, mübarizə apardığı ev, maşın, pul hamısı bu dünyada qalacaq, bu vəziyyətə düşməz. Madiyyat insanın yaşaması üçün lazımdır, amma qardaşdan və bacıdan, dostdan yüksək və vacib deyil. İnsanın insana ehtiyacı var. Bir insan qızılla bəzənmiş evdə təkcə 2 gün yaşayıb sonra sıxılmağa başlayır. Əşya və kağız insan ürəyinin istiliyini verə bilməz”.

V.Rüstəm qeyd edib ki, aqressiyanın yox olması üçün ailə dəyərləri geri qayıtmalıdır:

“Cəmiyyətdəki aqressiyanın yox olması üçün ailə dəyərlərimiz geri qayıtmalıdır. Hər kəs anlamalıdır ki dəyərli olan insandır, madiyyat isə yaşamağa kömək edən vasitə. Az və çox olması sıxıntı yaratsa da aludəsi olmağın mənası yoxdur, dünya malıdır”. 

ƏSMƏTXANIM 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!