"Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini etdi. Azərbaycanın 30 illik işğal dövründə yaşadığı faciələrə baxmayaraq belə bir addımı atması humanizmin, eyni zamanda, bölgədə sülhün təmin edilməsi istəyinin göstəricisidir".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə sayca 5-ci görüş keçirildi. Bundan əvvəl Brüssel ilə yanaşı, Moskvada, Soçidə və Praqada da bu məqsədlə görüşlər keçirilmişdi. Soçi və Praqa görüşlərində Azərbaycan tərəfinin beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh təklifi dəstəklənmiş, tərəflər danışıqların davam etdirilməsinin zəruriliyini bildirmişdilər. Bu, razılaşma o deməkdir ki, tərəflər biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Təəssüflər olsun ki, Ermənistan bütün razılaşmalara, ən əsası 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda üzərinə düşən öhdəlikləri mütəmadi olaraq pozur, hərbi təxribatlar törətməklə açıq-aşkar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını, prosesin uzanmasına çalışdığını nümayiş etdirir. Dördpendirli pizza
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bir daha bildirdi ki, fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi.
Vüqar Rəhimzadə onu da bildirib ki, nəhayət Ermənistan tərəfindən pozulmuş Brüssel görüşlərinin bərpası yüksək dəyərləndirilir. Brüssel görüşündə sərhəd məsələlərində irəliləyiş və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası, humanitar və sair kimi məsələlər geniş müzakirə edildi. Dövlət başçısı İlham Əliyev iştirak etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxışları zamanı Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi məsələsinə diqqəti yönəldərək Azərbaycanın tolerant ölkə olduğunu, ölkəmizdə bütün xalqların, millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq şəraitində yaşadıqlarını, onların hüquqlarının yüksək səviyyədə qorunduğunu əsaslı şəkildə diqqətə çatdırır.
YAP Xətai rayon təşkilatının sədri onu da əlavə edib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüssel görüşü ilə bağlı səsləndirdiyi bəyanatda yer alan "İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir" kimi fikirlər Ermənistanı və ona havadarlıq edən dövlətləri ciddi düşündürməlidir.
Üçtərəfli görüşdə Brüsseldə belə danışıqların mümkün qədər tez-tez aparılması barədə razılığa gəlindi. Qərara alındı ki, liderlər növbəti dəfə Brüsseldə bu ilin iyul ayında görüşsünlər. Həmçinin yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda baş tutacaq 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşün keçirilməsi nəzərdə tutulur
Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, Ermənistan - Azərbaycan münasibətlərinin normallaşdırılmasına xidmət edən hər bir görüş hədəfə doğru atılan mühüm addımdır. Bu baxımdan Brüssel görüşü Azərbaycanın diplomatik uğurlarının davamı kimi dəyərləndirilməlidir. Ermənistanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ən azı 86,6 min kvadratkilometr ərazisini rəsmən və açıq şəkildə tanıdığını bəyan etməsi, müzakirələrdə Zəngəzur dəhlizinin, xüsusilə də dəhlizin dəmir yolu hissəsinin açılması məsələsində irəliləyişin əldə olunması və sair kimi mühüm məqamlar beynəlxalq hüququn norma və prinsiplərinin prioritetliyini bir daha təsdiqləyir.
Telegram kanalımız