“Kaspersky Laboratoriyası”nın məlumatına görə, 2019-cu ildə dünyada şifrələrin oğurlanması proqramları tərəfindən hücuma məruz qalan istifadəçilərin sayı xeyli – 72 faiz artıb.
Şirkətin məhsulları Azərbaycanda oxşar hücumları ümumilikdə 3700 istifadəçinin cihazlarında dəf edib. Şirkət bildirir ki, Azərbaycanda “fişinq” hücumları aktualdır. Bu zaman hücum edənlər bir qayda olaraq, şəxsi və ödəniş məlumatlarını əldə etməyə çalışır, lakin biznes strukturlarına bu cür hücumlar nadir deyil. Şirkətləri bu cür hücumlardan dünyada inkişaf etmiş kibersığorta praktikası qoruya bilər. Bu bazar Azərbaycanda demək olar ki, inkişaf etməyib.
Bu yeni sığorta praktikasının mexanizmləri nələrdir? Azərbaycanda bundan yararlanan varmı? Beynəlxalq təcrübədə bununla bağlı vəziyyət necədir? Hansı nümunələr var? Bizdə kibersığorta sahəsində qanunvericilik tənzimlənməsinə ehtiyac varmı? pizza sifarişi
Bu suallarımızı cavablandırması üçün sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanlı ilə əlaqə saxladıq. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, ölkəmizdə bütövlükdə kibersığorta istifadəsi yoxdur, yalnız bu sığortanın ayrı-ayrı hissələrindən istifadə olunur.
“Kibersığorta deyilən sığorta növü var. Bundan müxtəlif banklar, müxtəlif data və ya informasiya mərkəzləri və s. istifadə edə bilər. Bunların məlumatlarının “hack” edilməsi, oğurlanması, müəyyən məlumatların sındırılması, bankların hesablarının dağıdılması istərsə, texnologiyaya dəyən ziyan, istərsə də məlumatların oğurlanması və onların üçüncü şəxslərə sızdırılması və s. bütün bunların hamısı həmin kibersığortanın təminatına daxildir.
Hazırda Azərbaycanda sırf kibersığortadan yararlanan demək olar ki, yoxdur. Amma bəzi mobil operatorlar, bəzi banklarda həmin kibersığortaya daxil olan ayrı-ayrı risklərin sığortalanması praktikası var. Tutaq ki, kibersığorta daha geniş məfhumdur, onun içərisindəki məhz məlumatların oğurlanması riski əlavə oluna bilər və yaxud başqa şəxslər tərəfindən hesabların sındırılmas ayrıca risk qrupu kimi buraya daxil olur.
Xaricdə demək olar ki, bütün banklar, data mərkəzlərin, aviaşirkətləri və mobil operatorlar da kibersığortadan istifadə edirlər”.
Ekspert Azərbaycanda bu sığorta növünün tətbiq olunacağı halda qanunvericliklə tənzimlənməsi məsələsinin də vacibliyini vurğulayıb:
“Mütləq sığortanın tənzimlənməsi üçün qanunvericiliyə ehtiyac var. Bu sahədə çox ciddi boşluqlar var. Bizim informasiya təhlükəsizliyi sahəsindəki qanunlarımız hələ də dünya praktikasına və dünya təcrübəsinin tələblərinə cavab vermir. Hətta bir çoxu köhnəlib. İstər fərdi məlumatlar, istərsə də informasiya təhlükəsizliyi barəsində yenilənməyə ehtiyac var. Bu məsələlərə yenidən baxılmalıdır”.
Sabrina Eldarqızı
Telegram kanalımız