Bu tədbirlər Azərbaycan həqiqətlərinin təbliği üçün mühüm platformadır

Bu tədbirlər Azərbaycan həqiqətlərinin təbliği üçün mühüm platformadır

Siyasət Veb saytların hazırlanması

06 Dekabr 2023 22:10 434


Bu gün Azərbaycan iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin  yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında  bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, qeyd edilən istiqamətlərdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Bunun müşahidə etmək üçün təkcə son iki ildə Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfransların say tərkibinə diqqət yetirmək kifayətdir. ADA Universitetində müxtəlif mövzularda beynəlxalq forumların və konfransların keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlərdə iştirak edən dövlət başçısı İlham Əliyev istər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqları barədə iştirakçılara əsaslı şəkildə məlumatları çatdırmaqla informasiya cəbhəsində üstünlüyümüzə yeni əlavələr edir. 

Dekabrın 6-da  ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum da bu baxımdan xüsusi diqqət çəkir. Forumda dünyanın 30 ölkəsindən  60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloqlar iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olundu, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Forumun mövzusu özündə bütün çağırışları ehtiva edir. Dövlət başçısı İlham Əliyev Forumda 30 il düşmən tapdağı altında qalan torpaqlarımızda son üç ildə aparılan bərpa-quruculuq işlərindən danışaraq qeyd etdi ki, keçmiş məcburi köçkünlərə maksimal həyat şəraitini yaratmaq üçün əlimizdən gələni etməyə çalışırıq. 

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev tarixi Zəfərimizdən sonra Azərbaycanın Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini təklif etməsindən, iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmasının vacibliyindən bəhs edərək bu reallığı da forum iştirakçılarının diqqətinə çatdırdı ki, otuz ildən artıq davam edən işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq.  Sülh müqaviləsinin prinsipləri tərtib edilib  Ermənistana göndərildi, lakin yenə də sükut oldu. Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin, artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinin əsl mahiyyətinin öyrənilməsi üçün zəngin mənbədir. Prezident İlham Əliyev bütün platformalardan bəzi dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən, onlar tərəfindən ədalətin və beynəlxalq hüququn “unudulmasından” danışır və mesajlarını çatdırır. 

Vüqar Rəhimzadə belə bir ümumiləşdirmə aparıb ki, günümüzün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Bunun üçün Azərbaycanın bu təklifini dəstəkləyən Ermənistan, həmçinin digər ölkələr  bəyanatlardan real addımlara keçməlidirlər. Dövlət başçısı İlham Əliyev Forumda belə bir çağırışı da etdi ki, biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!