“Biz əfəndi nəsliyik...” - Ziya Məmmədovun qardaşından ilginc açıqlamalar

saytların hazırlanması

Evə çatdırılma

“Biz əfəndi nəsliyik...” - Ziya Məmmədovun qardaşından ilginc açıqlamalar

Siyasət

13 İyul 2019 08:23 1370


Prorektor Elton Məmmədov: “Allah məscidləri namazın sütunu adlandırıb, əlhəmdüllah, biz də ibadətimizi edirik, amma kimsəyə bəyan etməyə ehtiyac yoxdur”

Bu günlərdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun namaz qıldığı, Quran oxuduğu haqda informasiyalar yayılıb və o, özü də bunları təsdiqləyib.

"Yeni Sabah" xəbər verir ki, “Yeni Müsavat” keçmiş nazirin qardaşı, eks-deputat, hazırda Azərbaycan Texniki Universitetinin Strateji inkişaf üzrə prorektoru Elton Məmmədovun da mövqeyini öyrənib:

- Mətbuatı izləyirsiniz?

- Əlbəttə izləyirəm. Gündəlik olaraq dünyada və Azərbaycanda gedən proseslər diqqət mərkəzimdədir.

- Prezidentin son təyinatları, yanvardan başladığı yeni siyasi kurs barədə nə deyə bilərsiniz?

- Mən təyinatlara münasibət bildirmək istəmirəm. Çünki prezidentin səlahiyyətində olan məsələdir. Biz qərarları şərh edə bilmərik. Dövlət başçısının addımlarına, təyinatları hörmətlə yanaşırıq.

- Parlament seçkilərinə bir il qalıb, yenidən deputatlığa namizəd olmağı fikirləşirsinizmi?

- Bunu zaman göstərər. Mən indidən deyə bilmərəm ki, seçkidə iştirak edəcəyəm yoxsa etməyəcəyəm.

- Elton müəllim, Ziya Məmmədovun müsahibəsində sizin babanızın şeyx olması barədə söz açılmışdı. Bu həqiqətdirmi?

-  Əvvəla, mən tituluna, cəmiyyətdəki mövqeyinə, dövlətçiliyə xidmətinə görə hər bir insana yüksək qiymət verirəm. Gərək mətbuat bir insan haqda sağlam münasibət bildirsin. Ziya müəllimin ibadətlə məşğul olması haqda məlumat elə təqdim olunub ki, onu oxuyan sabah cəmiyyətə başqa cür ötürür. İlk növbədə təhqirə yol verilməməlidir. Azərbaycanda informasiya təhlükəsizliyi haqqında qanun var.

İbadət Allahın hər bir müsəlmana buyurduğudur. Biz sağlam cəmiyyət formalaşmasını istəyirik. Allah məscidləri namazın sütunu adlandırıb. Əlhəmdüllah, biz də müsəlmanıq, ibadətimizi edirik. Amma onu kimsəyə bəyan eləməyə ehtiyac görmürəm. Allahın buyurduğu qədər xalqımıza xidmət edirik. Bizim istəyimiz təhlükəsiz bir cəmiyyət olsun, ölkəmiz inkişaf eləsin, dəqiq elmin tərəfdarıyıq. Mətbuatın da bu məsələdə böyük rolu var.

- Amma babanızın şeyx olmasına aydınlıq gətirmədiniz...

- Bəli, biz əfəndi nəsliyik. Böyük dini ziyalılarımız olub. O insanlar islamın yayılmasının qadağan olunduğu sovet dövründə dini çatdırmaqla məşğul olublar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!