“Bu, ABŞ-nin ikiüzlülüyünün təsdiqidir” - Vüqar Rəhimzadə

“Bu, ABŞ-nin ikiüzlülüyünün təsdiqidir” - Vüqar Rəhimzadə

Siyasət Veb saytların hazırlanması

29 Noyabr 2023 00:56 548


Azərbaycan dönə-dönə ən yüksək tribunalardan dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri, faciələri əsaslı şəkildə bəyan edir. Bu fakt inkaredilməzdir ki, artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasında əksər dünya güclərinin ikili mövqe nümayiş etdirmələri böyük rol oynadı. Bunun üçün münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan, bu gün artıq tarixin arxivinə göndərilən ATƏT-in Minsk qrupunun həmsədrlərinin 27 il BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qalmasına yönələn addımlarını yada salmaq kifayətdir. 

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan tarixi Zəfəri ilə regionda yeni reallıqlar yaratdı. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. 

Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngində də bu məqamlara xüsusi diqqət yönəldildi. Belə ki, dövlət başçısı İlham Əliyev qeyd etdi ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğu, həqiqəti əks etdirmədiyi və Azərbaycan tərəfindən rədd edildiyi bildirildi. Prezident İlham Əliyev Azərbaycanın mövqeyini tam açıqlığı ilə diqqətə çatdırdı. ABŞ öz mövqeyindən geri çəkildi və bir daha təsdiq olundu ki, heç bir qüvvə Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz. Azərbaycan siyasətində müstəqildir,  prinsipialdır, mövqeyi dəyişməzdir və  bu mövqeyi sona kimi müdafiə etməkdə israrlıdır. Blinkenin yanaşması da göstərir ki, həm Konqres, həm də Dövlət Departamentinin nümayəndələri yanlış mövqedə olublar.

YAP Xətai rayon təşkilatının sədri  Azərbaycan Xarici İşlər Nazirliyinin Konqresdə dinləmələrlə bağlı bəyanatında yer alan bu məqamlara bir daha diqqəti yönlədib ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququ olduğunu bir daha vurğulayır. ABŞ tərəfinin Azərbaycana münasibətdə Birləşmiş Ştatların təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. 

Vüqar Rəhimzadə  ABŞ-ın ikiüzlülüyünün göstəricilərindən biri kimi Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlikin fikirlərini də diqqətə çatdırıb. AKP-nin sözcüsü bildirib ki, ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb etmişdir. Göründüyü kimi, ABŞ öz müttəfiqləri ilə təzyiq dilində danışır, onları təhdid edir. Əksər dünya güclərinin zaman-zaman atdıqları addımlar, maraqları ucbatından ədalətin və beynəlxalq hüququn yoxluğu barədə yaratdıqları fikirlər “Siyasətdə əbədi dost yox, maraqlar olur” tezisinin mövcudluğunu bir daha təsdiqləyir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, F-16, F-35-lərin Türkiyəyə verilməməsinin əsl səbəbləri bəllidir. ABŞ bunun üçün çoxsaylı bəhanələr ortaya atıb Türkiyəyə təzyiq göstərməyə çalışır. Azərbaycana yardım məsələsi də bu bəhanələrdən biridir. Reallıq budur ki, Türkiyə bu gün dünya çapında söz sahibinə, bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantına çevrilmişdir. Türkiyənin güclü sənayesi həm qardaş ölkənin, həm də Türkiyənin müttəfiqlərini gücləndirir. Türkiyə Ordusu bu gün dünya çapında ən öndə olan orduların sırasındadır. Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir. Dövlət başçısı İlham Əliyev bugünkü Türkiyəni belə təqdim edir: “Kızılelma” havada, “Altay” və “Togg” quruda, “Anadolu” dənizdə. Yaxın gələcəkdə “Kızılelma” Azərbaycanın səmasında da olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!